Gözəl sözün təsiri

İnsanların hüzur axtarışı

İnsanlar həmişə hüzurlu, güvən içində yaşadıqları, dostluq və sevincin olduğu mühit istəyərlər. Ancaq bunu istəyərkən, bu mühitin yaranması üçün səy göstərməz, hətta şəxsən özləri hüzursuzluq və rahatsızlıq yaradarlar. Hüzuru, dostluğu və təhlükəsizliyi təmin etməyi isə hər kəs qarşı tərəfdən gözləyər. Bu ailə içi münasibətdən, bir şirkət işçilərinə, sosial rifahdan ölkələr arası əlaqələrə qədər keçərlidir. Halbuki, gözəlliklər, dostluqlar, hüzur və güvən fədakarlıq tələb edir.

Əgər hər kəs öz istədiyinin olmasını istəsə, hər kəs dialoqda və qərarlarda özünün üstün gəlməsi üçün səy göstərsə, hər kəs öz rahatlığını düşünüb fədakarlıq etməsə, əlbəttə ki, insanlar arasında qarşıdurmalar və narahatlıq yaranacaqdır. Ancaq Allahdan qorxan möminlər fərqli davranarlar. Onlar həm fədakar, həm bağışlayıcı, həm də səbirlidirlər. Özlərinə haqsızlıq edildiyində belə, haqlarından öz istəkləri ilə imtina edərək, cəmiyyətin hüzurunu və təhlükəsizliyini, insanların sevincini öz nəfslərindən üstün tutar, ən gözəl rəftarı göstərərlər. Bu, Allahın möminlərə əmr etdiyi üstün əxlaq xüsusiyyətidir:

Yaxşılıq və pis əməl eyni deyildir. Pis əməli daha yaxşı olanla dəf et! Bu zaman səninlə arasında düşmənçilik olan kimsə sanki yaxın bir dost olar. Bu (xüsusiyyət) yalnız səbir edənlərə və yalnız (xeyirdən) böyük nəsibi olanlara verilər. (Fussilət surəsi, 34-35)

Hikmətlə və gözəl nəsihətlə Rəbbinin yoluna dəvət et! Onlarla ən gözəl şəkildə mübarizə apar! Şübhəsiz ki, Rəbbin yolundan azanları da, doğru yolda olanları da ən yaxşı tanıyandır. (Nəhl surəsi, 125)

Ayədə bildirildiyi kimi, Allah belə üstün rəftara qarşılıq olaraq, möminlərin düşmənlərini “yaxın dost”a çevirər. Bu Allahın sirlərindən biridir. Nəticədə bütün insanların ürəyi Allahın əlindədir. Uca Allah kimi istəsə onun qəlbini və düşüncəsini dəyişdirə bilər. Allah gözəl və yumşaq sözün təsirini başqa ayələrdə də xəbər verir. Allah Hz. Musa və Hz. Haruna Fironun yanına getmələrini və ona yumşaq söz söyləmələrini əmr edir. Firon son dərəcə azğın, mərhəmətsiz və zalımdır. Allah buna baxmayaraq, elçilərinə ona yumşaq söz söyləmələrini əmr etmişdir. Allah bunun səbəbini də ayədə açıqlamışdır:

Fironun yanına gedin! Həqiqətən, o, həddini aşmışdır. Onunla yumşaq danışın! Ola bilsin ki, öyüd alar, yaxud qorxar. (Taha surəsi, 43-44)

Bu ayələr möminlərin inanmayan insanlarla, düşmənləri ilə və azğınlarla necə rəftar edəcəyini bildirir. Bunlar əlbəttə ki, səbir, güc, təvazökarlıq və ağıl tələb edən davranışlardır. Allah möminlərə, əmrlərinə uyaraq gözəl əxlaq göstərmələrinin qarşılığında davranışlarını təsirli edəcəyini və düşmənlərini dosta çevirəcəyini bir sirr olaraq bildirmişdir.