Hər insanın həyatında çətin və sıxıntılı anlar vardır. Quran əxlaqından uzaq yaşayan insanların çoxu bu çətin anları narahatlıq, kədər və sıxıntı duyğuları ilə keçirirlər. Dünya həyatında sınaqdan keçirildiklərini düşünmədikləri, Allaha və Onun yaratdığı talenin qüsursuzluğuna iman etmədikləri üçün, qarşılaşdıqları hadisələri, çəkdikləri çətinlikləri təsadüfən meydana gələn hadisələr olaraq görürlər. Bu isə daha çox əzab çəkmələrinə səbəb olur.
İman etmədikləri üçün onsuz da, dünyada keçirdikləri hər an onların əleyhinə işləyir. Möminlər isə, Allahın dünya həyatında onlar üçün yaratdığı çətinliklərin imtahan olduğunu bilirlər. Bu sınaqların, saleh müsəlmanlarla “qəlbində xəstəlik olan” və səmimi olaraq iman etməyən insanların ayırd edilməsi üçün xüsusi olaraq yaradıldığını anlayırlar. Çünki Allah müsəlmanları dünya həyatında müxtəlif formalarda sınayacağını və doğru olanlarla olmayanları bir-birindən ayırd edəcəyini Quranda belə söz edib:
Yoxsa Allah sizdən cihad edənləri və (çətinliklərə) səbir edənləri bilib ayırd etmədən cənnətə girəcəyinizimi zənn edirsiniz?! (Ali İmran surəsi, 142)
Allah pisi yaxşıdan ayırana qədər, möminləri, (indi) olduğunuz vəziyyətdə qoyası deyil… (Ali İmran surəsi, 179)
Bu mövzu ilə əlaqədar olaraq Quranda, Peyğəmbərimiz dövründə baş verən bir hadisə nümunə verilib:
İki ordunun üz-üzə gəldiyi gün sizin başınıza gələn fəlakət də yalnız Allahın izni ilə oldu ki, möminləri ayırd etsin və münafiqləri bəlli etsin. (Ali İmran surəsi, 166-167)
Ayələrdə də bildirildiyi kimi Peyğəmbərimiz dövründə müsəlmanlar sıxıntılı mübarizə ilə sınaqdan keçiriliblər. Ancaq bu hadisələr də, Allahın icazəsi ilə baş vermiş və möminlərə zərər verməyə çalışan münafiqlərin ortaya çıxmasına vəsilə olmuşlar. Yəni nəticə olaraq, möminlər üçün “həmişə olduğu kimi” xeyirə dönmüşdür.
Möminlər hər şeyin Allahın təqdir etdiyi tale üzrə baş verdiyini bildikləri üçün pis kimi görünən bir hadisəni və ya sıxıntı anını, səmimiyyətlərini, Allaha olan bağlılıqlarını və təvəkküllərini göstərmək üçün gözəl fürsət olaraq qiymətləndirirlər. Dünyada həm çətinliklərlə, həm də nemətlərlə sınandıqlarını heç vaxt unutmazlar.
Bu gözəl əxlaqın və təslimiyyətin nəticəsi olaraq Allah pis kimi görünən hadisələri və çətinlikləri saleh bəndələrinin lehinə çevirir. Çünki Rəhman və Rəhim olan Allah iman sahibi bəndələrini hidayət yoluna çatdırmaq, cənnətinə qəbul etmək və sonsuz nemətlərlə mükafatlandırmaq istəyir. Buna görə də, bu çətinliklər möminlər üçün çox qiymətli, diqqətlə qiymətləndirilməli əhəmiyyətli zamanlardır.
Quran əxlaqının yaşanmadığı cəmiyyətdə səhv etməkdən çox çəkinirlər. Çünki səhv edən adam cəmiyyətin gözündən düşər və ümumiyyətlə onunla lağ edilər və ya əhəmiyyətli gördüyü bəzi fürsətləri qaçıra bilər. Buna görə cahiliyyə fərdləri arasında səhv etmək sanki qorxulu yuxu halına gəlmişdir. Halbuki Quran əxlaqında vəziyyət olduqca fərqlidir. Bir müsəlman səhvin də Allahdan böyük xeyir və hikmətlərlə yaradıldığını, Rəhman olan Allahın bir lütfü olduğunu anlayar.
