“Hamr” kəlməsi bizim dilə tərcümələrdə “şərab”, “içki” kimi tərcümə edilir. “Hamr” örtmək mənasını verən feldən törəmiş bir isim olub “örtən” anlamında işlədilir. Hətta Quranda qadınların örtünməsi üçün eyni feldən törəyən isim olan “humur” kəlməsi istifadə edilir (Nur 31). Ağlı örtən, beyni dumanlandıran, huşlandıran, sərxoş edən hər şeyə “hamr” deyilir. Quran vəhy edilən dönəmdə Ərəblərin əsas içkisi şərab olduğu üçün “hamr” şərab kimi istifadə edilmişdir.
Narkotik, heroin, marixuana, siqaret, nargilə, şərab, içki, pivə, konyak və s. bütün sərxoşedici maddələri özündə əks etdirən bir sözü sadəcə içki, şərab kimi tərcümə etmək böyük səhvdir. Ona görə də bu yanlış anlaşılmanı aradan qaldırmaq üçün bəzən şərab yerinə içki kimi tərcümə edilir. Ancaq yenə də məna tam əhatə edilmir. Doğru tərcümə belə olmalıdır:
Ey iman gətirənlər, bütün huşlandıran maddələr də, qumar da, bütlər də, fal oxları da şeytan əməlindən olan murdar bir şeydir. Bunlardan çəkinin ki, bəlkə, nicat tapasınız. (Maidə surəsi, 90)

