Hər hadisədə bir xeyir vardır

Möminlərin təvəkkülünü asanlaşdıran və möhkəmləndirən sirlərdən biri, Allahın hər hadisəni

Möminlərin təvəkkülünü asanlaşdıran və möhkəmləndirən sirlərdən biri, Allahın hər hadisəni xeyirlə yaratdığını bilmələridir. Allah Quranda, şər kimi görünən hadisələrdə də bir xeyir olduğunu insanlara belə xəbər verir:

…Ola bilsin ki, sizin xoşlanmadığınız bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuşdur. (Nisa surəsi, 19)

Xoşunuza gəlməsə də, cihad sizə fərz edildi. Bəlkə də xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz. (Bəqərə surəsi, 216)

Möminlər bu sirri bildikləri üçün qarşılaşdıqları hər hadisədə xeyir və gözəllik axtararlar. Uğursuzluq, çətinlik və ya çatışmazlıq kimi görünən heç bir hadisə onları üzməz, sıxmaz və təşvişə salmaz. Bu hallar onların həyatının hər anında daimidir. Səmimi müsəlmanın illər boyu çalışaraq əldə etdiyi bütün mal-dövləti əlindən getsə belə, bunda bir xeyir və hikmət axtarar. Məsələn, Allahın həyatını bağışlamasına şükür edər. Allahın onu bir pislikdən, harama düşməkdən və ya mal, pul hərisliyi edərək Allahın yolundan azmaqdan qoruduğunu düşünər. Buna da şükür edər.

Çünki insan dünya həyatında nəyi itirsə də, bu itki axirətdəki itki ilə müqayisə edilə bilməz. Axirətdəki itkilər insanın sonsuza qədər (Allahın istəyi xaricində) dözülməz bir əzab içində qalması deməkdir. Axirəti düşünərək yaşayan bir insan üçün dünya həyatında baş verən hər bir hadisə axirətə yönəlik bir xeyir və gözəllikdir. Belə bir hadisə yaşayan insan acizliyini və ehtiyac içində olduğunu daha da yaxşı anlayaraq Allaha dua və təfəkkürlə daha çox yönələr və Ona yaxınlaşar.

Bu da insanın axirəti üçün çox böyük xeyir və gözəllik deməkdir. Bundan əlavə, belə bir hadisəyə təvəkkül edib səbir göstərərək Allahın razılığını qazanmış olar. Allahın razılığı isə hər şeydən üstündür. İnsanın yalnız böyük və mühüm hadisələrdə deyil, gündəlik həyatının hər anında baş verən hadisələrdə də xeyir və gözəllik axtarması lazımdır.

Məsələn, böyük diqqətlə hazırladığı yeməyi yandıran biri üçün bu, gələcəkdə daha böyük bir fəlakətin qarşısını almaq üçün tədbir görməyə səbəb ola bilər.

Gənc biri istədiyi və uğrunda çox çalışdığı universiteti qazana bilməyə bilər. Onda da xeyir olduğunu bilməli, bəlkə də Allahın onu o universitetdəki bəzi təhlükələrdən, həyatına mənfi təsir edəcək insanlardan və ya mühitlərdən qoruduğunu düşünməli və bu nəticəyə sevinməlidir. Və ya Allahın hər hadisədə onların bilmədiyi, hətta xəyal belə etmədiyi daha çox xeyir yaratdığını düşünərək Allaha təslim olmağın gözəlliyini yaşamalıdır.

İnsan hər zaman hər hadisənin arxasındakı xeyir və hikməti görə bilməz. Ancaq görə bilməsə belə, mütləq bir xeyir olduğunu bilər və Allahdan ona hadisələrin arxasında gizlənmiş xeyir və hikmətləri göstərməsini istəyər.

Hər hadisənin xeyirlə baş verdiyini bilən insanlar “kaş ki”, “heyf” kimi ifadələr işlətməzlər. Səhvlərini, çatışmazlıq, unutqanlığı, tərs kimi görünən hadisələrin hamısında böyük xeyirlər vardır və onların hamısı insan üçün taleyin təhsilidir. Allah hər kəs üçün ayrı-ayrı yaratdığı taledə insanlara çox mühüm dərslər və xatırlatmalar göstərir. Bunları ağıl və hikmət gözü ilə qiymətləndirən insanlar üçün ortada çatışmazlıq, unutqanlıq və ya uğursuzluq deyil, Allah dərgahından gələn dərslər, təhsil, xəbərdarlıqlar və hikmətlər vardır. Məsələn, dükanı yanan müsəlman vicdanı ilə dərhal nəfs hesabatı aparar və bəlkə də Allahın onu dünya malına və hərisliyə qarşı xəbərdar etdiyini və onu sınağa çəkdiyini düşünərək daha da ixlaslı və səmimi olar.

İnsan dünyada hansı hadisə ilə qarşılaşırsa da, o hadisə keçib gedər. Hər insan həyatındakı ən çətin və ya ən təhlükəli günü düşünsə, bunun yalnız bir xatirə və keçmişdə qalmış bir xəyal olduğunu görəcəkdir. İnsanlar izlədikləri film səhnələrini də eyni şəkildə xatırlayırlar.

Deməli, insan üçün ən mühüm və ya ən “sarsıdıcı” gün belə bir gün gələcək və izlənmiş bir film kadrı kimi bir xatirə, bir xəyal olaraq yadda qalacaqdır. Ancaq bu xatirədən geriyə tək bir şey qalır və o, sonsuza qədər davam edəcəkdir: Bu da insanın o çətin anda göstərdiyi rəftar və Allahın ondan razı olub-olmamasıdır.

İnsan yaşadıqlarına görə deyil, yaşadıqları zaman göstərdiyi davranış, düşüncə və səmimiyyətinə görə sorğuya çəkiləcəkdir. Buna görə də, hər hadisədə Allahın yaratdığı xeyir və hikmətləri görməyə çalışmaq və ona uyğun davranmaq, möminlərə dünyada və axirətdə böyük bir qazanc təmin edər. Bu sirri bilən möminlər üçün dünyada və axirətdə qorxu və hüzn olmaz. Heç bir insan, heç bir güc və heç bir hadisə möminlərə qorxu, bədbəxtlik, ümidsizlik kimi mənfi hallar yaşatmaz. Allah bu sirri də Quranda belə bildirir:

Dedik ki: “Oradan hamınız enin. Bundan sonra sizə Məndən bir hidayət gəldikdə, kim Mənim hidayətimə uyarsa, onlara qorxu yoxdur və onlar kədərlənməyəcəklər.” (Bəqərə surəsi, 38)

Bilin ki, Allahın dostları üçün qorxu yoxdur və onlar qəmgin olmayacaqlar. Onlar iman gətirənlər və (Allahdan) qorxanlardır. Onlar üçün dünya həyatında və axirətdə müjdə vardır. Allahın sözlərində heç bir dəyişiklik yoxdur. Böyük qurtuluş və xoşbəxtlik budur. (Yunus surəsi, 62-64)