Getdiyin yol Quran deyilsə, “Rəsulallahın izindəyəm” demə, çünki Onun yolu Qurandır

İslam dünyasında çox uzun müddətdir ki, eyni Allaha iman gətirən, hz

İslam dünyasında çox uzun müddətdir ki, eyni Allaha iman gətirən, hz. Məhəmmədi (s) Allahın elçisi, Quranı haqq kitab olaraq qəbul edən bəzi müsəlmanların bir-birini dindən çıxmaqda, küfrdə ittiham edib öldürdüklərinə şahid oluruq. Misirdə şiə, İraqda sünni olduqları üçün öldürülüb sonra da küçələrdə sürüdülən müsəlmanları gördüyümüzdə cahil xalqları belə bir vəhşiliyə gətirib çıxaranların internetdə, məscidlərdə guya İslam adından danışan “din alimləri”nin fətvaları olduğu məlum olur. Digər tərəfdən Yaxın Şərqdə şiə və sünni qruplaşmalarının istər eyni ölkə daxilində mübarizələrində, istərsə də müxtəlif qruplaşmalar vasitəsilə ölkələr arasında davam edən məzhəb müharibələrində bu xurafatlara əsaslanan yanlış din anlayışı görünür.

Məzlum qanı axıtmağı “ibadət” olaraq görən, öz İslami şərhlərinə malik olmayanlara yaşamaq hüququ verməyən və İslam dünyasında aramsız qan axmasına və bu fitnənin yayılmasına səbəb olan qəddar, qatı ixtilaf ruhunun əsasında təkfir dayanır.

“Təkfir” bir insana və ya bir qrupa “kafir oldun, dindən çıxdın, İslamı tərk etdin” kimi ittihamlar irəli sürməkdir. Təkfirci olaraq tanınan qruplar bir nəfər və ya qrup haqqında bu qərara gəldikdə öz xurafatlarına əsasən fanatik İslami izahlar daxilində bu insanları “qətli vacib” elan etmiş olurlar. Ancaq Allah Quranda kiminsə müsəlmanlığını rədd etmə, qəbul etməmə haqqını heç kimə vermir. İmandan sonra inkar etsə belə cəzası Allah qatındadır.

“Siz nəyin barəsində ixtilaf etsəniz, onun hökmü yalnız Allaha aiddir…” (Şura surəsi, 10)

“…Hökm ancaq Allahındır. O sizə yalnız Onun Özünə ibadət etmənizi buyurmuşdur. Doğru din budur, lakin insanların çoxu bilməz!” (Yusif surəsi, 40)

Dövrümüzdə bir sıra sünni qruplaşmaların şiələri, şiələrin də sünniləri təkfir elan edərək, bir-birindən nifrətlə bəhs etdiklərini, birlikdə namaz qılmadıqlarını, hətta bir çox bölgədə bir-biri ilə mübarizə apararaq bir-birlərini öldürdüklərini görürük. İslam dininə sonradan girən “təkfir” məntiqinin Quranda heç bir yeri yoxdur. Müsəlmanlar arasındakı bu fitnə, Peyğəmbərimizə (s) aid edilən, “Fırka-i Naciyə Hədisi” olaraq da bilinən bir hadisə əsaslandırılır.

Bir çox fərqli rəvayətdə yer alan, ancaq Quran ayələrində qəti şəkildə yeri olmayan bu hədisin ən geniş yayılmış istifadə forması bu şəkildədir:

“…Ümmətim 73 firqəyə ayrılacaq; onlardan biri xaric olmaqla, hamısı cəhənnəmlikdir və o biri də mənim və əshabımın yolunda olanlardır (mənim və əshabımın yolunu izləyənlərdir)…”

Bu məntiq fərqli rəvayətlərdə müxtəlif əlavə və dəyişikliklərlə yer alır. Məsələn, Tirmizidə “Biri istisna olmaqla digərlərinin hamısı cəhənnəmə gedər” ifadəsi yoxdur. Hakimdə isə bu hədis “ümmətim yetmiş firqəyə bölünəcək, ən böyüyü öz istəyinə görə iş görər, halalı haram, haramı halal edərlər” deyə çox qısa şəkildə rəvayət edilmişdir. (Müstedrek, 4/430).

