Allahın Rəsulunun (s) vəfatından sonra, münafiqlər fəallaşmağa başlamışlar. Bunun nəticəsində artıq Peyğəmbərin vəfatından 30-40 il sonra İslamda ciddi ayrılıqlar oldu. Münafiq soy olan Süfyan ailəsinin elçi düşmənliyi bu bölgünü daha da sürətləndirdi. 7-ci əsrin sonunda artıq 50-60 məzhəb var idi. 8-9-cü əsrlərdə nisbətən birləşib məzhəb sayını azaltdılar. Bunlar hamısı nədən oldu? Elçi düşmənlərinin onun adına minlərlə rəvayət uydurmasından. Hədislərin uydurma olmasını nədən bilmək olar? Quranın qorunması Allahın vədidir. Hicr surəsi, 9-cu ayədə “Şübhəsiz ki, Zikri Biz nazil etdik və sözsüz ki, Biz də onu qoruyub saxlayacağıq.” Deyilir. Amma hər təriqətin, məzhəbin özünə uyğun hədisləri var. Hamısı da tam fərqli hədislər, hamısı da Allahın Rəsuluna aid edilir. Təsəvvür edin bir sünni hədisi ilə, bir şiə hədisi bir-birinə ziddir amma hər ikisinə görə bu hədislər səhihdir. Quranda isə bu haqda heç nə yoxdur. Yəni;
1) Ya sünni hədisi uydurmadır. 2) Ya şiə hədisi uydurmadır. 3) Ya ikisi də uydurmadır.
Təbii ki, hər iki hədis uydurmadır. Əvvəlcə səhabə terminini uydurdular. Elçi dövründə belə yanaşma olmayıb. Guya səhabə səhv edə bilməz, yalan danışmaz, hətta günah eləməz. Amma biz Qurandan görürük ki, səhabə deyilən şəxslərdən həm Elçi zamanı, həm də ondan sonra müşriki də, münafiqi də, xəyanətkarı da oldu. Buna aid çoxlu ayələr var. Məsələn:
Ətrafınızdakı ərəblər və Mədinə əhalisi içərisində ikiüzlülüyü özlərinə adət etmiş münafiqlər vardır. Sən onları tanımazsan, Biz isə onları tanıyırıq. Onlara iki dəfə əzab verəcəyik. Sonra isə ən böyük əzaba uğrayacaqlar. (Tövbə surəsi, 101)
Allah Rəsuluna bildirir ki, ətrafında elə adamlar var ki, müsəlman maskası geyinməyinə baxmayaraq münafiqdir. Hətta Elçi belə onları ayırd edə bilməyib. Bu ayə ilə də səhabə termininin nöqtəsini qoyuruq. Həm mühacirlərdən, həm bədəvilərdən, həm ənsardan özünü mömin kimi göstərib münafiq olanlar var idi və Allah bunu bildirib.
Əvvəlcə baxaq kütubi sittə (sünnilərin 6 hədis kitabı) və kütubi ərbəə (şiələrin 4 hədis kitabı) müəllifləri nə zaman yaşayıblar. Peyğəmbərin vəfat tarixi 632-ci il.
- Buxari (810-870)-Elçidən 178 il sonra dünyaya gəlib.
- Müslim (821-875)-Elçidən 189 il sonra dünyaya gəlib.
- Tirmizi (824-892)-Elçidən 192 il sonra dünyaya gəlib.
- Əbu Davud (824-888)-Elçidən 192 il sonra dünyaya gəlib.
- İbn Macə (824-887)-Elçidən 192 il sonra dünyaya gəlib.
- Nəsai (829-915)-Elçidən 197 il sonra dünyaya gəlib.
- Küleyni (864-941)-Elçidən 232 il sonra dünyaya gəlib.
- Babuvay (928-1002)-Elçidən 296 il sonra dünyaya gəlib.
