qarşılığı nədir?
İnsanlardan bəziləri bütün ömürləri boyu mal və pul toplayıb yığırlar və bunları Quranda təsvir edilən xeyirli işlərdə istifadə etmirlər. Böyük bir hərisliklə daim daha çox mal-mülk əldə etməyə çalışırlar. Əldə etdiklərini isə Allah yolunda xərcləmək, ehtiyac içində olanlara kömək etmək əvəzinə yalnız öz istəkləri üçün istifadə edirlər. Ehtiyaclarından qat-qat artıq yığır, göstərmək xatirinə edilən bəzi kiçik xərcləmələrdən başqa bu imkanları faydalı işlərə sərf etməkdən çəkinirlər. Məhz belə insanların axirətdə görəcəkləri qarşılıq isə çox şiddətli olacaqdır. Bu qarşılıq Tövbə surəsində belə bildirilir:
… Qızıl və gümüş yığıb onu Allah yolunda xərcləməyən kimsələri acı bir əzabla müjdələ! (Bu qızıl və gümüşlər) cəhənnəm odunda qızdırılıb bunlarla alınları, böyürləri və belləri dağlanacağı gün (onlara belə deyilər:) “Bu, özünüz üçün yığdığınız şeylərdir. Ona görə də yığdıqlarınızı (yığdıqlarınıza görə verilən əzabı) dadın!” (Tövbə surəsi, 34-35)
Malını yığıb saxlayan və xəsislik edən insanlar Allahın bu dünya həyatında onlara verdiyi mal və sərvətin bir sınaq olduğunu dərk etməyən, buna görə də dünyaya hərisliklə bağlanan insanlardır. Halbuki Allah heç kimin infaqına möhtac deyil və bütün zənginliyin yeganə sahibidir. İnfaq edərək Allah Qatından savab qazanmağa ehtiyacı olan isə insandır. Allah bu həqiqəti başqa bir ayədə belə açıqlayır:
Budur, siz Allah yolunda infaq etməyə dəvət olunursunuz. Ancaq içinizdə xəsislik edənlər var. Kim xəsislik edərsə, ancaq öz əleyhinə xəsislik etmiş olar. Allah zəngindir, siz isə yoxsulsunuz. Əgər (haqdan) üz döndərsəniz, O sizin yerinizə başqalarını gətirər. Onlar isə sizin kimi olmazlar. (Məhəmməd surəsi, 38)

