Müsəlmanın ən səciyyəvi xüsusiyyətlərindən biri də istənilən vəziyyətdə müsbət əhval-ruhiyyədə olmasıdır. Müsəlman hər şeydə xeyir görür, hikmət axtarır. Ən çətin anlarda belə heç vaxt ümidsiz olmur. Çünki hər şeyi Allahın yaratdığına, Onun “ol” deməsi ilə istədiyi hər şeyi etməyə qadir olduğuna iman gətirir. Ortada mənfi kimi görünən vəziyyət varsa, bununla Allah tərəfindən imtahan olunduğunun şüurundadır. Allahın o vəziyyəti yaratmasındaki xeyri, hikməti düşünür və dərhal “…Ola bilsin ki, sevmədiyiniz bir şey sizin üçün xeyirli, sevdiyiniz bir şey isə sizin üçün zərərli olsun. Allah bilir, siz isə (bunu) bilmirsiniz”(Bəqərə surəsi, 216) ayəsini xatırlayar. Belə ruh dərinliyinə sahib olan müsəlman üçün hər şey gözəlliyə çevrilir. Çətinlik də, sıxıntı da olsa, bunların hamısını ona verənin Allah olduğunu bilir. Allah müsəlmanların ən əziz dostu, köməkçisi, vəlisidir. İnsana dostundan gələn hər şey çox gözəldir, dəyərlidir. Allahın yaratdığı hər şeydə çoxlu xeyir və hikmət var.
Allah dünya həyatında Ona könüldən, şirk qoşmadan iman gətirənlərin ruhlarını cənnətə layiq olacaq şəkildə yetişdirir. Bu təlimin hər mərhələsi isə Allahın diləməsi ilə müsəlmanların cənnətə bir addım da yaxınlaşmasına vəsilə olur. Bu əxlaqla hərəkət edən müsəlman sadəcə çevrəsindəki hadisələri və ya öz vəziyyətini deyil, eyni zamanda öz əxlaqı inkişafını da dəyərləndirir. Əxlaqında ortaya çıxan əksikliklərə, davranışlarındakı yanlışlara da xeyir gözü ilə baxır. İman gətirmək səhvsiz olmaq demək deyil. Allah insanı aciz, qüsurlu və zəif yaradıb. Müsəlman da hər insan kimi səhv edir. Amma cahil insanlardan fərqi vicdanən doğrunu hiss edəndə, yaxud da özü hiss etməsə belə, biri tərəfindən xatırladılanda bilə-bilə yanlışına davam etməməsidir. Dərhal peşman olub, Allaha sığınıb tövbə etməsi və səhvindən dərs çıxarıb bir daha təkrarlamamağa niyyət etməsidir. Bu da müsəlmanın səmimiyyətinin bir göstəricisidir. Allah müsəlmanların səhv edəndə necə davranmalı olduqlarını bizə belə bildirir:
“O kəslər ki, bir pis iş gördükdə, yaxud özlərinə zülm etdikdə Allahı xatırlayıb günahlarının bağışlanmasını diləyərlər, – günahları Allahdan başqa kim bağışlaya bilər? – onlar bilə-bilə etdiklərinə görə israr etməzlər.” (Ali İmran surəsi, 135)
Müsəlman Allahın ruhunu daşıyan dəyərli varlıqdır. Belə insanın xətalarını gözündə böyütməsi, buna görə özünü dəyərsiz hiss etməsi, Qurana əsasən doğru davranış deyil. Səhvi yaradan, onu insanın qədərində o insana etdirən Allahdır. İnsan hələ dünyaya gəlməzdən əvvəl hansı tarixdə, hansı saatda, harada o səhvi edəcəyi onsuz da qədərdə bəllidir. İnsan o anı min dəfə də başdan yaşasa, eyni tarixdə, eyni saatda, eyni yerdə yenə də o səhvi edəcəkdir. Bu səbəbdən səhvinə görə insanın özünə qarşı sui-zənnə girməsi, əzik ruh halında yaşaması yanlışdır. Müsəlman heç vaxt və heç bir vəziyyətdə digər insanların razılığını güdməz. “İnsanlar nə deyər görəsən, hal-hazırda haqqımda nə düşünürlər, mənə olan sevgiləri azaldımı, mənə qarşı güvənləri sarsıldımı?- kimi düşüncələrlə vəsvəsəyə qapılmazlar. Müsəlman sadəcə Allahın razılığını qazanmağı düşünər. Bir səhvi, qüsuru olanda da sadəcə Allahdan bağışlanma diləyər və günahlarını Allahın bağışlayacağını umar. Allahın sonsuz bağışlayan olduğunu bilər. Onun üçün əsas vacib olan Allahın ondan razı qalmasıdır. Hz. İbrahimin “Din günü xətalarımı bağışlayacağını umduğum da Odur”(Şuəra surəsi, 82) deyərək etdiyi duası müsəlmanlar üçün bu barədə çox gözəl örnəkdir.
Müsəlman imanlı olduğu və Allaha güvəndiyi üçün özünü həmişə gözəl əxlaqlı və dəyərli görür. Özünə həmişə hörmət edir. Allahın “Acizlik göstərməyin və kədərlənməyin. Möminsinizsə, üstün olacaqsınız.” (Ali İmran surəsi, 139) ayəsini həmişə yadında saxlayır və özünə də bu cəhətdən qiymət verir. Bir müsəlman digər müsəlmanlar tərəfindən sevilmək və güvənilmək istəyir. Ancaq o sevgini yaradacaq və digər möminlərin qəlbində güvən hissi yaradanın Allah olduğunu bilir. Bu təvəkkülün rahatlığını yaşayır.