- Məhəmməd Tusi (995-1067)-Elçidən 363 il sonra dünyaya gəlib.
Ortaya faciəli bir mənzərə çıxır. Sünni və şiələr baxın nələrə səhih deyir. Demək onlara görə Quran anlaşılmazdır, çətindir, yarımçıqdır, hər adam anlaya bilməz, açıqlanmasına ehtiyac var və yuxarıdakı Allah və Elçi düşmənlərinin uydurma hədisləri vasitəsi ilə Quranı anlaya bilərik. Bu yerdə artıq məntiq çökür. Elçidən 200 il sonra kimsə oradan-buradan nağıllar toplayır və bunu səhih sayır.
Əslində 4 xəlifədən gələn hədislər demək olar ki, hamısı uydurmadır. Onlar heç vaxt Quranı qoyub boş sözlər danışmazdılar. Bu nağıllar sonradan Elçiyə yaxın adamların adına uydurulub. Şiələr isə daha da irəli gedərək Əhli Beytin adına 160 mindən çox hədis uydurublar. Hələ məzhəbçilər “hədis elmi” deyə bir “elm” də yaradıblar. Elm sözünə görə üzr istəyirəm, indi izah edəcəyəm onlar elm nəyə deyir. Tutaq ki, ortada bir hədis var, zəncirvari 8 nəfərdən keçib gəlir çıxır Elçiyə. O 8 nəfər içində olan adamlar əgər yaxşı adamdısa, yalançı deyilsə onda demək hədis səhihdir. Onların yaxşı olmasına da zəmanəti yenə də özləri verirlər. Yəni ortada elm, məntiq, metod, ağıl işlətmə deyə bir şey yoxdur. Bütün “əməliyyatlar” zənn və təxmin üzərində aparılır. Quranda da zənnin boş bir şey olduğu, həqiqət olmadığı açıq-aşkar bildirilmişdir (6/116, 10/36, 10/66, 49/12, 51/10, 53/23, 53/28).
Hədisləri diqqətlə oxusanız demək olar ki, hamısının başlığı “rəvayət edilir” ilə başlayır. Yəni dəqiq məsələ deyil. Ağızdan-ağıza ötürülüb. Hər danışan da öz əlavəsini edib axırda bu gün gördüyümüz uydurma hədislər ortaya çıxıb. Görək hədis elmini yaratmaq üçün hansı terminləri uydurublar:
Cərh-Hədis termini olaraq “cərh” müəyyən səbəblərdən ravinin rədd edilməsinə, tənqid edilməsinə deyilir.
Hafiz-”Əzbərləyən, muhafizə edən” mənasını verir. Mühəddislərə verilən ləqəblərdən biridir. Hədis elmində yüksək dərəcələrə çatmış şəxslərə verilir.
Hakim-Lüğəti mənası “hökm edən, hakim olan”. Hədis elmində ən yüksək mərtəbəyə çatmış şəxslərə verilən ləqəbdir.
Həsən-Luğətdə “gözəl, xoş” mənalarını ifadə edir. Həsən hədis qüvvət baxımından səhih hədisdən aşağı olsa da, dəlil olma və əməl etmə baxımından eynilə səhih hədis kimidir.
Höccət-Lüğətdə “dəlil, bürhan” mənasını verir. Bir həqiqəti ortaya çıxaran istər əqli, istər nəqli dəlilə “höccət” deyilir.
Müvəssəq-Əhli-beyt (ə.s) məktəbinin hədis elminə görə sənədində 12 İmam şiəsinə müxalif olan firqələrdən birinə mənsub olan, lakin hədisşünaslara görə etibarlı hesab edilən ravi olan hədisə deyilir. Səhih hədis kimi etibarlıdır.
Mütəvatir-Təvatur sözündən törəyib. Lüğətdəki mənası “ard-arda, ardıcıllıq” deməkdir. Ravilərin yalan üzərində həmrəy olması mümkün olmayan bir qrupun bənzər bir qrupdan rəvayət etdiyi və gördüklərinə, yaxud eşitdiklərinə əsasən rəvayət etdikləri hədisdir.