Müsəlmanlar insanların etdikləri səhvlərə görə qiymətləndirməzlər. Səhvin taledə olduğunu, möminin səhvindən dolayı peşmanlıq hiss edib düzəltmək istəyəcəyini bilər, ona qarşı şəfqət və mərhəmət duyarlar. Bununla birlikdə mömin səhvə yol verdiyində səmimi olaraq düşünüb səhvini anlayar; Allah qorxusu və vicdanı onu dərhal hərəkətə keçirər. Səhvini düzəltmək üçün çalışar. Sonsuz mərhəmət sahibi olan Allaha dua və tövbə edər.
Möminin səhv etdiyində duyduğu peşmanlıq da yenə onun üçün xeyirlidir. Çünki bu, cahiliyyənin yaşadığı sıxıntılı peşmanlıq deyil, bir daha eyni səhvi təkrarlamamağa çalışmaqdır. Bu vəziyyətdə möminin göstərdiyi təslimiyyət, təvəkkül və bütün hadisələrin taledə olduğunu bilərək hərəkət etməsi çox əhəmiyyətlidir. Beləcə Allaha olan yaxınlığı daha çox artar.
Bəqərə surəsinin 216-cı ayəsində Allah, “şər” olaraq görünən bəzi şeylərin insanlar üçün xeyir gətirə biləcəyini bildirib. Ancaq bunun yanında eyni ayədə insanların sevdikləri şeylərin onlar üçün “şər” ola biləcəyini də xəbər verib. Quranda bu mövzu ilə bağlı verilən bir nümunə, iman etməmiş xəsis və zəngin insanların vəziyyətidir.
İman etməyənlərin, xəsisliyi hiyləgərlik zənn etmələri və Allah yolunda istifadə etmədikləri zənginliyin onlar üçün fayda gətirəcəyini sanmaları çox böyük qəflətdir. Çünki Allah, belə zənginliyin, sahibləri üçün “şər” olduğunu və axirətdə onlara əzab olacağını Quranda bildirib:
Allahın, Öz lütfündən verdiyi şeylərdə xəsislik edənlər elə zənn etməsinlər ki, bu onlar üçün xeyirlidir. Əksinə, bu onlar üçün zərərlidir. Onların xəsislik etdiyi şeylər, qiyamət günü boyunlarına dolanacaqdır. Göylərin və yerin mirası Allahındır. Allah etdiklərinizdən xəbərdardır. (Ali İmran surəsi, 180)
Möminlərin isə “mal-mülkü” qiymətləndirmə şəkli iman etməyənlərin səhv anlayışından tamamilə fərqlidir. Quranda əmr edildiyi kimi davranan bir mömin üçün, mülk sahibi olmaq həyatında əhəmiyyətli yer tutmaz. Mal ehtirası, yığmaq ehtirası kimi iman etməyənlərə xas davranışların heç biri möminlərin üstün əxlaqında görülməz.
Çünki mömin bütün həyatını Allahın razılığını qazanmağa həsr etmişdir. Buna görə mallarını da Allah yolunda istifadə edər və nəfsinin eqoist ehtiraslarına əsla qapılmaz; dünyəvi mənfəətlərə deyil, hər zaman axirətdə qazanacağı gözəlliklərə yönələr. Məhz belə hərəkət edən möminlər Allah Qatında üstün qılınıb və Allah onları Quranda belə müjdələyir:
Şübhəsiz ki, Allah möminlərdən canlarını və mallarını cənnət müqabilində satın almışdır. Onlar Allah yolunda vuruşar, öldürər və öldürülərlər. Bu, Tövratda, İncildə və Quranda Allahın öhdəsinə götürdüyü bir vəddir. Allahdan daha yaxşı əhdə vəfa göstərən ola bilərmi?! Elə isə, Onunla etdiyiniz bu alış-verişə görə sevinin! Məhz bu, böyük uğurdur. (Tövbə surəsi, 111)
Bu həqiqəti dərk edən peyğəmbərlər, elçilər, saleh möminlər tarix boyu özlərinə nemət olaraq verilən malın əslində Allaha aid olduğunu bilərək hərəkət ediblər; bütün sərvətlərini və zənginliklərini Allahı razı edəcək şəkildə istifadə ediblər. Məsələn, ayədə ifadə edildiyi kimi möminlər, “…mal-dövlətini sevməsinə baxmayaraq onu qohum-əqrəba, yetimlər, yoxsullar, yolda qalanlar, dilənçilər və qulların azad olunması üçün” (Bəqərə surəsi, 177) verəcək əxlaqa və mərhəmətə sahibdirlər.
