Möminlərin hədəfi Allahın rizasını, rəhmətini və cənnətini qazanmaqdır. Ancaq insan zəif və unutqan yaradılmışdır; buna görə də, bir çox xətası və ya nöqsanı ola bilər. Bəndələrini ən yaxşı bilən, sonsuz mərhəmət və şəfqət sahibi olan Allah, səmimi bəndələrinin günahlarını örtəcəyini və onları asan bir haqq-hesab ilə sorğu-suala çəkəcəyini bildirmişdir:
“Kimin əməl dəftəri sağ tərəfindən verilərsə, onun haqq-hesabı asan olacaq, və sevinərək ailəsinin yanına qayıdacaqdır.” (İnşiqaq surəsi, 7-9)
Allah, əlbəttə ki, hər insanın günahlarını yaxşılığa çevirməz. Allahın günahlarını örtərək bağışladığı möminlərin xüsusiyyətləri də Quranda bildirilmişdir:
- Böyük günahlardan çəkinənlər:
Allah bir ayədə: “Əgər sizə qadağan edilmiş böyük günahlardan çəkinərsinizsə, sizin kiçik günahlarınızın üstünü örtər və sizi şərəfli bir yerə (cənnətə) daxil edərik”, – deyə bildirir (Nisa surəsi, 31). Bunu bilən möminlər Allahın çəkdiyi sərhədlərə çox diqqət yetirər, bunlardan kənara çıxmaqdan və harama girməkdən çəkinərlər. Əgər unudaraq, yanılaraq və ya qəflətə qapılaraq bir xətaları olarsa, dərhal Allaha yönələr və tövbə edərək Ondan bağışlanma diləyərlər.
Allah hansı bəndələrin tövbəsini qəbul edəcəyini isə yenə Quranda bildirmişdir. Buna görə də bir insanın “Allah onsuz da bağışlayar” deyə düşünərək davamlı xəta işləməsi böyük bir yanılmadır. Çünki Allah ancaq bilmədən pis iş görən, sonra da dərhal tövbə edənlərin tövbəsini qəbul edər. Yoxsa günah işlər görməyə davam edib və nəhayət ölümü çatdığı zaman: “Mən indi tövbə etdim”, – deyən kimsələrin və inkar edən olaraq ölənlərin tövbəsi qəbul olunmaz. (Nisa surəsi, 17-18)
Ayələrdən də başa düşüldüyü kimi, bir insanın qüsurlarının örtülməsi və din günündə peşman olmaması üçün edəcəyi şeylərdən biri günaha girməkdən mütləq şəkildə uzaq olmasıdır. Günaha girən bir möminin isə etməli olduğu, dərhal Allaha qəti şəkildə tövbə etməkdir.
- Saleh əməl edənlər
Allah başqa ayələrində isə, saleh əməl edənlərin günahlarını örtəcəyini bildirir. Bu ayələrdən bəziləri belədir:
“Kim Allaha iman edib yaxşı işlər görərsə, Allah onun günahlarının üstünü örtər və onu altından çaylar axan, əbədi qalacağı cənnətlərə daxil edər. Böyük uğur budur!” (Təğabun surəsi, 9)
“Ancaq tövbə edib iman edən və yaxşı işlər görənlər bundan istisnadır. Allah onların pis əməllərini yaxşı əməllərə çevirər. Allah bağışlayandır, mərhəmətlidir.” (Furqan surəsi, 70)
Bir insanın sadəcə Allahın rizasını qazanmaq üçün etdiyi hər hərəkət və davranış saleh bir əməldir. Məsələn, bir insanın din əxlaqını insanlara anlatması, təvəkkülsüz birinə taleni xatırlatması, qeybət edənə mane olması, evini və bədənini təmiz saxlaması, elmini və mədəniyyətini artırması, gözəl söz söyləməsi, insanlara axirəti xatırlatması, xəstə olan birinin qayğısına qalması, yaşlı birinə sevgi və şəfqət göstərməsi, xeyir işlər üçün istifadə edəcəyi pulu qazanmaq üçün çalışması, pis sözə yaxşılıq və səbirlə qarşılıq verməsi kimi insanın hər davranışı Allahın rizası üçün edildikdə saleh əməl olar.
Axirətdə Allahın günahlarını örtərək yaxşılıqlara çevirməsini diləyənlər daima Allahın ən çox razı qalacağı davranışı seçməlidirlər. Bunun üçün insanın axirət günü verəcəyi hesabı düşünməsi lazımdır. Məsələn, axirət günündə cəhənnəm atəşinin yanında dayandırılan bir insana dünya həyatında işlədiyi günahlar göstərilsə və ona bu günahlarının bağışlanması üçün saleh əməllər etməsi lazım olduğu söylənilsə, bu insanın davranışının necə olacağı aydındır.
Cəhənnəm atəşini yanında görən, cəhənnəmdəki insanların ümidsizliyini, peşmanlığını, verilən əzaba görə iniltiləri eşidən, cəhənnəmdəki əzabın necə olacağına gözləri ilə şahid olan bir insan, Allahı ən çox razı edəcək davranışları seçəcək və var gücü ilə səy göstərəcəkdir. Bu vəziyyətdəki bir insan heç vaxt laqeydlik göstərə bilməz, əsla tənbəllik edə bilməz, Allahı razı edəcək əməl varkən başqa cür davranmaz, biganə ola bilməz və ya heç vaxt qəflətə düşə bilməz.
Çünki cəhənnəm hər an yanı başındadır və ona sonsuz həyatını və Allahın əzabını hər an xatırlatmaqdadır. Bu vəziyyətdəki bir insan edəcəyi əməlləri gecikdirib təxirə də salmaz. Vicdanının əmr etdiyi hər şeyi dərhal və qüsursuz edər. İbadətlərində çox diqqətli və daimi olar.
Məhz Allah, dünya həyatında da sanki cəhənnəmi görüb gəlmiş və ya cəhənnəmi hər an yanı başında görən biri kimi saleh əməllər edən, Allahdan və axirətdən qorxub çəkinərək davrananların günahlarını yaxşılığa çevirəcəkdir. Bu möminlər axirətə qəti şəkildə iman edərlər və Allahın əzabından şiddətlə qorxub çəkinərlər.

