Bir müsəlmanın, dünya həyatında ən əhəmiyyətli hədəflərindən biri Quran əxlaqının dünyaya hakim olması, insanların Allaha gərəyi kimi qulluq etmələridir. Allah Quranda möminlərə bu hədəflərinə çatmağın yolunu göstərmiş və belə buyurmuşdur:
Allah sizlərdən iman gətirib yaxşı işlər görənlərə, özlərindən əvvəlkiləri hakim etdiyi kimi onları da mütləq yer üzünə hakim edəcəyini, onlar üçün bəyəndiyi dini (İslamı) mütləq yerləşdirib möhkəmləndirəcəyini və (keçirtdikləri) qorxudan sonra onlara əmin-amanlıq verəcəyini vəd etmişdir. (Çünki) onlar Mənə ibadət edirlər və heç nəyi Mənə ortaq qoşmurlar. Artıq bundan sonra kim inkar edərsə, onlar əsil fasiqlərdir. (Nur surəsi, 55)
Allahın möminlərə verdiyi sirrə görə, möminlər sadəcə Allaha ibadət edərək şirk qoşmadıqları təqdirdə, Allah Quran əxlaqını yer üzünə hakim edəcək. Bu çox əhəmiyyətli bir sirdir. Çünki bu, Quran əxlaqının bütün insanlar arasında yayılmasının məsuliyyətinin tək-tək hər möminin üzərində olduğunu göstərir. Elə isə vicdan sahibi hər mömin, şirkdən qəti şəkildə çəkinməli və sadəcə Allaha ibadət etməlidir. Hər şeydən əvvəl şirk, Allahın bağışlamadığı bir günahdır və insanı cəhənnəm əzabına aparar. Ancaq, şirk deyiləndə, bir çox insan sadəcə bütlərə sitayiş edən bütpərəstləri düşünür. Halbuki insanların diqqət etmələri və çəkinmələri lazım olan gizli şirkdir.
Gizli şirk edən insan Allaha iman etdiyini, tək ilah və yaradıcı olaraq Allahı qəbul etdiyini və yalnız Ona uyduğunu söyləyə bilər. Ancaq, bu insan əgər Allahdan başqa varlıqlardan qorxursa, insanların təqdirini, dəstəyini əhəmiyyətli hesab edirsə, dünya həyatında malına və ya canına gələ biləcək təhlükələrdən narahat olursa, ticarətini, ailəsini, soyunu Allahdan və Allah yolunda səy göstərməkdən daha üstün tutur, onlara üstünlük verirsə, o zaman şirk edir.
Allahın göstərdiyi həqiqi imanda, Allahın razılığı hər şeydən üstündür. Allahdan başqa bütün varlıqlar, bütün maraq, sevgi və yaxınlıq, ancaq Allahın razılığını qazanmaqda bir vasitə ola bilər. Və ya verilən bir nemət üçün insanlara qarşı minnətdarlıq duyan, onları özünün qoruyucusu olaraq görənlər də, Allaha şirk etmiş olurlar. Çünki hər insanın ruzisini verən, onu doyduran, qoruyan, saxlayan, ona şəfa verən Allahdır. Allah əlbəttə ki, bunları bir insanın əli ilə reallaşdıra bilər. Məsələn Allah bir insana şəfa verməyi dilədiyində bunu bir həkimin əli ilə edər. Ancaq insan həkimdən mədət uma bilməz. Çünki Allah diləmədikcə heç bir həkim insana şəfa verə bilməz.
Şəfa tapan bir şəxs, həkimə Allahın şəfasına vasitəçilik etdiyi insan olaraq baxar və əlbəttə ki, sevgi və hörmət göstərər. Ancaq, şəfanı verənin sadəcə Allah olduğunu bilər və Ona şükür edər. Əks halda insanları Allaha şərik qoşmuş olar, Allahın bir sifətini insanlara vermiş olar. Hər müsəlmanın gizli şirkdən qəti çəkinməsi, həmişə səmimi götür-qoy edərək, Allahdan başqa dostlar, sirdaşlar və ya vəkillər qəbul etməməsi lazımdır.

