Din əxlaqından uzaq yaşayan insanlar həyatı boyunca özləri üçün müxtəlif hədəflər təyin edirlər. Bu hədəflərin ortaq nöqtəsi isə, ümumiyyətlə, sadəcə dünya həyatına istiqamətli olmalarıdır. Məsələn, mütəxəssis həkim, müvəffəqiyyətli mühəndis, yaxşı ata, çoxlu pul qazanan bir iş adamı, ya da dünya səviyyəsində məşhur sənətçi olmaq və digərləri, bir çox insanın ən böyük ideallarından sayıla bilər. Bunların xaricində, daha bir çox sahədə insanlar müvəffəqiyyəti, xoşbəxtliyi və rahat həyatı əldə edə bilmək üçün çalışır, səy göstərir, bəzən müxtəlif fədakarlıqlar edirlər və öz fikirlərinə görə “bir yerlərə gəlməyə” çalışırlar. Nəticədə, başları bu işlərə qarışır və dünyada olmalarının əsl məqsədini unudur və ya görməzlikdən gəlirlər.
Halbuki, hər insanın bütün həyatını və bir gün mütləq öləcəyini düşünərək özünə bəzi suallar verməsi vacibdir. “Mən bu dünyaya nə üçün gəlmişəm?”, “Mövcud olmağımın səbəbi nədir?” “(Nümunə olaraq) Bəlkə yaxşı bir memar olub çoxlu sayda bina dizaynı etdim, zəngin oldum, mal-mülk sahibi oldum, bir ad-san qazandım, tanındım, amma bütün bunlar mənə nə qazandırdı? Ölümümdən sonra bunlardan hansının bir mənası olacaq? Dünyada tərk etdiklərimin mənə axirətdə nə kimi bir faydası olacaq? Həyatım yalnız bu dünya həyatından ibarətdirmi?” Bunlar, hər insanın ölüm gəlib çatmazdan əvvəl özünə verəcəyi suallardan bəziləridir.
Halbuki, hər insan bir az düşünsə, görə biləcəyi çox mühüm bir həqiqət vardır: Allah dünyanı da, insanları da bir hikmət üzərində yaratmışdır. İnsanların yaradılış məqsədi Quranda bildirildiyi kimi, yalnız Allaha qulluq etməkdir. Dünyanın yaradılış məqsədi isə insanların axirətdəki mövqelərinin təyin olunması üçün bir imtahan yeri olmasıdır. Allah bu həqiqəti Quranda belə bildirir:
Əməl baxımından hansınızın daha yaxşı olduğunuzu sınamaq üçün ölümü və həyatı yaradan Odur. O, Qüdrətlidir, Bağışlayandır. (Mülk surəsi, 2)
Allah insanlara dünyanın keçiciliyini və sonsuza qədər yaşayacaqları əsl məkanın axirət olduğunu anlamaları üçün çoxlu dəlillər vermişdir.

