Hər dua qəbul olar

Sonsuz mərhəmət, şəfqət və qüdrət sahibi olan Allah Quranda insanlara çox yaxın olduğunu, Ona

Sonsuz mərhəmət, şəfqət və qüdrət sahibi olan Allah Quranda insanlara çox yaxın olduğunu, Ona dua edərək bir şey istədikdə onların dualarını qəbul edəcəyini bildirir. Bu mövzu ilə əlaqəli ayələrdən biri belədir:

Bəndələrim Məni səndən soruşsalar, (de ki:) “Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman edsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”. (Bəqərə surəsi, 186)

Allah ayəsində də bildirdiyi kimi hər insana çox yaxındır, hər insanın diləyini, qəlbindən keçirdiklərini, düşündüklərini, dostuna söylədiklərini, pıçıldaşaraq danışdıqlarını, hətta şüuraltında olanları belə bilir. Buna görə də Allaha dua edən hər kəsi eşidir və bilir. Bu, insanlar üçün çox böyük bir nemət və Allahın rəhmətinin, mərhəmətinin və sonsuz qüdrətinin göstəricisidir.

Allah sonsuz qüdrət və elm sahibidir. Allah bütün kainatda var olan hər şeyin sahibidir. Ən güclü görünən insanlardan ən böyük sərvətə, ən əzəmətli səma cisimlərindən torpağın dərinliklərində yaşayan kiçik bir heyvana qədər canlı-cansız hər varlıq Allaha aiddir və Allahın iradə və idarəsi altındadır.

Bu həqiqətə iman edən bir insan Allahdan hər şeyi istəyə bilər və Allahın duasını qəbul etməsini ümid edə bilər. Məsələn, çarəsiz kimi görünən bir xəstəliyə tutulan insan, əlbəttə ki, bütün tədbirlərə əl atacaqdır. Ancaq şəfanı verənin Allah olduğunu bilərək, Allaha sağlamlığı üçün dua edər. Və ya içində bir növ qorxu ya da narahatlıq hiss edən bir insan, Allahın qəlbinə rahatlıq verməsi və onu bütün qorxularından qurtarması üçün dua edə bilər.

İşində çətinliklərlə qarşılaşan bir insan, Allahın işlərini asanlaşdırması, çətinliklərini aradan qaldırması üçün Allaha yönələ bilər. İnsan bunlar kimi saymaqla bitməyəcək qədər çox mövzuda Allahdan istəyə bilər. Allahın hidayətini artırması, onu cənnətdə salehlərlə birlikdə sonsuza qədər qonaq etməsi, cənnəti, cəhənnəmi, Allahın qüdrətini daha yaxşı dərk edib anlamaq üçün anlayışını artırması, sərvətinin artması kimi…

Ancaq bu nöqtədə vacib olan və Quranda bildirilən bir sirr daha vardır. Allah bir ayədə: “İnsan xeyrə dua etdiyi kimi, şərə də dua edir. İnsan çox tələskəndir.” (İsra surəsi, 11) şəklində bildirir. Məsələn, bir insan övladlarının gələcəyi üçün Allahdan böyük mülk və sərvət istəyə bilər. Ancaq Allah onun bu istəyində bir xeyir görməyə bilər. Bəlkə də sərvət onun övladlarının azğınlaşıb azmalarına səbəb olacaqdır. Allah bu insanın duasını eşidir və onun duasına ən xeyirli şəkildə cavab verir.

Və ya insan bir yerə tez çatmaq üçün dua edər. Amma bəlkə də onun üçün oraya daha gec getməsi və biri ilə qarşılaşaraq ondan axirətinə fayda gətirəcək şeylər öyrənməsi daha xeyirlidir; Allah bunu bilir və bu şəxsin də duasına yenə ən xeyirli olacaq şəkildə reallaşdırar. Yəni Allah o insanı eşidir, amma duasında onun üçün bir xeyir görmürsə, onun üçün ən xeyirli olanı yaradır. Bu, çox əhəmiyyətli bir sirdir.