Mühəddis-Rəvayət və dirayət baxımından ravinin və mərvinin (rəvayət olunan şey) hallarını bilən və hədisi sənədi ilə rəvayət edən şəxsdir.
Ravi-Bir xəbəri, rəvayəti danışan, nəql edən şəxsdir.
Rical-Hədis üsulu elmində hədisləri rəvayət edən ravilər haqqında işlədilən ümumi ifadədir. “Bu hədisin ricalı siqədir” dedikdə, hədisin sənədini təşkil edən ravilər qəsd edilir.
Səduq-”Doğru danışan” deməkdir.
Siqə-Hədis üsulunda ədalət və zəbt sifətlərinə sahib olan raviyə deyilir.
Səbt-Hədis elmində etibarlı şəxsləri tərif etmək üçün istifadə edilən ümumi bir ifadədir.
Tədil-Ravinin ədalətli olduğuna hökm etməyə deyilir.
Uydurma hədislər hamısı bu süzgəcdən keçərək günümüzə gəlib çatmışdır. Yəni hədisçilərin elm dedikləri bu terminlər-söz oyunudur. İndi sizə müəyyən bir hədisin ravi zəncirini göstərəcəyəm.
Bizə Xalid ibn Muxəlləd rəvayət etdi (1): bizə Suleyman rəvayət etdi (2): Muaviyə ibn Muzərrəd (3) mənə Səid ibn Yəsardan (4), o da Əbu Hureyrədən (5) nəql edib ki, Rəsulullah (s) buyurub (6):
Elçidən guya Əbu Hüreyrə eşidib o da filankəsə deyib, o da filankəsə deyib, o da kiməsə deyib axırda gəlib çatıb Buxariyə o da ciddi “elmi-məntiqi” araşdırmalar apararaq bunun Rəsula aid olduğunu sübut edib və səhih hədis kimi kitabına alıb. Buna ancaq düşüncəsi olmayan adamlar inana bilər.
Məhəmməd ibn Əbdül Malik ibn Əbiş-Şəvarib (1)–Yəhya ibn Əmr ibn Malik ən-Nukri (2)–atasından (3)–Əbil Cəuzə (4)–İbn Abbas (5).
“Alimlər” hədisi araşdırır: İbn Abbas səhabədir yalan danışmaz, Əbil Cəuzə haqqında filankəs deyib ki, “yaxşı oğlandır” onda yalan söz olmaz, Yəhya ibn Əmr haqqında qonşusu deyib ki, o həmişə düz danışardı, Əbdül Malik haqqında xalası oğlu deyib ki, o həmişə haqqı deyib. Budur möhtəşəm bir araşdırma və hədis tamamilə səhihdir!
Şiələrin də belə “möhtəşəm” hədis elmi var. Onlarda bir az fərqlidir. Hədis əgər 12 imamdan birindən nəql edilibsə onun səhihliyinə şübhə yoxdur. Hava ilə də gəlsə səhih sayılmalıdır.
Bizə Həsən ibn Həmzə (1) nəql edib dedi: mənə Əli ibn Məhəmməd ibn Qüteybə (2) nəql edib dedi: mənə Fəzl ibn Şazan (3) nəql edib dedi: mənə Məhəmməd ibn Ziyad (4) nəql edib dedi: mənə Cəmil ibn Saleh Cəfər ibn Məhəmməddən (5) nəql edib dedi: mənə atam (6) öz atasından (7), o da Hüseyn ibn Əlidən (8) nəql edib dedi: “Allah Rəsulu (9) buyurdu:
Nəhayət ki, 8 nəfərdən sonra gəlib Allah Rəsuluna çıxa bildilər. Bu elm deyil, bu qeybətdir. Ağızdan-ağıza söz gəzdirməkdir. Elçiyə və onun Əhli-Beytinə iftiradır.
