Sonsuz mərhəmət və şəfqət sahibi olan Rəbbimiz insanlara xəbərdar edəcək, Allahın və axirətin varlığını, həyatın həqiqi mənasını bildirəcək elçilər göndərir. Elçilər insanları hidayət yoluna sövq etmək üçün bütün həyatı boyu çox səmimi mübarizə aparar. İnsanları cahiliyyə həyatından xilas edib hidayətinə vəsilə olmaq üçün bütün imkanlarını sonuna qədər istifadə edərlər.
Quranda bu mövzuda verilən nümunələrdən biri Hz. Nuhun qövmünə etdiyi təbliğdir. Hz. Nuh öz qövmünə Allahın varlığını, sonsuz güc və qüdrətini təbliğ edib onları azğın dinlərindən uzaqlaşdırmaq üçün çox böyük əmək sərf etmişdir. Bunun üçün müxtəlif üsullar istifadə etmiş, qövmünün inkar edən sözləri, üsyankar davranışları bu qiymətli insana heç bir şəkildə maneə törətməmiş, o, Allahın əmrini böyük səbir ilə yerinə yetirmişdir. Ancaq qövmü inkarda dirənmişdir. Ayədə bu şəkildə bildirilir:
Nuh dedi: “Ey Rəbbim! Mən qövmümü gecə-gündüz (haqq yola) dəvət etdim. Ancaq mənim dəvətim onların (haqq yoldan) qaçmalarını daha da artırdı. Hər dəfə onları bağışlayasan deyə mən onları (haqq yola) dəvət etdiyimdə, barmaqlarını qulaqlarına tıxadılar, (məni görməmək üçün) paltarlarına büründülər, dirəndilər və çox təkəbbürləndilər. Sonra mən onları ucadan dəvət etdim. Sonra mən onlarla həm açıq-aşkar, həm də gizlicə danışdım. (Nuh surəsi, 5-9)
Peyğəmbərlərin bu səmimi səyləri iman edənlər üçün çox böyük bir lütf, Rəbbimizin bəndələrinə olan sevgisinin çox gözəl təcəllisidir. Elçi Allahdan rəhmət olaraq inkarçılarla mübarizə etməkdə, heç bir qarşılıq gözləmədən insanların axirət həyatına vəsilə olmağa çalışmaqdadır.
Ayələrdə Allahın elçi göndərərək insanlara rəhmət etdiyi bu şəkildə bildirilir:
Şübhəsiz ki, Allah möminlərə, öz içlərindən onlara (Allahın) ayələrini oxuyan, onları təmizləyən, onlara Kitabı (Quranı) və hikməti öyrədən bir peyğəmbər göndərməklə lütf etmişdir. Halbuki daha əvvəl onlar açıq-aydın zəlalət içərisində idilər. (Ali İmran surəsi, 164)
Həmçinin öz içinizdən ayələrimizi sizə oxuyan, sizi təmizləyən, Kitabı (Quranı) və hikməti, eləcə də bilmədiklərinizi sizə öyrədən bir peyğəmbər göndərdik. (Bəqərə surəsi, 151)
(Günahlardan) çəkinib mərhəmətə nail olmağınız ümidi ilə içinizdən sizi xəbərdar edən bir adam vasitəsilə Rəbbinizdən sizə öyüd-nəsihət gəlməsinə təəccübmü edirsiniz?” (Əraf surəsi, 63)
Tərəfimizdən verilən bir əmr ilə. Həqiqətən, Biz elçilər göndəririk. Rəbbindən bir rəhmət olaraq! Şübhəsiz, O, hər şeyi eşidəndir, biləndir. (Duxan surəsi, 5-6)
(Ey Peyğəmbər!) Biz səni yalnız aləmlərə rəhmət olaraq göndərdik! (Ənbiya surəsi, 107)
Allahın mübarək elçiləri dünya üzərindəki ən etibarlı, ən dürüst, ən gözəl xasiyyətli, ən üstün əxlaqlı, ən ağıllı, bəsirətli və fərasətli, ən cəsur, ən səbirli insanlardır. Elçilərin bütün insanlar üzərində güvən oyandıran, xeyirli, səmimi və çalışqan insanlar olaraq yaradılmaları Allahın insanlara çox böyük lütfüdür.
