Hissləri yaşayan kimdir?

Əgər həyatımıza aid bütün hisslərin beynimizdə əmələ gəlirsə, o zaman bütün bu hissləri

Əgər həyatımıza aid bütün hisslərin beynimizdə əmələ gəlirsə, o zaman bütün bu hissləri yaşayan kimdir?

Məlumdur ki, gözümüzdəki hüceyrələrdən gələn elektrik siqnalları beynimizdə görüntüyə çevrilir. Məsələn, beyin görmə mərkəzinə gələn bəzi elektrik siqnallarını günəbaxan tarlası kimi şərh edir. Elə isə görən göz deyil. Əgər görən gözlərimiz deyilsə, elə isə beynin arxa hissəsində, qapqaranlıq yerdə gözə, tor qişaya, göz bülluruna, göz sinirlərinə, göz bəbəyinə ehtiyacı olmadan elektrik siqnallarını rəngarəng günəbaxan tarlası kimi görən, gördüyü bu mənzərədən zövq alan kimdir?

Heç bir səsin girə bilmədiyi beyində qulağa ehtiyacı olmadan elektrik siqnallarını ən yaxın dostunun səsi kimi eşidən, bu səsi eşitdikdə sevinən, eşitmədikdə onun üçün darıxan kimdir?

Beynin içində bir ələ, barmaqlara, əzələlərə ehtiyacı olmadan pişiyinin tüklərini oxşadığını hiss edən kimdir?

İsti, soyuq, qatılıq, forma, dərinlik, uzaqlıq kimi toxunma duyğularını əslinin eynisi ilə beyində kim yaşayır?

Heç bir qoxunun girə bilmədiyi beynin içində limon, lavanda, gül, yemiş, qarpız, portağal, kabab qoxusunu eynisi ilə qoxulayan və kababın qoxusunu duyduqda iştahaya gələn kimdir?

Beynin içində əmələ gələn bu görüntüləri bir televizor ekranındakı kimi seyr edən, seyr etdiklərindən sevinən, kədərlənən, həyəcanlanan, razı qalan, təşvişə düşən, maraqlanan kimdir?

Bütün gördüklərini və hiss etdiklərini şərh edən şüur kimə aiddir?

Həyatı boyu qapqaranıq, səssiz beyin kəlləsinin içində ona göstərilən görüntüləri seyr edən, düşünən, nəticə çıxaran, qərar verən şüur sahibi varlıq kimdir?

Bütün bunları qavrayan, şüuru meydana gətirən varlığın şüursuz atomların əmələ gətirdiyi su, yağ, zülal kimi maddələrdən ibarət olan beyin olmadığı aydındır. Beynin fövqündə çox daha fərqli bir varlıq olmalıdır.

Maddədən başqa varlığı qəbul etməyən materialistlərin izah edə bilmədikləri əsl müəmma elə budur. Görən, gördüyünü qavrayan və reaksiya verən “içəridəki göz” kimə aiddir?

Bir çox insan bu mövzunu düşünərək həqiqətə lap yaxınlaşdığı halda “görən kimdir?” sualına cavab axtarmağı tərəddüd edir. Mənliyimizi meydana gətirən varlığa bəziləri “kiçik insan”, bəziləri “maşının içindəki xəyal”, bəziləri “beyni idarə edən varlıq”, bəziləri isə “içəridəki göz” ifadəsindən istifadə edirlər. Bütün bu ifadələrdən beynin fövqündə şüur sahibi olan varlığı izah etmək və onu dərk etmək üçün istifadə edilmişdir. Ancaq bu insanlar materialist fikirlərinə görə, əslində görənin, eşidənin kim olduğunu dilə gətirə bilməmişlər.

Bu həqiqətin cavabını bizə verən yeganə mənbə dindir. Allah Quranda insanın əvvəl bədənini yaratdığını, sonra da ona “ruhundan üfürdüyünü” bildirmişdir.

Bir zaman Rəbbin mələklərə demişdi: “Mən uzun müddət qalan (rəngi və qoxusu dəyişmiş) quru palçıqdan bir bəşər yaradacağam. Mən ona surət verib ruhumdan üfürdüyüm zaman siz dərhal ona səcdə edin (təzim göstərin)!” (Hicr surəsi, 28-29)

Sonra onu müəyyən bir surətə saldı və ona Öz ruhundan üfürdü. O sizin üçün gözlər, qulaqlar və qəlb yaratdı. Nə qədər də az şükür edirsiniz! (Səcdə surəsi, 9)

Yəni insanın bədənindən başqa varlığı da var. Beyninin içindəki görüntünü “görürəm” deyən, beyninin içində eşitdiyi səsləri “eşidirəm” deyən, öz varlığının dərk edən və “mən mənəm” deyən bu varlıq Allahın insana verdiyi ruhdur.

Ağıl və vicdan sahibi olan hər insan həyatı boyu yaşadığı hər hadisəni beyninin içindəki ekranda seyr edən varlığın ruhu olduğunu dərhal başa düşəcəkdir. Hər insan gözə ehtiyacı olmadan görə bilən, qulağa ehtiyacı olmadan eşidə bilən, beyinə ehtiyacı olmadan düşünə bilən ruha malikdir.

Tək mütləq varlığın maddə olduğunu iddia edən, insan şüurunun da yalnız beynindəki kimyəvi proseslərin nəticəsi olduğunu zənn edən materialist düşüncə isə bu mövzuda çıxılmaz vəziyyətə düşmüşdür. Bunu görmək üçün hər hansı materialistə bu sualları verə bilərsiniz:

– Görüntü beynimizdə əmələ gəlir, ancaq bu görüntünü beynimizdə kim seyr edir?

Bu və buna bənzər sualları materialistlərə verdikdə heç bir cavab ala bilməzsiniz. Çünki bu sualların tək cavabı Allahın insana verdiyi ruhdur. Materialistlər isə maddədən başqa heç bir varlığı qəbul etmirlər. Elə buna görə, Allahın varlığını inkar edən materialist düşüncəyə ən böyük zərbə vuran, materialistlərin düşünməkdən və haqqında danışmaqdan ən çox çəkindikləri mövzulardan biri budur.