Həqiqi eşq və dərin bağlılıq Allahın möminlər üçün yaratdığı hisslərdir

İnsanların çoxu yalnız romanlarda, filmlərdə, şeirlərdə və mahnılarda eşitdiyi “sevgi” və “dərin bağlılıq” duyğuları üzərində bir dəfə belə ciddi şəkildə düşünmədən yaşayır. Ani hissləri və ya keçici həvəsləri sevgi və dərin bağlılıq hesab edərək bir ömür keçirirlər. Qavrayışları və dünyagörüşləri onlara təlqin edilənlərlə məhdud olduğu üçün sevgi deyiləndə ağıllarına gələn anlayışlar da, daxilən hiss etdikləri duyğular da məhdud olur və çox vaxt səthi qalır.

Halbuki sevgi yaşandıqca və üzərində düşündükcə dərinləşən, insanın bütün qavrayışlarını açan, hər bir hüceyrəsinə ayrı-ayrılıqda təsir göstərən, həyat sevincini, zövqlərini, seçimlərini və həyəcanlarını bütövlükdə formalaşdıran möhtəşəm bir qüvvədir. Allahın sevdiyi və razı qaldığı bəndələri üçün yaratdığı xüsusi nemətlərdən biri olan sevgi və dərin bağlılıq insan üçün əsas fiziki ehtiyaclar qədər vacibdir və onun ayrılmaz bir parçasıdır.

Necə ki, hüceyrələrin suya, zülala və oksigenə ehtiyacı varsa, insanın da sevgiyə və dərin bağlılığa ehtiyacı vardır. Çünki bu iki duyğu insanın yaradılışında mövcud olan əsas xüsusiyyətlərdəndir və Rəbbimizin hikməti ilə insanın bütün hüceyrələrinə həkk edilmişdir. Lakin bu xüsusi, dərin və təsirli hisslərin həqiqi mahiyyəti yalnız Allaha iman edən bəndələrdə özünü göstərir.

İnsanın ruhunda dərin zövqlərin və mənəvi ləzzətlərin qapısını açan şövq, sanki yeddinci bir hiss kimidir. Allahın bənzərsiz nemətlərindən biri olan bu duyğu sözlə ifadə edilməsi çətin olan mənəvi bir coşqu halıdır. Şövqün insana yaşatdığı mənəvi zövq son dərəcə dərindir və sanki Allah sevgisinə, Ona yaxınlaşmağa açılan bir qapıdır. Bu baxımdan şövq, ruhun dərinliklərində duyulan bənzərsiz sevincin və mənəvi məmnunluğun ən güclü təzahürlərindən biridir.

İnsan fitrətinə bəxş edilmiş qiymətli bir lütf olan bu duyğu imanla güclənir, Allah sevgisi və Ona təslimiyyət sayəsində daha da dərinləşir. Quranda Rəbbimizin saleh bəndələrinə şövqün əsas qaynaqlarından biri olan sevgi nemətini bəxş etdiyi belə buyurulur:

“İman gətirib yaxşı işlər görənlər üçün Mərhəmətli Allah qəlblərdə bir sevgi yaradacaq.” (Məryəm surəsi, 96)