İnsanların bir çoxu xeyirli bildiyi hadisələrlə xoşbəxt olduğu halda, pis görünən hadisələrə görə hüznə düşürlər. Halbuki iman edənlər üçün sıxıntıya düşmək çox yersizdir. Allah Quranda hər hadisəni saleh qullarının xeyrinə yaratdığını müjdə vermiş, onlar üçün heç bir zaman narahatçılıq və sıxıntı olmayacağını xəbər vermişdir.
Quranda bildirilən bu həqiqətə inanan insan dünya həyatında bütün hadisələr qarşısında pozitiv olmağı və bunlardakı gözəllik və hikmətləri görməyi bacarır.
Bəzi insanlar isə illərlə yaşadığı bu dünyanın niyə və necə var olduğunu heç düşünmədən yaşamağa davam edirlər. Əlbəttə, vicdanən bütün gözəlliklərin və mükəmməl nizamın Yaradıcısının olduğunu bilirlər. Lakin dünya həyatını sevdiklərinə görə, yaxud qarşılaşacaqları həqiqətləri qəbul etmək istəmədikləri üçün Allahın varlığını düşünməkdən qaçırlar. Gündəlik həyatda hadisələrin hamısını Allahın bir plan və hikmətlə yaratdığını görməzlikdən gəlir, bunları şans və ya təsadüf kimi xəyali düşüncələrlə açıqlamağa çalışırlar. Bu da onların hadisələrə xeyirlə baxmasını, yaşadıqlarından hikmətli nəticələr çıxarmasını əngəlləyir.
Bəziləri də Allahın varlığını bilir, bütün kainatı və insanı Allahın yaratdığını dərk edirlər. Yağışı, ildırımı və ya günəşin çıxmasını Allahın yaratdığını qəbul edirlər. Lakin gündəlik hadisələrin Allahdan asılı olmadan baş verdiyinə inanırlar. Halbuki evə girən oğrunu, ayağa dəyən daşı, yağan yağışı, məhsul verən bağçanı, yaxşı və ya pis gedən işləri, unudulub yanan yeməyi də yaradan Allahdır. Bu mövzuda insan daha çox düşünməlidir. Çünki hər hadisə Allahın bilgisi daxilində baş verir. Hər hadisə çox incə planla Allahın sonsuz ağıl və hikməti ilə yaradılmışdır. İnsanın ayağına sıçrayan palçığı, partlayan təkəri, dəridə əmələ gələn ləkəni, hər bir xəstəliyi, qaydasında getməyən işi, yazılan hər yazını və deyilən hər bir sözü Allah müəyyən planla yaradır.
İnsanın dünyaya göz açdığı andan etibarən qarşılaşdığı pis, yaxud yaxşı görünən bütün hadisələri Allah yaradır. Həyatı bir bütün olaraq yer üzünün tək hakimi olan Allah idarə edir.
Allah qüsursuz, mükəmməl, hikmətli və ən gözəl şəkildə yaradandır. Bu, uca Allahın yaratdığı taledir. Allahın taledə yaratdığı hadisələri bölüb bir qisminə yaxşı, digər qisminə pis baxmaq yanlışdır. İnsan mükəmməlliyi görüb təqdir etməli və Allahın ən qüsursuz nəticələri yaradacağını bilərək hər hadisəni xeyirə yozmalıdır. Çünki Allaha iman edən və imanı ilə hər şeyi xeyirə yozan insan dünya və axirətdə gözəlliklərlə qarşılaşacaq.
Bu həqiqətə Quranda bir çox ayədə diqqət çəkilmişdir. Buna görə, tale həqiqətini unutmaq böyük xətadır. Allahın yaratdığı tale təkdir və eynisi ilə yaşanır. Tale deyildikdə bəzilərinin ağlına, adətən, “fəlakətə təsəlli” kimi yanlış düşüncə gəlir. İman edənlər isə taleni ən doğru şəkildə qavrayır və talenin onlar üçün ən xeyirlisi olduğunu bilirlər.
Tale müsəlman üçün tamamilə qüsursuz hazırlanmış, hikmət və xeyirlərlə dolu Cənnət hazırlığıdır. Möminin dünyada qarşılaşdığı hər bir çətinlik Cənnətdə sonsuzadək alacağı zövqün, nəşənin və hüzurun qaynağıdır “Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq vardır.” (İnşirah surəsi, 5) ayəsi də bir mənada buna işarə edir. Möminin səbir və cəsarətinə görə sonsuza qədər nemətlərlə mükafatlandırılması taledə yazılıdır.
Bir mömin gündəlik həyatda bəzi hadisələrə üzülüb narahatlıq duya bilər. Bunun səbəbi həmin an qarşısına çıxan hadisələrin taledə olduğunu və hər şeyi Allahın yaratdığını unutmasıdır. Ona: “Bu hadisəni Allah xeyirlə yaratdı”, -deyildikdə həmin anda qafil deyilsə, həqiqətləri tez görər və rahat olar. Bu səbəbdən, müsəlman anbaan hər hadisənin taledə olduğunu daim xatırlamalı və xatırlatmalıdır.
Allahın əzəldə xeyir və hikmətlə hazırladığı hadisələrə təvəkkül etməli, gözəlliklərini görüb hikmətini anlamağa çalışmalıdır. Hər insan Allahın diləməsi ilə bu həqiqətləri anlaya bilər. Bəlkə də hadisələrdəki saysız xeyir və hikmətin hamısı ilk anda müəyyən olmaya bilər. Amma bir hadisə baş veribsə, bilmək lazımdır ki, o, onsuz da müsəlman üçün Allahın yaratdığı xeyir və hikmətlə birlikdə reallaşmışdır.

