Nəsh – Bir ayə başqa bir ayənin hökmünü ortadan qaldırması deməkdir. Bu qədər məntiqsiz düşüncəni bəzi “din adamı” və “alim”lər, hədislərin bəzi ayələrin hökmünü qaldırdığını deyəcək qədər irəli gedirlər.
Belə bir iddia edənlər, əslində, Peyğəmbərimizə (s) iftira atırlar. İnsanları aldadaraq inandırmağa çalışırlar ki, Peyğəmbərimiz (s) söz və əməlləri ilə Qurandan kənara çıxmışdır və Quranda olmayan şeyləri etmişdir.
Peyğəmbərimiz Qurana görə hökm etmiş və yalnız Quran əsasında yaşamışdır. Peyğəmbərimizin (s) Qurandan kənar halal və ya haram gətirmək səlahiyyəti qətiyyən yoxdur. Onsuz da həm peyğəmbər olduğuna, həm də Allahdan çox qorxduğuna görə əsla belə bir şey etməz.
Quranın “Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah bağışlayandır, rəhmlidir” (Təhrim surəsi, 1) ayəsində açıq şəkildə göründüyü kimi, Peyğəmbər öz şəxsi həyatında belə halal olan şeyləri haram edə bilmir. Bundan başqa, Allah ayələrdə “Hökm yalnız Allaha məxsusdur” (Ənam surəsi, 57) və “O, heç kəsi öz hökmünə şərik etməz!” (Kəhf surəsi, 26) kimi buyurur və hökm edənin yalnız Özü olduğunu xəbər verir. Allahın hökmləri isə Qurandadır.
Beləliklə də, Allahın vermədiyi hökmü Peyğəmbərimiz (s) verə bilməz.
Quran oxumaq əngəllənəndə və hədislərin Quran hökmlərini nəsh etdiyi deyiləndə yeni din ortaya çıxarmaq və insanları həmin dinə sürükləmək çox asan olmuşdur.

