Gözəl qoxunu qadağan edən saxta hədis

Ətir vuran qadın haqqında uydurmalar

Məscidə gələndə ətir vuran qadın evə qayıdıb cənabət qüslü alırmış kimi yuyunmadıqca, Allah qatında namazı qəbul olmaz. (Əvnül-məbul, 11/230)

İmam Cəfəri-Sadiq (r.ə) buyurub ki, heç bir qadın evdən çölə çıxanda paltarına ətir vurmamalıdır.(Əl-Kafi, cild 5, 519)

Rəsuli-Əkrəm (s) buyurub ki, bir qadın ərindən başqası üçün ətir vurarsa, cənabət qüslü alırmış kimi, yuyunub o qoxudan təmizlənmədikcə namazı qəbul olmaz. (Mən la yəxzurxül-fəqih, cild 3, səh.440)

Rəsuli-Əkrəm (s) buyurub ki, qadının ərindən başqası üçün ətir vurması od və zilləti satın alması deməkdir. (Nəhcül-fəsahə, cild 1, səh.36)

Allah ayədə zinət və gözəl ruziləri haram edənlərdən bəhs edir. Onlar Qurana zidd davranırlar:

De: “Allahın Öz qulları üçün üzə çıxartdığı zinəti və təmiz ruziləri kim haram etmişdir?” De: “Bunlar dünya həyatında (hamıya), Qiyamət günü isə yalnız möminlərə məxsusdur”. Biz dərk edən adamlar üçün ayələri belə izah edirik. (Əraf surəsi, 32)

Qadın Qurana görə bəzəkdir. Qadın dəyərlidir və qadın gözəlliyi bir nemətdir. Qadının ağlı cəmiyyətləri geniş üfüqlərə yönləndirir. Allah həm bu gözəl xüsusiyyətləri qadına vermiş, həm də onu hörmətlə qoruyub tərifləmişdir. Yuxarıdakı saxta hədislərdə işlənən ifadələri Quran rədd edir.

Bunu unutmaq olmaz ki, gözəllikləri və Allahın sevib bəyəndiyi nemətləri qadağan etməyə çalışan xurafatçılardır. Dolayısilə, xurafatçıların dünyasını həqiqət zənn edib məlumatsız şəkildə müsəlmanlığa qarşı çıxanlara reaksiya vermək çox səhv hərəkətdir. Qurana tabe olanlar zinət və gözəllikləri qadağan edənlər deyil, bunların Allahın bir neməti olaraq bilənlərdir.