İslam dünyasındakı mövcud parçalanma Quranı yetərli görməyən, xurafatlarla, bidətlərlə, uydurma hədis və rəvayətlərlə İslama fərqli forma verməyə çalışan düşüncə tərzinin məhsuludur. Peyğəmbərimiz dövründəki kimi Quran müsəlmanı olmaq əvəzinə, özlərinə görə halallar və haramlar çıxaran və təkcə öz fikrinin ən doğru olduğuna inanan, qatı, fanatik qruplar İslamı özlərindən fərqli yaşayan müsəlmanların imanının etibarsız olduğuna dair hökm verirlər. Halbuki Allah Quranda bu cür fikrin qarşısını almışdır:

“…Sizə müsəlman olduğunu bildirən bir kimsəyə dünya həyatının puç mənfəətinə tamahlanaraq: “Sən mömin deyilsən!” deməyin! Halbuki çox qənimətlər Allah yanındadır. Siz özünüz də bundan əvvəl onlar kimi idiniz, lakin Allah sizə mərhəmət etdi. Elə isə, siz də diqqətli olun! Şübhəsiz ki, Allah bütün etdiklərinizdən xəbərdardır!” (Nisa surəsi, 94)

Allaha tərəf çağıran, yaxşı iş görən və: “Mən müsəlmanlardanam!” – deyən kəsdən daha gözəl danışan kim ola bilər?! (Fussilət surəsi, 33)

Hədislərə baxdığımızda da Peyğəmbərimizin müsəlmanların bir-birini küfrlə günahlandırmaqdan çəkindirdiyi görünür:

“Kim bir insanı kafir deyə çağırırsa, yaxud da elə olmadığı halda, “Ey Allah düşməni” desə, dediyi söz özünə dönər.” (Sahıh-ı Muslim)

“Möminə lənət etmək onu öldürmək kimidir. Bir mömini küfrlə ittiham edən onu öldürmüş kimi olar” (Sahih-i Buhari)

“Bir insan (müsəlman) qardaşına: “Ey kafir” deyə xitab etdiyi zaman ikisindən biri sözü üzərinə almış olur.” (Sahih-i Buharı)

“Bir insan müsəlman qardaşını təkfir edərsə, küfr (təkfir edilən və ya edəndən) birinin üzərinə qayıdar.” (El Müsned)

Peyğəmbərimiz dövründə mömin topluluğun arasında münafiqlər, imanı qəlbinə yerləşməyənlər, fasiqlər də olmuşdur. Allah Quranda Peyğəmbərimizin hökmünə razı olmayan, davranış və əxlaq baxımından anormal olan, hətta gizli şəkildə dinsiz olan insanların varlığını bir çox ayədə bildirmişdir. Ancaq Peyğəmbərimiz təbliğinə davam etmiş, ətrafındakı hər kəsin imanını gücləndirmək üçün cəhd etmiş, onları küfrlə ittiham etməmişdir. Bundan başqa bir insanın imanı ilə bağlı xəstəliyinin olması Allah qatında bir günahdır. Qulun bir başqa insanın imanı ilə bağlı hökm verməsi və buna əsaslanaraq cəza verməsi mümkün deyil.

Allah müsəlmanların öz içlərində ayrı olmalarını, çəkişmələrinin də axirətdə qarşılığı olduğunu bildirir:

“Şübhəsiz ki, sənin firqə-firqə olub dinini parçalayanlarla heç bir əlaqən yoxdur. Onların işi Allaha qalmışdır. (Allah) sonra (qiyamətdə) onlara nə etdiklərini bildirəcəkdir!” (Ənam surəsi, 159)

Quranda müsəlmanların birlik olması, qardaş kimi yaşamaları, bölünüb-parçalanmamaları, dost olmaları, çəkişib bir-birinə düşməməmləri bildirilir:

Allah və Onun Peyğəmbərinə itaət edin. Bir-birinizlə çəkişməyin, yoxsa qorxub zəifləyər və gücdən düşərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir! (Ənfal surəsi, 46)

(Allah tərəfindən) açıq-aydın dəlillər gəldikdən sonra, bir-birindən ayrılan və ixtilaf törədən şəxslər kimi olmayın! Onlar böyük bir əzaba düçar olacaqlar. (Ali İmran surəsi, 105)

Müsəlmanların birlik və bərabərlik içində olmasına yardım edə bildikləri halda, bölücü ifadələri, nifrət sözləri, digər məzhəbləri dindən kənar elan edən fətvaları ilə bəzi müsəlmanları şiddətə, qan tökməyə təşviq edirlər. Məzhəb imamlarına əsaslanaraq müsəlmanlara qarşı guya cihad elan edənlər axirətdə hesabını verə bilməyəcəkləri böyük xətaya düşürlər. Allah Quranda müsəlmanların arasını düzəltməyi bir ayədə bu şəkildə əmr edir:

Həqiqətən, möminlər qardaşdırlar. Buna görə də (aralarında bir mübahisə düşsə) iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun ki, bəlkə, rəhm olunasınız! (Hucurat surəsi, 10)