Bir çox insana məxsus olan mühüm bir xüsusiyyət var: Danışanda ən gözəl sözləri söyləyər, ən doğru, ən ağıllı rəftarı izah edərlər. Özlərinin də məqsədinin doğru, gözəl və mükəmməl davranış olduğunu və bunda çox qətiyyətli olduqlarını izah edərlər. Lakin çox vaxt izah edilənləri tətbiq etmək lazım gəldikdə, həmin insanlar sözlərindəki istək və qətiyyəti nədənsə davranışlarında əks etdirməzlər. Bir anda doğru və mükəmməl olandan asanlıqla imtina edərlər. Qısaca, sözləri ilə rəftarları bir-birinə uyğun gəlməz. Bəzən davranışlarında izah etdiklərindən əsər-əlamət belə görünməz.
Əslində, hər bir insan doğru və məqsədəuyğun rəftarın nə olduğunu biləcək şəkildə yaradılmışdır. Allah hər insanın vicdanına ən yaxşı və ən doğru olanı ilham edir. Bu səbəbdən, hər bir insan gözəl rəftarın nə olduğunu bilir və vicdanının ona göstərdiyi doğrunu sözlərində də mükəmməl şəkildə əks etdirir.
Lakin insanın daxilən bildiyi doğruları tətbiq etmək məsələsi vardır. Bu məqamda insan vicdanı ilə baş-başa qalır. Çox yaxşı bildiyi doğrularla nəfsinə və mənfəətinə uyğun olan rəftar arasında seçim etmək məcburiyyətində qalır. Bir çox insan bu məqamda doğrunu deyil, öz istəklərini, rahatlığını və mənfəətini daha üstün tutur. Əvvəl yaxşılıqdan yana nə qədər istəkli, qətiyyətli və şövqlü olsa da, yüksək əxlaqı həyata keçirmək lazım gəldikdə iradə göstərə bilmir.

