Hər çətinliklə birlikdə asanlıq vardır

Allah dünyanı, insanları imtahan etmək üçün yaratmışdır və imtahan üçün insana bəzən ruzi

Allah dünyanı, insanları imtahan etmək üçün yaratmışdır və imtahan üçün insana bəzən ruzi verərək, bəzən də çətinliklərə məruz qoyaraq sınayır. Hadisələri Quranda göstərilən həqiqətlərə görə dəyərləndirməyən insanlar qarşılaşdıqları çətinlik əsnasında nə edəcəklərini bilmir, bədbinliyə və ümidsizliyə qapılırlar. Halbuki Quranda Allahın bununla bağlı olaraq bildirdiyi və yalnızca səmimi imana və təslimiyyətə sahib olan bəndələrinə nəsib olan bir sirr var. Bu sirri Allah belə bildirmişdir:

Şübhəsiz ki, hər çətinliklə birlikdə bir asanlıq vardır. Əlbəttə, hər çətinliklə birlikdə bir asanlıq vardır. (İnşirah surəsi, 5-6)

Ayələrdə bildirdiyi kimi vəziyyət nə qədər çətin və çıxılmaz görünsə də, Allah mütləq möminlər üçün o vəziyyətdən çıxmağı asanlaşdıracaq və çətinliklərini yüngülləşdirəcək. Mömin səbir etdiyi və səbrində qətiyyət göstərdiyi zaman Allahın bütün çətinliklərlə bərabər, həm də rahatlıq verdiyini görəcəkdir.

Belə ki, Allah başqa ayələrində də, Ondan qorxub-çəkinən bəndələrinə yol göstərəcəyini, onlara nemət bəxş edəcəyini müjdələmişdir:

…Kim Allahdan qorxarsa, Allah onun üçün bir çıxış yolu yaradar. Və heç gözləmədiyi bir yerdən Allah ona ruzi yetirər. Kim Allaha təvəkkül edərsə, Allah ona yetər… (Talaq surəsi, 2-3)

Allah heç kəsi gücü çatmayan yüklə yükləməz. Allah sonsuz mərhəməti, şəfqəti və ədaləti ilə yaratdığı hər hadisədə həm asanlıq verir, həm də hər insanı gücünə görə sınaqlardan keçirir. Allahın insanlara əmr etdiyi ibadətlər, onları sınamaq üçün yaratdığı çətinliklər, insanlara verdiyi öhdəliklərin hamısı insanların gücü nisbətindədir. Bu, iman edənlər üçün müjdə və rahatlıq və Allahın rəhmətinin bir nümunəsidir. Allah bu sirri Quranda belə bildirmişdir:

…Biz hər kəsə yalnız gücü yetdiyi qədər (məsuliyyət) yükləyirik. Söz söylədiyiniz zaman (haqqında danışdığınız şəxs) qohumunuz olsa belə ədalətli davranın! Allaha olan əhdinizi yerinə yetirin! Allah bunları sizə əmr etmişdir ki, bəlkə, siz düşünüb öyüd alasınız. (Ənam surəsi, 152)

İman gətirib yaxşı işlər görənlərə gəldikdə, – Biz heç kimə gücü yetdiyindən artıq (vəzifə) yükləmərik – onlar cənnət əhlidirlər. Onlar orada əbədi qalacaqlar. (Əraf surəsi, 42)

Biz heç kəsi gücünün çatmadığı bir şeydən məsul tutmarıq. Bizim dərgahımızda haqqı söyləyən bir kitab vardır. Onlara heç bir haqsızlıq edilməz. (Muminun surəsi, 62)

Allahın dininə tabe olmaq asandır. İnsanların əksəriyyəti dinin həyatı çətinləşdirəcəyini, onlara bir çox ağır öhdəliklər yükləyəcəyini zənn edirlər. Bu, şeytanın insanı dindən uzaqlaşdırmaq üçün verdiyi şübhə və böyük səhvdir. Din rahatlıqdır. Allah iman gətirən insanlara çətinlikdən sonra rahatlıq verdiyini bildirir. Bundan əlavə, təvəkkül və taleyə iman kimi dinin əsas mövzuları insanı bütün ağırlıqlardan; çətinlik, sıxıntı və kədərdən azad edir. Allah bir çox ayəsində Ona tabe olanlara və dininə yardım edənlərə yardım edəcəyini, onları həm dünyada, həm də axirətdə gözəl həyatla yaşadacağını vəd edir. Rəbbimizin bu barədəki sözləri belədir:

Təqva sahiblərinə: “Rəbbiniz nəyi nazil etdi?” – deyildikdə onlar: “Xeyir (nazil etmişdir)”, – deyərlər. Bu dünyada yaxşılıq edənlər üçün yaxşı mükafat vardır. Axirət yurdu isə, əlbəttə, daha xeyirlidir. Müttəqilərin yurdu necə də gözəldir! (Nəhl surəsi, 30)

Allah dininə gələnlərə bu rahat yolda uğur qazandıracağını belə müjdələyir:

Kim (haqq sahibinə) haqqını verər, Allahdan qorxar, Və ən gözəl olanı təsdiqləyərsə, Biz də ən asan olanı onun üçün asanlaşdırarıq. (Leyl surəsi, 5-7)

Quranda bildirilən bu sirlərdən aydın olur ki, Allahın dininə səmimi şəkildə üz tutan insan əvvəldən müvəffəq olacağı, dünyada da, axirətdə də qazanc əldə edəcəyi bir yolu seçmişdir. İnkar edənlər üçün isə tamamilə əksi olacaq. Onlar da əvvəldən məğlub edilmiş, qəm–qüssə, bədbəxtlik və itirilmiş dünya və axirət həyatına sahib olacaqlar. Onlar inkar etdikləri andan etibarən həm dünyasını, həm də axirətini itirmiş olurlar. Allah bunu ayələrində belə bildirir:

Ancaq kim xəsislik edər, özünü (Allaha) möhtac görməz, Və ən gözəl olanı təkzib edərsə, Onun üçün də ən çətin olanı asanlaşdırarıq. (Leyl surəsi, 8-10)

Əlbəttə ki, Allahın dostluğunu, yardımını, dəstəyini qazanmaq daha üstündür. Kim Allah ilə dostluq etsə və Ona təslim olsa, o insan dünyada və axirətdə böyük qazanc əldə etmiş olar və heç bir hadisədən, heç bir insandan zərər görməz. Odur ki, vicdanlı və ağıllı olan hər kəs Allahın Quranda bildirdiyi bu sirləri qavrayıb doğru yolu seçməlidir. İnkarçıların bu həqiqətləri dərk etməmələri isə başqa bir sirdir. Onlar nə qədər zəkalı və ya mədəni olsalar da, Allah onların ağıllarını almışdır və bu həqiqətləri görmələrinin qarşısını almışdır.