“O gün insana etdiyi və təxirə saldığı hər şey xəbər veriləcəkdir.”

Allah üçün zaman ayırmaq

Gündəlik həyatları boyunca insanlar bir çox işə rahatlıqla zaman ayırırlar. Xüsusilə hər hansı bir mənfəətləri olduğunda lazım gələrsə, başqa istəklərindən keçir, amma yenə də o iş üçün lazım olan zamanı nizamlayırlar. Eləcə də imkanları olmadıqda bütün maneələri qaldıran çarələri də çox tez düşünüb tapırlar. Ancaq ibadətlərdən söz düşəndə insanların çoxu eyni qərarlılığı göstərmir.

“Namaz qılmaq istəyirəm, amma vaxt tapa bilmirəm”, “işləyirəm, necə oruc tuta bilərəm”, “məktəbə gedirəm, dərsə hazırlaşmalıyam, ibadətə vaxt ayıra bilmərəm”, “bura bağ evidir, burada oruc tuta bilmərəm” kimi bəhanələr uyduran insanlara ətrafınızda tez-tez rast gəlmisiniz. Eyni şəkildə, “səbirli insan olmaq istəyirəm, amma hər şey bir-birinin ardınca olur”, “hirslənmək istəmirəm, amma mühit çox stresslidir” kimi bəhanələrlə çirkin əxlaq göstərən insanları çox görmüsünüz. Bu insanlar, əslində, Quran əxlaqını həyata keçirməyə səmimiyyətsiz yanaşırlar. Çünki bir az əvvəl də ifadə etdiyimiz kimi, insanlar dünyaya aid bir mənfəət ümid etdiklərində zaman və imkanları düşünmədən, lazım olduğunda hər cür çarəni taparaq istədikləri şeyi edirlər. Amma mövzu özlərini yaradan və yaşadan Allaha qarşı yerinə yetirilməsi lazım olan məsuliyyət olduğu zaman dərhal qeyri-mümkünlüklərdən şikayət etməyə başlayırlar.

Bu mövzunun daha konkret şəkildə aydın ola bilməsi üçün belə bir nümunə verək. Bir insana gündə 1 saatını ayıraraq bir iş görməsi qarşılığında çoxlu miqdarda pul təklif edilsə, (məsələn, aylıq qazandığı maaşın 10 qatının ödənəcəyi deyilsə), bu adam imkanları necə olursa olsun, dərhal təklifi qəbul edər. Üstəlik, bu insan bir tərəfdən universitet imtahanına hazırlaşa bilər və ya eyni zamanda, işləyə bilər. Lazım olsa, yuxusundan keçər, lazım olsa, özünə ayırdığı vaxtdan azaldar, amma zamanı problem olaraq görməz. Eyni şəkildə, bütün imkanlarını da dərhal bu işə uyğun hala gətirər. Bu, dünyadakı insanların çoxuna aid olan və inkar edilməsi qeyri-mümkün olan bir həqiqətdir.

Buna görə, əgər insan eyni qərarlılığı Allahın razılığı üçün göstərməzsə, bu, böyük bir səmimiyyətsizlik və vicdansızlıq olar. Üstəlik, insan etdiyi ibadətlər qarşılığında üç-beş manatla müqayisə edilməyəcək qədər qiymətli qazanca qovuşacaq, sonsuza qədər Allahın rəhmətini və cənnətini qazanacaq.

Amma insanların çoxu sahib olmağa çalışdıqları malların, pulların, daşıdıqları kredit kartlarının, yığdıqları dollarların, xoşlarına gələn evlərin, avtomobillərin, gözəl geyimlərin sehri ilə Quran əxlaqını bir kənara buraxır, axirəti unudur və dünyaya meyil edirlər. “Vaxtım yoxdur”, “çox məşğulam”, “görüləcək işlərim var”, “işim var”, “ideallarım var”, “gələcəkdə edərəm” kimi sözlərlə özlərini aldadır, axirət qazancını təmin edən ibadətlərə yönəlməzlər. Allahın əmr etdiyi gözəl əxlaqı yaşamaz, namaz qılmaz, oruc tutmaz, Allahın özlərinə verdiklərindən ehtiyacı olanlara verməz, yalnız qazanc əldə etməyə çalışmaqla ömür sürərlər.

blank