Əhməd ibn Ziyad ibn Cəfər Həmədani (1) bizə hədis söylədi və dedi: Əli ibn İbrahim ibn Haşim (2) atasından (3), o da Məhəmməd ibn Əbu Umeyrdən (4), o da Ğiyas ibn İbrahimdən (5), o da İmam Sadiqdən (6), o da İmam Məhəmməd Baqirdən (7), o da atası İmam Səccaddan (8), o da atasın İmam Hüseynin (9) belə buyurduğunu nəql edir:
Zəncirin davamında məsələ gedir Hz Əliyə (10), oradan da Elçiyə çıxır. Üstəlik də deyirlər ki, hədis səhihdir. Yəni nə sünnilərin, nə də şiələrin Allahdan qorxusu yoxdur.
Yuxarıda yazdıqlarımdan gördük ki, nə sünni hədislərinə, nə də şiə hədislərinə etibar etmək olmaz. Onlar özləri öz ziddiyyətlərində 1400 ildir ki, çapalayırlar. Verəcəyim məntiqi və ağıl dəlillərinə görə görəcəyik ki, Quran tam qorunub amma hədislər uydurulub.
1) Hədisçiləri bir az sıxışdıran kimi, o dəqiqə Allah və Qurana iftira atmağa başlayırlar ki, hədisi qəbul etmirsənsə demək Quran da dəyişdirilib. Bu iddianı heç ateistlər belə etməz. Yəni hədisçilər ateistlərdən də təhlükəlidir.
Quran Elçi dövründən indiyə kimi dəyişdirilmədən, olduğu kimi çatıb. Elçi dövrünə aid Sana müshafının indiki müshaflardan zərrə qədər də fərqi yoxdur.
Sana müshafının elçi dövrünə aid olmasının sübutu Karbon-14 testidir ki, bu testin səhv etmə ehtimalı çox aşağıdır.
Quran qorunub və qiyamətə kimi qorunacaq (Hicr 9, Fussilət 42, Ənam 115).
Niyə ancaq Quran? Çünki Qurandakı bütün sözlər Rəsulun ağzından çıxıb. Ortada şəxslər yoxdur. Yəni filankəs, filankəsdən nəql elədi ki, rəsul bu ayəni belə dedi kimi sözlər yoxdur. Bir başa vəhy olduğu kimi Rəsul tərəfindən deyilir.
Quranın Hz. Osmanın dövründə kitab halına salınması uydurmadır. Quran tamamlananda artıq kitab formasında idi. Sübutu: Tur 2, 3. And olsun dəri üzərində yazılmış kitaba. Qələm 1. And olsun qələmə və sətir-sətir yazdıqlarına ki.
Quranda ancaq bir sünnətdən bəhs edilir-Sünnətullah: Əhzab 62, Ənfal 38, Hicr 13, İsra 77, Fatir 43, Fəth 23.
Peyğəmbərin sünnətini yüzillər sonra yazılan uydurmalarda axtaranlar nədənsə Qurana heç baxmırlar. Allah rəsulunun sünnəti tamamilə Qurandadır.
Yəni hədisçilərin iddiaları tamamilə əsassızdır. Əgər dünyada bircə müsəlman da sağ qalmasaydı, yenə də Quran indiyə kimi tam qorunmuş, dəyişdirilmədən çatacaqdı. Çünki bu Allahın vədidir.
2) İndi isə hədisçiləri silkələyən iddialarımı yazıram. Əminəm ki, 1300 illik bütün alimlərini yığsalar bunlara cavab verə bilməzlər.
Elçi dövründən qalmış, Karbon-14 karbon testindən keçmiş yazılı bir hədis kitabı varmı?
Quranı ayə-ayə yazdıran Rəsul bilə-bilə gələcəkdə şifahi deyilən şeylər ixtilaf yaradacaq hədisləri niyə ayrıca yazdırmadı?
