Allah hər insanı müxtəlif hadisələri və insanları vəsilə edib fərqli şəkildə imtahan edir. Lakin bunu bilmək lazımdır ki, Allah sonsuz ədalət sahibidir və bəndələrinə qarşı Həlimdir (çox yumşaqdır); insana gücü çatmayan məsuliyyət verməz. Bu, Allahın vədidir:
Biz heç kəsi gücünün çatmadığı bir şeydən məsul tutmarıq. Bizim dərgahımızda haqqı söyləyən bir kitab vardır. Onlara heç bir haqsızlıq edilməz. (Muminun surəsi, 62)
İman gətirib yaxşı işlər görənlərə gəldikdə, – Biz heç kimə gücü yetdiyindən artıq (vəzifə) yükləmərik – onlar cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar. (Əraf surəsi, 42)
İnsanın dünyada qarşılaşdığı hər cür ağır imtahanlar; xəstəliklər, qəzalar, maddi-mənəvi sıxıntılar və digərləri onun gücü çatdığı həddədir. Ancaq insan gözəl əxlaqı və səbri deyil, şeytanın xüsusiyyəti olan üsyan və nankorluğu seçərsə, onda bu, öz seçimidir və bu hərəkətindən məsuliyyət daşıyır.
Zamanla meydana gələn hadisələrdə insan artıq çıxış yolunun qalmadığını, hər şeyin bitdiyini və bunun keçə bilmədiyi çətinlik olduğunu düşünə bilər. Həmin hadisədə bir xeyrin olduğunu unudub üsyankar davrana bilər. Amma bunlar, əslində, şeytanın verdiyi vəsvəsələrdir. Səmimi mömin bu həqiqəti bilməlidir ki, qarşılaşdığı hadisə nə olursa-olsun, mütləq gözəl əxlaq göstərə biləcəyi və səbir edə biləcəyi vəziyyətdir. Ümidsiz olmaq isə şeytandan gələn vəsvəsədir. Allah bəndələrinə Öz rəhmətindən ümid kəsməməyi əmr etmişdir:
Onlar Allahın istədiyi kimsənin ruzisini artırdığını, yaxud azaltdığını bilmirlərmi? Şübhəsiz ki, bunda iman gətirənlər üçün ibrətlər vardır. De: “Ey özlərinə qarşı həddi aşan bəndələrim, Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz, Allah bütün günahları bağışlayar. Həqiqətən, O, bağışlayandır, rəhmlidir. Sizə əzab gəlməmişdən əvvəl Rəbbinizə dönün və Ona təslim olun! Yoxsa sonra sizə yardım olunmaz. (Zumər surəsi, 52-54)
Allahın yuxarıdakı ayələri ilə bildirdiyi əmrinə tabe olan və xeyir düşünən insan yenə ayələrdə bildirildiyi kimi, xeyirlə qarşılaşır; ümidini üzən isə tək və köməksiz qalır. Allah Öz rəhmətindən ümidini kəsənlərin inkarçı olduğunu belə bildirmişdir:
Allahın ayələrini və Onun hüzuruna çıxacaqlarını inkar edənlər Mənim mərhəmətimdən ümidlərini kəsənlərdir. Onlar üçün acı bir əzab vardır. (Ənkəbut surəsi, 23)
…Allahın mərhəmətindən ümidinizi kəsməyin! Şübhəsiz ki, inkar edənlərdən başqası Allahın mərhəmətindən ümidini kəsməz. (Yusif surəsi, 87)
Mömin Allahın əmrinə əsasən, qəti ümidsiz olmamalı və qarşılaşdığı hadisələri daha dərindən təfəkkür etməlidir. Çətinliklə qarşılaşanda bunları düşünməlidir: Bu imtahan əsnasında öz cəsarətini, səbrini, şəfqətini, sədaqətini, fədakarlığını və sevgisini izləyib dünyada, əslində, özünə şahidlik edir. Yaddaşında qalan bilgi ilə axirətə gedəndə həmin gözəl xasiyyətinə və hərəkətinə qarşılıq olaraq Cənnətin verildiyini anlaması ona xüsusi həzz və zövq verəcək. Çətinlikləri görən nəfs Cənnətdə onların yerinə verilən asanlıq və nemətləri şüurlu şəkildə və dərin hiss edəcək, dolayısilə, çox zövq alacaq. Unutmaq olmaz ki, çətinliyi bilməyən asanlığın nə olduğunu anlamaz. Anlasa da, çətinliyi bilən qədər dərindən hiss edə bilməz. Buna görə, möminin dünyada yaşadığı hər çətinlik axirətdə ona böyük zövq qaynağı olacaq.
Dünya həyatı cənnət kursudur. Dünyadakı taleyini izləyərək (Vizual tədris) bu təhsildən keçir. Təhsili bitirdikdən sonra axirətə geri dönərək, sonsuz əbədi cənnət həyatına davam edir.
Bundan başqa, səbirli, ağıllı, sevgi dolu, gözəl əxlaqlı, şəfqətli olmağın dərin imani zövqü vardır. Bir mömin bu gözəl xüsusiyyətləri özündə görəndə çox zövq alır. Başqa möminlərin ondan aldığı imani zövqü hiss edəndə bundan da ayrı zövq alır. Bu zövq, Allahın izni ilə, Cənnətdə sonsuza qədər davam edəcəkdir.