Ayrıca möminlər bəzi insanların etdiyi kimi nümayiş olaraq deyil, tam əksinə “… Allahın rizasını qazanmaq və içlərindəkini (səxavətli olmalarını) möhkəmləndirmək üçün” (Bəqərə surəsi, 265) infaq edərlər. Buna görə də, mallarında azalma olduğu zaman da cahiliyyənin reaksiyalarının tam əksi olaraq, bunun Allahın imtahanı olduğunu anlayaraq hərəkət edər, səbir edər və xeyir gözü ilə baxarlar. İnananların belə vəziyyətdə necə davranacaqları Quranda belə bildirilib:
De: “Ey mülkün sahibi olan Allah! Dilədiyin kimsəyə mülkü verərsən, dilədiyindən də mülkü alarsan. Dilədiyin kimsəni yüksəldər, dilədiyini də alçaldarsan. (Hər cür) xeyir Sənin əlindədir. Şübhəsiz ki, Sən hər şeyə qadirsən! (Ali İmran surəsi, 26)
Ayələrdə bəndələrinə qarşı lütf sahibi olan Rəbbimizin Öz yolunda infaq edən, malından xərcləyən müsəlmanlara verəcəyi qarşılıq bildirilib. Səba surəsinin 39-cu ayəsində Allah möminlərə “nə infaq etsələr yerinə bir başqasını verəcəyini” söz verib. Bu Rəbbimizin rəhmətinin ən gözəl təzahürlərindəndir.
Allahın razılığını hər şeydən üstün tutan, dünya həyatının müvəqqəti olduğunu dərk edib, yalnız axirət gözəlliyini ümid edən iman sahiblərinin Allah yolunda etdikləri xərcləmələr nəticəsində alacaqları qarşılıq ayələrdə belə xəbər verilir:
Mallarını Allah yolunda infaq edənlərin halı, yeddi sünbül verib hər sünbülü də yüz ədəd dən verən bir toxumun halına bənzəyir. Allah dilədiyi kimsəyə qatbaqat artığını verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir. (Bəqərə surəsi, 261)
Əgər Allaha gözəl bir borc versəniz, O sizin üçün onu (mükafatını) qat-qat artırar və sizi bağışlayar. Allah şükrün mükafatını verəndir, həlimdir. (Təğabun surəsi, 17)
De: “Həqiqətən, Rəbbim bəndələrindən istədiyinin ruzisini bol edər, istədiyinin ruzisini də azaldar. Siz nə infaq etsəniz, Allah onun yerinə başqasını verər. O, ruzi verənlərin ən xeyirlisidir”. (Səba surəsi, 39)
İnfaq edən müsəlman, ayələrdə də bildirildiyi kimi sonsuz lütf sahibi olan Rəbbimizdən qat-qat artıqlaması ilə qarşılığını alacaq. Üstəlik inananlar çox yaxşı bilərlər ki, inkarçıların malları onlara dünyada fayda deyil, tam əksinə əzab olacaq. Bu, Allahın vədidir. Ayədə belə buyurulur:
Onların malları və övladları səni imrəndirməsin! Həqiqətən, Allah bunlar vasitəsilə onlara dünya həyatında əzab vermək və kafir olaraq can vermələrini istəyir. (Tövbə surəsi, 55)