Dörd Raşidi xəlifəsi dövründə yığılan bir hədis toplusu varmı? (Vərəq, səhifə yox, konkret kitab).
Ömrünün 27 ilini Peyğəmbərin yanında keçirən Hz. Əli niyə ayələrin təfsirini yazmamışdı? Yoxsa onlar düşünürdülər ki Quran sadəcə o dövr üçündür?
Peyğəmbərin və ətrafındakıların ağlına niyə gəlməmişdi ki, hədis ağızdan çıxan kimi yazsınlar? Axı ayə enən kimi rəsul yazdırırdı.
Quranı elçi və ətrafındakıların əksəriyyəti nöqtəsinə kimi əzbər bilirdi. Bəs necə olur da Elçi onların əzbər bilməsinə baxmayaraq Quranı yazdırdı amma hədisləri yox?
Əgər hədislər də vəhydirsə deməli ağızdan çıxan kimi yazılmalı idi. Yazılmayıbsa demək ki, buna ehtiyac olmayıb, yəni vəhy deyil.
Özünə əhli sünnə, əhli şiə deyənlər Qurandan buna dəliliniz nədir?
İlk hədis Peyğəmbərin vəfatından neçə il sonra qələmə alınıb?
Buxarini, Müslimi, İbn Məcani, Tirmizini, Əbu Davudu, Küleynini, Babuvayı və.s hədis kitabı yazanları kim bu işə mükəlləf edib? Məgər onların dövrünə kimi hədis toplusu yox idi müsəlmanlar şəriəti bilmirdi?
Qurani Kərimdə hədisə inanmaq, Quran və sünnə bölgüsü olan bircə ayə varmı?
Zuxruf 44-də Bizim Qurandan imtahan olunacağımızı deyir, niyə Quran və sünnə demir?
Bu gün İslam adına törədilən terrorlar, qətllər, yaradılan qruplaşmalar hamısı hədis üzərində qurulub. Əslində bu gün hədisçilərin əlində hakimiyyət olmadığına görə öz çirkin əməllərini əyani göstərə bilmirlər və sadəcə nəzəri yaymaqla kifayətlənirlər. Əgər onların da əlində İŞİD kimi fürsət olsa, onda biz məzhəblərin əsl iç üzünü görəcəyik. Necə ki vaxtilə hənəfi-şafi, hənbəli-hənəfi, sünni-şiə qırğınları olmuşdu. Nə qədər ki, Quranı mərkəz götürüb onunla hökm verməyəcəklər, qiyamətə kimi bir-birinin ətini didəcəklər. Allahın endirdiyi ilə hökm verməyənlərə Allah belə buyurub:
…Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil kafirlərdir. (Maidə surəsi, 44)
…Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil zalımlardır. (Maidə surəsi, 45)
…Kim Allahın nazil etdiyi ilə hökm verməzsə, onlar əsil günahkarlardır. (Maidə surəsi, 47)
Ziddiyyətə düşüb firqələrə parçalananlara da Allah bir mesaj qoyub:
…Hamınızın dönüşü Allahadır. O, ixtilafa düşdüyünüz şeylər barəsində sizə xəbər verəcəkdir. (Maidə surəsi, 48)
Allah Rəsulunun adından hədis uyduranlar da Quranda bildirilir. Ayədə deyildiyi kimi, onları uydurduqları şeylərlə birlikdə tərk etmək lazımdır.
Beləcə, hər peyğəmbər üçün insan və cin şeytanlarından düşmənlər təyin etdik. Onlar biri digərini aldatmaq üçün bir-birinə təmtəraqlı sözlər fısıldayarlar. Əgər Rəbbin diləsəydi, onlar bunu edə bilməzdilər. Ona görə də, onları uydurduqları yalanlarla baş-başa burax! (Ənam surəsi, 112)

