Gündəlik həyatda insan necə dərin düşünə bilər?

İnsan gündəlik həyatın axarı içərisində bir çox məsələ haqqında düşünər. Məsələn, o gün görəcəyi işləri, gedəcəyi yerləri, özünə deyilən yaxşı və ya pis bir sözü, işi yaxud təhsili ilə bağlı fəaliyyətlərini, uzunmüddətli planlarını düşünər. Bunlara bənzər bir çox fikir gün ərzində onun zehnini məşğul edə bilər. Bunların hamısı lazımi düşüncələrdir, lakin bu qəbildən olan fikirlər insanın zehnində yalnız ehtiyac duyulduğu qədər yer tutmalıdır. Çünki təxirəsalınmadan düşünülməsi vacib olan və insanın sonsuz həyatına aid olan daha mühüm məsələlər vardır.

İnsan, ilk növbədə, özünün və ətrafındakı bütün canlıların necə meydana gəldiyini, bu varlıqların həyatını necə davam etdirdiklərini ətraflı şəkildə düşünməlidir. Bununla əlaqədar olaraq bütün bu varlıqları yoxdan yaradan və onların mövcudluğunu qoruyan Allahı və Onun sifətlərini təfəkkür etməlidir. Ardından, bu sonsuz qüdrət və elm sahibi Rəbbimizin özünü yaratma qayəsini və ondan nələr tələb etdiyini düşünməlidir. Allahın ayələrini və əmrlərini ən gözəl şəkildə yerinə yetirmək əzmində olmalıdır. Bununla yanaşı, özünü gözləyən qaçılmaz sonu, yəni ölümü və axirət həyatını da heç vaxt yadından çıxarmamalı, daim bu şüurla hərəkət etməlidir. Özünü bu təxirəsalınmaz mövzulardan uzaqlaşdıraraq qəflətə sürükləyəcək, müvəqqəti dünya və sonsuz axirət həyatına heç bir faydası olmayacaq, hətta ziyan vuracaq iş, düşüncə, hərəkət və söhbətlərdən də davamlı olaraq çəkinməlidir.

İnsanın zehni potensialı əslində çox genişdir. Əsas məsələ insanın bundan istifadə etməyi bilməsi və zehnini lazımsız fikirlərlə məşğul etməməsidir.

İnsan gündəlik həyatını davam etdirərkən bir tərəfdən də bu mühüm mövzular üzərində düşünə bilər. Üstəlik, bu mövzuları çox ətraflı şəkildə, ayrı-ayrı məsələlər üzrə, ayələrlə əlaqələndirərək təfəkkür edə bilər. Məsələn, gününün 9–10 saatını iş yerində və ya təhsil müəssisəsində keçirən bir insan gün ərzində üzərində düşünə biləcəyi çoxlu hadisələrlə qarşılaşar. Bunlar Quranda təsvir edilən insan xarakterləri, yaxud yaşadığı və içində olduğu mühitlər ola bilər. Vicdandan istifadə etmək, nəfsə tabe olmaq, həsəd, təvazökarlıq, təvəkkül, səbir kimi yüzlərlə mövzunu bilavasitə yaşayaraq düşünə bilər və üstəlik bu məsələləri hər tərəfli təhlil edərək dərindən qavrayar. Əsas olan insanın bu imkanları görməsi və onlardan düzgün istifadə etməsidir.

Bundan əlavə, ətrafında baş verən hadisələr haqqında da düşünə bilər: çiçəklərin açmasından göydə quşların uçmasına, tənəffüs etdiyi oksigenin nisbətindən və canlılara verdiyi faydadan tutmuş ürəyinin döyünməsinə qədər çoxlu mövzuları ətraflı şəkildə təfəkkür edə bilər. Sual verərək, cavablarını öyrənməyə çalışaraq, alışılmış izahların hüdudlarından kənara çıxaraq düşünən insan dərin təfəkkür etməyə başlayar. Allah Quranda möminlərin düşünən insanlar olduqlarını belə bildirir:

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə və gündüzün bir- birini əvəz etməsində təmiz ağıl sahibləri üçün (Allahın varlığını və birliyini göstərən) dəlillər vardır. Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:) “Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru! (Ali İmran surəsi, 190-191)