Yalan danışmaq Allahın Quranda qadağan etdiyi davranışdır. Yalanın müxtəlif növləri var. İnsanlar çox vaxt ancaq açıq şəkildə və birbaşa deyilən yalanı nəzərə alırlar. Məsələn, hər hansı bir mövzuda onlardan: “Bunu sən etdin?” – deyə soruşanda: “Xeyr, mən etmədim”, – deməyin yalan olduğunu hamı bilir. “Mən yalan danışmaram”, – deyəndə də bu cür dürüstlük anlayışından bəhs edirlər. Bundan başqa, yalan növlərini isə daha günahsız və əhəmiyyətsiz hesab edirlər. Buna görə də “yalan” adlandırmadıqları yalanları söyləməkdən çəkinmirlər. Halbuki, səmimiyyətsiz edilən rəftarın günahsız tərəfi yoxdur. Bir insan həqiqəti inkar etmək məqsədilə hansı üsuldan istifadə edirsə, bu, yalandır.
Yalan nəfsin çətinlik çəkdiyi anlarda ortaya çıxır. Ağlı başında olan bir insan yalan danışmağın pis xüsusiyyət olduğunu bilir. Ancaq nəfsi çətinlik çəkəndə və ya özünü təmizə çıxarması lazım olduqda dərhal yalanın “günahsız növlərinə” əl atır. Məsələn, qürur, eqoistlik kimi nəfsə uyğun pisliklər insanı özünü müdafiə, qüruru xilas etmə, alçalmama, nəfsi təmizə çıxarma kimi məqsədlə yalana apara bilər. Bu səbəblə, insan özünü qiymətləndirərkən, nəfsinə qarşı çox dürüst və səmimi olmalı, səmimiyyətsiz davranışını heç vaxt günahsız göstərməyə çalışmamalıdır.
Nəfsin çətinlik çəkdiyi anlarda insan nəfsindəki pis xüsusiyyətlərə qarşı çıxan ağıla, imana və vicdana sahib olmalıdır. Əks halda, insan nəfsindəki pisliklərə qarşı iradə göstərə bilməz. Nəfsini qorumaq üçün hər cür yalan, səmimiyyətsizlik və saxtakarlığa əl ata bilər. Ancaq imanlı bir insan yalanın hər növünə etiraz edər. Güclü Allah qorxusuna sahib səmimi mömin Allahın axirətdə verə biləcəyi qarşılığı düşünərək eqoistliyini məğlub edər. Maddi-mənəvi cəhətdən nə qədər zərərə uğrasa da, həmişə dürüst olar.
Səmimi mömin Allaha iman gətirməyən, Allahdan qorxmayan və axirətə inanmayan insanların rahatlıqla etdiyi davranışın eynisini etməkdən Allaha sığınar.
Yalan şeytanın xüsusiyyətidir. Yalan danışmaq, yəni yanıldıcı məlumat vermək şeytanın əsas xüsusiyyətlərindəndir. Şeytan bu xüsusiyyəti ilə insanları aldadıb doğru yoldan azdırır. Öz tərəfdarlarını, təsiri altına aldığı insanları da belə davranmağa sövq edir. Quranda şeytanın yalançı xarakterinin bildirildiyi ayələrdən biri bu şəkildədir:
İş bitdikdə şeytan deyəcək: “Həqiqətən də, Allah sizə həqiqi vəd vermişdi. Mən də sizə vəd vermişdim, lakin sizə yalan danışdım… (İbrahim surəsi, 22)
Yalanı çirkin gördüyünü deyən və yalan danışanları şiddətlə qınayan, ancaq üstüörtülü yalan deməyə vərdiş etmiş bəzi insanlar var. Bu cür yalanların ən əhəmiyyətli xüsusiyyəti isə isbat edilməsi çox çətin olmasıdır. Bu cür yalanlarda bəlkə də açıq şəkildə var olan bir şey inkar edilmir, ya da heç olmayan bir mövzu uydurulub xəyali bir söz deyilmir. Amma var olan bir mövzu səmimiyyətsiz üsullarla dəyişdirilir. Quranda bu şəkildə həqiqəti təhrif edərək yalan danışanların əxlaqı belə bildirilmişdir:
Şeytanların kimə nazil olduqlarını sizə xəbər verimmi? Onlar hər bir yalançıya və günahkara nazil olarlar. (Şüəra surəsi, 221-222)
Allah Quranda belə şəxslərin şeytanın təsiri altında hərəkət etdiklərini bildirmişdir. Bu insanlardan soruşanda yalan demədiklərini iddia edərlər. Halbuki, etdiklərinin açıq şəkildə deyilən yalandan heç bir fərqi yoxdur. Birində həqiqət açıq şəkildə inkar edilir, digərində müxtəlif bəhanələr uydurularaq inkar edilir. Məsələn, bir insan dediyi sözü geri götürmək istədikdə açıq şəkildə: “Mən səhv dedim”, – demək əvəzinə: “Mən o sözümlə başqa şey nəzərdə tutmuşdum”, – deyərək həqiqəti təhrif etməyə çalışır. Bu, səmimiyyətsiz üslubdur. Belə üslubun yalanın bir növü olduğu deyildikdə həmin insan bu səmimiyyətsizliyini başqa bir səmimiyyətsizliklə örtməyə çalışır. Bu şəkildə, yalan danışmadığını isbat etməyə çalışarkən ard-arda bir çox yalan danışır.
Halbuki, bir hadisəni gizlətmək, əksini söyləmək necə yalandırsa, belə səmimiyyətsiz üsullarla həqiqəti təhrif etməyə çalışmaq da eyni şəkildə açıq-aşkar yalandır. Allah hər şeyin ən doğrusunu, bir insanın bir söz deyərkən niyyətini, səmimiyyətini, məqsədini biləndir. Quranda bu həqiqət insanlara belə bildirilir:
Onlar insanlardan gizlətsələr də, Allahdan gizlədə bilməzlər… (Nisa surəsi, 108)

