Gözəl əxlaqın heç bir həddi yoxdur. Edilən hər bir davranışın, deyilən hər bir sözün mütləq daha gözəli, daha yaxşısı vardır. İnsan heç vaxt “bu qədər kifayətdir” və ya “ən yaxşısı budur” deyə biləcəyi bir vəziyyətdə olmaz. Hətta insan nə zaman özünü kifayət qədər yaxşı hesab etməyə başlasa, məhz o zaman onun əxlaqında və davranışlarında pozulmalar meydana gəlməyə başlayar. Özünü inkişaf etdirməyə, yeniləməyə ehtiyacı olmadığını düşündüyü üçün heç bir gözəllikdən faydalana bilməz və əxlaqında heç bir irəliləyiş əldə edə bilməz. Allah ayələrində özünü kafi hesab edən, yəni özünü ehtiyacsız görən insanların əxlaqında pozulma olacağına diqqət çəkmişdir:
Xeyr; həqiqətən insan, azar. Özünü müstağni gördüyündən. (Ələq surəsi, 6-7)
Buna görə də insan ömrünün son anına qədər daim özünü inkişaf etdirməyə, həmişə daha gözəl olanı və daha yaxşı olanı əldə etməyə çalışmalıdır. Çünki heç bir insan axirətdə Allahın onun haqqında verəcəyi hökm bəlli olana qədər Allahın razılığını və cənnətini qazandığına əmin ola bilməz. Bu da insanın heç vaxt özünü kafi görməməsini təmin edən ən mühüm amillərdən biridir.

