Möminlərin təvəkkülünü asanlaşdıran və möhkəmləndirən başqa bir sirr isə Allahın hər hadisəni bir xeyirlə yaratdığını bildirməsidir. Allah Quranda şər kimi görünən hadisələrdə belə bir xeyir olduğunu insanlara belə xəbər verir:
“…Ola bilsin ki, sizin xoşlanmadığınız bir şeydə Allah (sizin üçün) çoxlu xeyir nəzərdə tutmuşdur.” (Nisa surəsi, 19)
“…Bəlkə də xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz.” (Bəqərə surəsi, 216)
Möminlər bu sirri bildikləri üçün qarşılaşdıqları hər hadisədə xeyir və gözəllik axtararlar. Əksiklik, çətinlik və ya qüsur kimi görünən heç bir hadisə onları kədərləndirməz, sıxmaz və narahat etməz. Bu vəziyyət böyük-kiçik hər hadisədə keçərlidir.
Səmimi müsəlmanın illərlə çalışaraq sahib olduğu bütün var-dövləti əlindən çıxsa belə, bunda bir xeyir və hikmət axtarar. Məsələn, Allahın onun həyatını bağışladığı üçün şükür edər. Allahın onu bir pislikdən, harama bulaşmaqdan və ya mal-pul hərisliyinə qapılıb Allahın yolundan azmaqdan qorumuş ola biləcəyini düşünər. Buna da şükür edər.
Çünki insan dünya həyatında nə itirirsə, bu itki axirət itkisi ilə bir deyil. Axirətdəki itki insanın sonsuza qədər (Allahın istəməsi xaricində) dözülməz bir əzab içində qalması deməkdir. Axirəti düşünərək yaşayan bir insan üçün dünyadakı hər bir hadisə axirətə yönəlmiş bir xeyir və gözəllikdir.
Belə bir hadisə yaşayan insan acizliyini və möhtaclığını daha da yaxşı anlayaraq, Allaha dua və təfəkkürlə daha çox yönələcək və yaxınlaşacaq. Bu da insanın axirəti üçün çox mühüm bir xeyir və gözəllik deməkdir. Həmçinin, belə bir hadisəyə təvəkkül edib səbir göstərərək Allahın razılığını qazanmış olacaqdır. Allahın razılığı isə hər şeydən üstündür.
İnsan təkcə böyük və mühüm hadisələrdə deyil, gündəlik həyatının hər anında baş verən hadisələrdə xeyir və gözəllik axtarmalıdır. Məsələn, böyük bir həvəslə hazırladığı yeməyi yandıran biri üçün yeməyinin yanması bir çox tədbir almasına səbəb olar və gələcəkdəki daha böyük bir qəza bu tədbirlər sayəsində qarşısı alınmış olar. Bir gənc istədiyi və uğrunda çox çalışdığı universiteti qazana bilməyə bilər.
Bunda da xeyir olduğunu bilməli, bəlkə də Allahın onu o universitetdəki bəzi təhlükələrdən, həyatına mənfi təsir edə biləcək insanlardan və ya mühitlərdən qoruduğunu düşünə bilməli, bu nəticəyə sevinə bilməlidir. Yaxud Allahın hər hadisədə onların bilmədiyi, hətta xəyal belə edə bilmədiyi daha bir çox xeyir yaratmış ola biləcəyini düşünərək Allaha təslimiyyətin gözəlliyini yaşamalıdır.
İnsan hər zaman hər hadisənin arxasındakı xeyir və hikməti görə bilməz. Ancaq görməsə belə, mütləq bir xeyir olduğunu bilir və Allahın ona hadisələrin arxasında gizlənən xeyir və hikmətləri göstərməsi üçün dua edir.
Hər hadisənin xeyirlə yarandığını bilən insanlar “kaş ki”, “vay halıma” kimi ifadələr də işlətməzlər. Səhvlərin, qüsurların, unutqanlıqların, tərs görünən hadisələrin hamısında böyük xeyirlər var və hamısı insan üçün talenin bir tərbiyəsidir. Allah hər kəs üçün ayrı yaratdığı taledə insanlara çox mühüm dərslər və xatırlatmalar göstərir.
Bunları ağıl və hikmət gözü ilə qiymətləndirən insanlar üçün ortada qüsurlar, unutqanlıqlar, tərsiklər deyil, Allah qatından bir dərs, tərbiyə, xəbərdarlıq və hikmətlər vardır. Məsələn, əvvəldə nümunə gətirdiyimiz dükanı yanan müsəlman dərhal vicdanı ilə özünü sorğu-sual edər və bəlkə də Allahın onu dünya malına və hərisliyinə qarşı xəbərdar edib sınadığını düşünərək, daha da ixlaslı və səmimi olar.
İnsan dünyada hansı hadisə ilə qarşılaşırsa qarşılaşsın, o hadisə keçib gedir. Hər insan həyatındakı ən çətin və ya ən təhlükəli günü düşünsə, bunun zehnində sadəcə bir xatirə olaraq qalmış və bitmiş bir xəyal olduğunu görəcək. İnsanlar izlədikləri film səhnələrini də eyni şəkildə xatırlayırlar. Dolayısı ilə, insan üçün ən mühüm və ya ən “sarsıdıcı” gün belə bir gün gələcək və izlənilən bir film kadrı kimi xatirə, bir xəyal olaraq yadda qalacaqdır.
Ancaq bu xatirədən geriyə tək bir şey qalır və o, sonsuza qədər davam edir: O da, bu insanın çətin anda göstərdiyi davranış və Allahın o insandan razı olub-olmamasıdır. İnsan yaşadıqlarından deyil, yaşadıqları əsnasında göstərdiyi rəftar, düşüncə və səmimiyyətindən sorğu-sual olunacaqdır.
Buna görə də, hər hadisədə Allahın yaratdığı xeyir və hikmətləri görməyə çalışmaq və ona görə rəftar etmək, möminlərə dünyada və axirətdə böyük bir qazanc gətirir. Bu sirri bilən möminlər üçün dünyada və axirətdə qorxu və kədər olmaz. Heç bir insan, heç bir güc və heç bir hadisə möminlərə qorxu, bədbəxtlik, ümidsizlik kimi mənfi hallar yaşada bilməz. Allah bu sirri də Quranda belə bildirir:
“Biz dedik: “Hamınız oradan (cənnətdən) enin! Sizə Mənim tərəfimdən bir hidayət rəhbəri gəldikdən sonra kim ona tabe olarsa, onlar üçün heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”. (Bəqərə surəsi, 38)
“Bilin ki, Allahın dostlarına heç bir qorxu yoxdur və onlar (axirətdə) qəm-qüssə görməyəcəklər. Onlar iman edib (pis əməllərdən) çəkinən kimsələrdir. Dünyada da, axirətdə də onlar üçün müjdə vardır. Allahın sözlərində əsla dəyişiklik olmaz. Əsil böyük uğur budur!” (Yunis surəsi, 62-64)