Göndərildikləri cəmiyyətə xeyir gətirən, onları Allahın yoluna dəvət edən nümunəvi əxlaqa sahib peyğəmbərlər, insanları Allahın ayələri ilə xəbərdar etməkdə, pis hərəkətlərdən çəkindirməkdə, yaxşılığı və doğru olanı tövsiyə etməkdədirlər. Dünya həyatının müvəqqəti olmasını, sonsuz axirət həyatının isə həqiqi həyat olduğunu insanlara xatırlatmaqdadırlar.
Hər cəmiyyətə mütləq bir elçi göndərilməsi də, Rəbbimizin insanlar üzərindəki bir rəhmətidir. Heç bir cəmiyyət yoxdur ki, Allahın risaləti ilə ünsiyyətdə olmasın, Allahın və axirət gününün varlığı ilə xəbərdar edilib qorxudulmasın. Quran ayələrində hər cəmiyyətin mütləq bir elçi vasitəsilə xəbərdar edildiyi belə bildirilir:
Həqiqətən, Biz səni müjdəçi və xəbərdar edən bir peyğəmbər olaraq haqq ilə göndərdik. Elə bir ümmət yoxdur ki, onlara xəbərdar edən bir peyğəmbər gəlməmiş olsun. (Fatir surəsi, 24)
Biz (Musaya) səsləndiyimiz zaman sən Tur dağının yanında deyildin. Lakin səndən əvvəl özlərinə xəbərdar edən bir peyğəmbər gəlməyən bir qövmü xəbərdar edəsən deyə, Rəbbindən bir rəhmət olaraq (bunları sənə bildirdik). Ola bilsin ki, onlar düşünüb öyüd alarlar. (Qəsas surəsi, 46)
Yoxsa onlar: “Onu özündən uydurmuşdur!” – deyirlər? Əksinə, o, səndən əvvəl özlərinə xəbərdar edən bir peyğəmbər gəlməyən qövmü xəbərdar edəsən deyə Rəbbin tərəfindən göndərilən haqq Kitabdır. Ola bilsin ki, onlar doğru yola yönələlər. (Səcdə surəsi, 3)
Şübhəsiz, Biz hər bir ümmətə: “Allaha ibadət edin və Tağutdan (bütlərdən) uzaq durun!” – deyə (əmr etmələri üçün) peyğəmbər göndərdik. Allah onlardan bir qismini doğru yola yönəltmişdir. Onlardan bir qisminin də zəlalətdə qalması vacib olmuşdur. Ona görə də yer üzündə dolaşın və (peyğəmbərləri) yalanlayanların aqibətinin necə olduğunu görün! (Nəhl surəsi, 36)
Ey kitab əhli! (Axirətdə): “Bizə nə müjdə verən, nə də xəbərdar edən biri gəldi”, – deməyəsiniz deyə, peyğəmbərlərin arası kəsildiyi bir dövrdə sizə, (həqiqətləri) sizin üçün bəyan edən elçimiz gəldi. Artıq sizə müjdə verən və xəbərdarlıq edən biri gəlmişdir. Allah hər şeyə qadirdir. (Maidə surəsi, 19)
Elçilər, göndərildikləri cəmiyyətlər üçün çox böyük lütf olmuş, insanlara bilmədiklərini öyrətmiş, gözəl həyat yaşamanın, hüzur, təhlükəsizlik, sülh və ədalətli həyatın necə mümkün ola biləcəyini izah etmişlər. Ancaq Quranda bildirilən “…Bunlar Kitabın ayələridir. Rəbbindən sənə nazil olan (Quran) haqdır. Lakin insanların çoxu iman gətirməz.” (Rad surəsi, 1) ayəsinin təcəllisi olaraq, tarix boyu elçilərin onlar üçün nə qədər böyük rəhmət olduğunu dərk edə bilən və səmimi imana yönələn çox az sayda insan olmuşdur.
