Uca Rəbbimiz qullarının Ona ən dərin sevgi, bağlılıq və eşqlə yönəlməsini sevir və istəyir. Kainatın yaradılışında da sevgi, məhəbbət, eşq və şövq kimi duyğuların xüsusi yeri vardır. Bu isə sözlə ifadə edilməsi mümkün olmayan bir sevinc, həyəcan və coşqu mənbəyidir. Allahın hər şeyi əhatə etdiyini bilərək bir quşa, bir çiçəyə, dənizə, aya, səmaya, həyat yoldaşına, sevdiyi insana və ya övladlarına baxan insan onların hər birində Allahın təcəllisini görər. Hər dəfə bu gözəlliklərlə qarşılaşdıqda isə onlara yenidən heyran qalar, yenidən aşiq olar.
Allahın yaratma sənətini və nemətlərini bu qədər dərin eşq və şövqlə hiss edən insan üçün ən böyük nemət isə bütün bu gözəllikləri sonsuz incəlik, sənət və ustalıqla yaradan Allahın varlığına, sevgisinə, qayğısına, cömərdliyinə və gözəlliyinə duyduğu heyranlıqdır. Üstəlik, bu şövq bir dəfə yaşanıb bitən bir duyğu deyil. Həqiqi eşq və şövq insanın Allahın əzəmətini daha yaxşı dərk etməsi və kainatdakı gözəllikləri Onun təcəlliləri kimi görə bilməsi ilə getdikcə daha da dərinləşir. Allaha olan sevgi, hörmət və bağlılıq artdıqca, insanın mənəvi aləmində ilahi eşq və şövq daha da güclü hiss olunur. Bu yaxınlıqdan alınan mənəvi həzz isə insanın imanına, ağlına və Allahı tanıma dərəcəsinə görə fərqlənir.
Cənnət sevginin, məhəbbətin və mənəvi rahatlığın ən kamil şəkildə təcəlli edəcəyi məkandır. Lakin hər bir insan bu nemətlərdən öz imanının, idrakının, ağlının və mənəvi kamilliyinin səviyyəsinə uyğun şəkildə faydalanacaqdır. Buna görə də peyğəmbərlərin və Allaha yaxın olan saleh bəndələrin duyacaqları mənəvi ləzzət, eşq və sevinc digər insanlarla müqayisədə qat-qat üstün olacaqdır. Elə buna görə də insanın dünya həyatındakı əsas sınaqlarından biri bu duyğuları düzgün şəkildə öyrənmək, inkişaf etdirmək və kamilləşdirməkdir.