Bu sirri bilməyənlər, Allaha dua etdikdən sonra duaları reallaşmadıqda, Allahın onları eşitmədiyini zənn edərlər. Bu, çox cahil düşüncədir. Çünki Allah insana şah damarından daha yaxındır. (Qaf surəsi, 16) O, insanın hər danışığından, hər düşüncəsindən, həyatının hər anından xəbərdardır. İnsan yatarkən belə, Allah onun hər halını, yuxusunda gördüklərinə qədər bilir. Bunların hamısını yaradan Allahdır. Buna görə də, insan Allaha hər dua etdiyində Allahın bu duasını ibadət olaraq qəbul etdiyini bilməli və ona ən xeyirli zamanda və ən xeyirli şəkildə cavab veriləcəyinə iman etməlidir.

Dua, hər insan üçün çox qiymətli bir ibadət və böyük bir nemətdir. Çünki Allah insana dua vasitəsi ilə Allahın xeyirli və gözəl gördüyü hər şeyə çatma imkanı vermişdir. Allah, “De: “Əgər duanız olmazsa, Rəbbim sizə nə üçün dəyər versin!…” (Furqan surəsi, 77) ayəsi ilə duanın insanlar üçün əhəmiyyətini bildirir.

Dua edilən zamanlar insanın Allaha olan yaxınlığının, dostluğunun və Allaha nə qədər möhtac olduğunun ən açıq şəkildə anlaşıldığı anlardır. Çünki insan dua edərkən həm Allahın qarşısında nə qədər aciz və gücsüz olduğunu anlayar, həm də ona Allahdan başqa heç bir qüvvənin köməyinin olmayacağını dərk edər. İnsanın duasının səmimiliyi isə Allahdan istədiyi şeyə nə qədər ehtiyac duyduğunu hiss etməsi ilə əlaqəlidir.

Məsələn, hər insan dünyaya sülh və əmin-amanlıq gəlməsi üçün dua edə bilər. Ancaq müharibənin ortasındakı bir insanın bu mövzudakı duası, digərlərinə görə daha çox sıxıntı və ehtiyac içində olacaq, buna görə də bu insan Allaha daha çox yalvararaq və möhtac olaraq dua edəcəkdir. Və ya dənizin ortasında fırtınaya yaxalanmış bir gəmidəki ya da düşmək üzrə olan bir təyyarədəki insanların hamısı Allaha yalvara-yalvara dua edərlər. Dualarında son dərəcə səmimi və boyun əyən olarlar. Allah bir ayədə bunu belə bildirir:

De: “Qurunun və dənizin qaranlıqlarından (təhlükələrindən) sizi kim xilas edir?” O zaman siz gizli-gizli yalvararaq: “Əgər bizi bundan xilas etsən, mütləq (Sənə) şükür edənlərdən olacağıq!” – deyə dua edirdiniz. (Ənam surəsi, 63)

Allahın Quranda insanlara bildirdiyi məqbul dua, “yalvara-yalvara” olan duadır:

Rəbbinizə yalvarıb yaxararaq və gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevməz. (Əraf surəsi, 55)

Allah başqa bir ayədə isə sıxıntı və ehtiyac içində olanın duasını qəbul etdiyini bildirir:

(Şərik qoşduqları daha xeyirlidir,) yoxsa darda qalan biri dua etdiyi zaman duasını qəbul edib sıxıntısını aradan qaldıran və sizi yer üzünün varisləri edən?! Allahla yanaşı başqa bir ilah varmı?! Nə qədər də az düşünürsünüz! (Nəml surəsi, 62)

Əlbəttə ki, bir insanın istəkləri üçün Allaha yalvarması, sıxıntı və ehtiyac içində dua etməsi üçün ölüm təhlükəsi içində olması şərt deyildir. Bu nümunələr insanların duanın səmimi və içdən olması üçün hansı ruh halı lazım olduğunu, qəflətdən qurtulduqları ölümə yaxınlıq anlarında necə Allaha yönəldiklərini müqayisə edə bilmələri baxımından verilir.

Allaha qəlbən bağlı olan möminlər isə ölümü görməsələr belə, Rəbbimizə hər zaman səmimiyyətlə və acizliklərini bilərək möhtac bir halda yönəlirlər. Bu, onları inkar edənlərdən və imanı zəif olanlardan ayıran mühüm bir xüsusiyyətdir.