Piyada yolunu keçən bir insan bir neçə dəqiqə sonra maşının altında qalıb öləcəyindən və ya ömür boyu şikəst qalacağından xəbərsizdir. Həkimə gedən bir insan orqanlarının xərçəng hüceyrələri ilə əhatə olunduğundan xəbərsizdir. Dünyaya yeni göz açmış bir körpə bir neçə dəqiqə sonra mələklər tərəfindən cənnətə aparılacağından xəbərsizdir. Sakit və rahat bir şəkildə kresloda oturan insan bir saniyə sonra infarkt keçirərək ürəyinin dayanacağından xəbərsizdir. Ağlı tamamilə fərqli düşüncələrlə dolu olan bir ailə yeməkdən qayıdarkən yolda qəza keçirib, bir addım sonra ölümlə qarşılaşacağından xəbərsizdir…
Ölüm budur; nə yaş dinləyər, nə şan-şöhrət, nə gənclik, nə də pul. Əgər insanın əcəli gəlibsə, vaxtı çatıbsa, heç kim ölüm mələklərini dayandıra bilməz. Çünki mələklər Rəblərinə boyun əyərək əmr olunduqları işi yerinə yetirər və gəlib o insanın canını alarlar. Dünyada bu qədər qürurlanan, özünü uca tutan, saatlarla lazımsız şeylər barəsində fikirləşən insan əslində necə də acizdir. Çünki bir addım sonra tamamilə fərqli bir dünyaya köçəcəyindən, dünya ilə bir daha heç cür əlaqə yarada bilməyəcəyindən xəbərsizdir. Özünə dərd etdiyi şeylər bu dünyada qalacaq, o isə sonsuz axirət həyatına qədəm qoyacaqdır.
Can boğaza çatdığı zaman – O an siz (can verən adama) baxıb qalırsınız. Biz ona sizdən daha yaxınıq, lakin siz görmürsünüz. (Vaqiə surəsi, 83-85)
Çox böyük hikmətlə dünyadakı heç bir insan əcəlini, yəni ölüm anını bilməz və nə təxirə sala, nə önə çəkə və ya bir neçə il sonraya saxlaya bilməz. Çünki Allah yaratdığı hər insanın taleyində bir ölüm vaxtı müəyyən etmişdir. Tale hər gün, bütün xırdalıqları ilə işləyər, insan rahat şəkildə həyatına davam edər, gündəlik işləri ilə məşğul olar, dostları ilə söhbət edər, gülər, yeyər, içər, əylənər. Halbuki o gün, bəlkə də, dünyada yaşayacağı son gündür. O gündən sonra dünya həyatı ilə əlaqəsi sonsuza qədər kəsiləcək, dünyada nə varsa, geridə qalacaqdır.
Sizin aranızda ölümü də Biz müəyyənləşdirdik. Heç kim Bizə mane ola bilməz – (Vaqiə surəsi, 60)
Harada olursunuzsa olun, hətta möhkəm qalalar içərisində olsanız belə ölüm sizə çatacaqdır”. Əgər onlara bir yaxşılıq yetişərsə: “Bu, Allah tərəfindəndir!” – deyərlər. Əgər onlara bir pislik toxunarsa: “Bu səndəndir!” – deyərlər. De: “Hamısı Allahdandır”. Bu insanlara nə olub ki, az qala söz də başa düşmürlər! (Nisa surəsi, 78)
Nəticədə hər insan öləcək yaşdadırsa, deməli, insan ölümü heç vaxt unutmamalıdır. Çünki biz yatarkən, yolda yeriyərkən, bir işlə məşğul olarkən, söhbət edərkən ölüm mələkləri ən yaxınımızda bizi gözləyir. Biz onları görə, eşidə bilmirik, amma onlar bizi görürlər və etdiyimiz hər şeyi qeyd edirlər. Əgər ölən insan həyatını imanla keçiribsə, saleh əməlləri ilə, ibadətləri ilə, səbir etdikləri ilə, təvəkkülü ilə əməl dəftərini doldurubsa, Allah üçün yaşayıb, Allah üçün ölübsə, məhz o zaman mələkləri ən gözəl şəkildə görəcək və cənnətlə müjdələnəcəkdir. Onun üçün artıq heç bir qorxu olmaz, çünki artıq sonsuza qədər Allahın razı olduğu cənnət əhlindən olur.
Onlar mələklərin: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə cənnətə daxil olun!” – deyərək tərtəmiz olduqları halda canlarını aldıqları kimsələrdir. (Nəhl surəsi, 32)
Əgər ölüm bir addım yaxınlığındadırsa, insan sadəcə bir gününü deyil, bir dəqiqəsini, bir saniyəsini də boşuna keçirməməlidir. Oyandığı hər səhər möminin yeni savablar qazanmağı üçün Allah tərəfindən verilən çox gözəl bir imkandır. O günü də Allah rizası üçün yaşayacaq, dua etməklə, ibadətlərlə, savablarla və saleh əməllərlə keçirəcəkdir. Gün ərzində göstərdiyi gülərüzlülükdən təvazökarlığa, nəfsini tərbiyə etməsindən hər an göstərdiyi gözəl əxlaqa qədər möminin göstərdiyi hər davranışı çox dəyərlidir. Çünki bunların hamısı həmin andan etibarən sonsuza istiqamətlənir. Mömin dünyada etdiyi bütün yaxşılıqların qarşılığını cənnətdə qat-qat çox alacaq. Dünyada şövqlə infaq edər (Allah üçün xərcləyər) və bir tərəfdən də cənnətin ən gözəl köşkləri onun üçün hazırlanar.
Dünya nəfəs alıb vermək qədər qısadır. O son gün gəlməzdən əvvəl “hər an öləcək yaşda” olduğunu bilmək və bunu dərk edərək yaşamaq ən doğru davranış olar.
Hər bir can (hər kəs) ölümü dadacaqdır. Şübhəsiz ki, qiyamət günü əməllərinizin qarşılığı sizə tam olaraq veriləcəkdir. Kim oddan (cəhənnəmdən) uzaqlaşdırılıb, cənnətə daxil edilərsə, o xilas olmuşdur. Dünya həyatı isə aldadıcı faydadan (həzz və əyləncədən) başqa bir şey deyildir. (Ali İmran surəsi, 185)

