Hər hadisədə xeyir var

Möminlərin təvəkkülünü asanlaşdıran və gücləndirən bir başqa sirr, Allahın hər hadisəni

Möminlərin təvəkkülünü asanlaşdıran və gücləndirən bir başqa sirr, Allahın hər hadisəni xeyirlə yaratdığını bildirməsidir. Allah Quranda, şər kimi görünən hadisələrdə də xeyir olduğunu insanlara belə xəbər verir:

Ola bilsin ki, sizin xoşlanmadığınız bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuşdur. (Nisa surəsi, 19)

Bəlkə də xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz. (Bəqərə surəsi, 216)

Möminlər bu sirri bildikləri üçün, qarşılaşdıqları hər hadisədə xeyir və gözəllik axtararlar. Çatışmazlıq, çətinlik və ya əskiklik kimi görünən heç bir hadisə onları narahat etməz, təşvişə salmaz. Bu halları böyük-kiçik hər hadisədə davamlıdır. Səmimi müsəlmanın illər boyu işləyərək sahib olduğu bütün mallar əlindən getsə belə, bunda bir xeyir və hikmət axtarar. Məsələn Allahın həyatını bağışlamasına şükür edər. Edəcəyi pis əməldən, harama girməkdən və ya mal və pul ehtirasına qapılaraq Allahın yolundan sapmaqdan qorumuş ola biləcəyini düşünər. Buna da şükür edər.

Çünki, insan dünya həyatında nə itirirsə də, bu itkisi axirətdəki itki ilə bir olmaz. Axirətdəki itkilər, insanın sonsuza qədər (Allahın diləməsi xaricində) dözülməz əzab içində qalması deməkdir. Axirəti düşünərək yaşayan bir insan üçün dünya həyatındakı hadisələrin hər biri axirətə istiqamətli xeyir və gözəllikdir. Belə bir hadisə yaşayan insan acizliyini və möhtac olmasını daha da yaxşı anlayaraq, dua və təfəkkürlə Allaha daha çox yönələcək və yaxınlaşacaq. Bu da insanın axirəti üçün çox əhəmiyyətli xeyir və gözəllik deməkdir. Ayrıca belə bir hadisəyə təvəkkül edib səbir göstərərək Allahın razılığını qazanmış olacaq. Allahın rizası isə hər şeyin üzərindədir.

İnsanın sadəcə böyük və əhəmiyyətli hadisələrdə deyil, gündəlik həyatının hər anında reallaşan hadisələrdə xeyir və gözəllik axtarması lazımdır. Məsələn böyük bir diqqətlə hazırladığı yeməyi ocaqda yandıran insan üçün, yeməyinin yanması sonradan bir çox tədbir görməsinə vəsilə olar və baş verə biləcək daha böyük bir qəzanın qarşısı bu tədbirlər sayəsində alınmış olar.

Hər hansı bir gənc istədiyi və çox çalışdığı universitetə qəbul olmaya bilər. Bunda da xeyir olduğunu bilməli, bəlkə də Allahın onu o universitetdəki bəzi təhlükələrdən, həyatına mənfi təsir edə biləcək insanlardan və ya başqa hadisələrdən qoruduğunu düşünə bilməli, bu nəticəyə sevinə bilməlidir. Və ya Allahın hər hadisədə onların bilmədiyi, hətta xəyal belə edə bilmədiyi daha bir çox xeyir yaratmış ola biləcəyini düşünərək Allaha təslim olmağın gözəlliyini yaşamalıdır.

İnsan hər zaman hər hadisənin arxasındakı xeyir və hikməti görməyə bilər. Ancaq, görməsə belə mütləq bir xeyir olduğunu bilər və Allahın ona hadisələrin arxasında gizlənən xeyir və hikmətləri göstərməsi üçün dua edər.

Hər hadisənin xeyirlə yarandığını bilən insanlar “kaş ki”, “heyif” kimi ifadələr işlətməzlər. Səhvlərin, nöqsanların, unutqanlıqların, tərs kimi görünən hadisələrin hamısında böyük xeyirlər var və hamısı insan üçün talenin təhsilidir. Allah hər kəs üçün ayrı-ayrı yaratdığı taledə insanlara çox əhəmiyyətli dərslər və xatırlatmalar göstərər. Bunları ağıl və hikmət gözü ilə qiymətləndirən insanlar üçün Allah qatından bir dərs, təhsil, xəbərdarlıqlar və hikmətlər var. Məsələn, mağazası yanan müsəlman vicdanı ilə dərhal nəfsini sorğulayar və bəlkə də, Allahın onu dünya malına və ehtirasına qarşı xəbərdar etdiyini və sınadığını düşünərək, daha da ixlaslı və səmimi olar.

İnsan dünyada hansı hadisə ilə qarşılaşsa da, o hadisə keçib bitər. Hər insan həyatındakı ən çətin və ya ən təhlükəli günü düşünsə, bunun zehnində sadəcə xatirə və bitmiş bir xəyal olduğunu görəcək. İnsanlar izlədikləri film səhnələrini də eyni şəkildə xatırlayarlar. Buna görə də, insan üçün ən əhəmiyyətli və ya ən “sarsıdıcı” gün belə bir gün gələcək, izlənilən bir film kadrı kimi sadəcə xatirə, xəyal olaraq ağılda qalacaq.

Ancaq bu xatirədən geriyə tək bir şey qalar və o sonsuza qədər də davam edər: Bu da, o insanın çətin anda göstərdiyi rəftar və Allahın o insandan məmnun olub olmamasıdır. İnsan yaşadıqlarından deyil, yaşadıqları əsnada göstərdiyi rəftardan, düşüncədən və səmimiyyətindən sorğulanacaq. Buna görə də, hər hadisədə Allahın yaratdığı xeyir və hikmətləri görməyə çalışmaq və ona əsasən rəftar göstərmək, möminlərə dünyada və axirətdə böyük qazanc təmin edər. Bu sirri bilən möminlər üçün dünyada da axirətdə də qorxu və hüzn olmaz. Heç bir insan, heç bir qüvvə və heç bir hadisə möminlərdə qorxu, bədbəxtlik, ümidsizlik kimi mənfi hallar meydana gətirməz. Allah bu sirri də Quranda belə bildirir:

Biz dedik: “Hamınız oradan (cənnətdən) enin! Sizə Mənim tərəfimdən bir hidayət rəhbəri gəldikdən sonra kim ona tabe olarsa, onlar üçün heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”. (Bəqərə surəsi, 38)

Bilin ki, Allahın dostlarına heç bir qorxu yoxdur və onlar (axirətdə) qəm-qüssə görməyəcəklər. Onlar iman gətirib (pis əməllərdən) çəkinən kimsələrdir. Dünyada da, axirətdə də onlar üçün müjdə vardır. Allahın sözlərində əsla dəyişiklik olmaz. Əsil böyük uğur budur! (Yunis surəsi, 62-64)