İnkar edənlər imanı heç vaxt qəbul etməz ikən, bəzi insanlar da vicdanlarında elçilərin izah etdiklərinə razı olduqları halda, Quranda bildirilən həqiqi səmimiyyəti yaşamağa yanaşmayıblar.
Buna baxmayaraq elçilər Quranda Hz. Məhəmməd üçün “Sən nə qədər istəsən də, insanların çoxu iman gətirəsi deyil.” (Yusif surəsi, 103) ayəsi ilə bildirildiyi kimi, insanların iman etmələrini içdən arzu etmiş, dünyada və axirətdə nemətə qovuşmaları, ola biləcək ən gözəl və ən xoşbəxt həyatı yaşaya bilmələri üçün çox səmimi səy göstərmişlər.
Elçilərin, ətrafındakı insanların iman etmələrindən, dünyada və axirətdə xoşbəxt olmalarından şəxsi heç bir mənfəətləri olmadığı halda, səmimi Allah qorxuları və üstün əxlaqına görə həyatını Rəbbimizin bu əmrini ən gözəl şəkildə yerinə yetirmə səyi ilə keçiriblər.
İnsanlara imanı və din əxlaqını sevdirə bilmək üçün çox böyük çətinliklərlə qarşı-qarşıya qalmış, çox çətin hadisələrlə sınanmışlar. Ancaq heç bir çətinlik qarşısında qorxmamış, Allahın köməyi və dəstəyi ilə böyük cəsarət nümunəsi sərgiləmiş və nəticəsində də Allahın icazəsi ilə qalib gələn daim onlar olmuşlar:
Allah (lövhi-məhfuzda): “Mən və peyğəmbərlərim mütləq qalib gələcəyik!” – deyə yazmışdır. Allah güclüdür, qüdrətlidir. (Mücadilə surəsi, 21)
Kim Allahı, Peyğəmbərini və iman gətirənləri dost tutarsa, bilsin ki, həqiqətən, qalib gələcək olan məhz Allahın tərəfdarlarıdır. (Maidə surəsi, 56)
Bəndələrinə qarşı sonsuz mərhəmət sahibi olan Allah hər insanı doğru yola elçiləri vasitəsilə çağırmaqda, hidayət yolunu tapması üçün müxtəlif xatırlatmalar etməkdədir. Hər insana öyüd ala biləcəyi qədər vaxt verilməkdə, doğrular müxtəlif formalarda izah edilməkdə, hər kəs layiq olduğu ilə qarşılıq görməkdədir. Dünya həyatındakı xatırlatmalar və xəbərdarlıqlar reallaşmadan heç bir cəmiyyətin həlaka uğradılmayacağı da yenə ayələrdə xəbər verilir. Sonsuz ədalət sahibi olan Rəbbimiz bu şəkildə buyurur:
Biz heç bir məmləkəti təyin edilmiş vaxtı çatmadan məhv etmədik. (Hicr surəsi, 4)
Çünki sənin Rəbbin əhalisi (peyğəmbərlərin göstərdiyi haqq yoldan) xəbərsiz olduğu halda məmləkətləri zülmlə məhv edən deyildir. (Ənam surəsi, 131)
Sənin Rəbbin məmləkətlərin mərkəzinə ayələrimizi oxuyan bir elçi göndərmədikcə oranı məhv etməz. Biz yalnız xalqı zalım olan məmləkətləri məhv edərik. (Qəsas surəsi, 59)
Sizə Allahın ayələri oxunduğu və Onun Peyğəmbəri də aranızda olduğu halda necə küfr edirsiniz? Kim Allaha (İslama) bağlanarsa, şübhəsiz ki, o, doğru yola yönəldilmişdir. (Ali İmran surəsi, 101)

