Gələcəklə bağlı qəti ifadələr işlətmək doğrudurmu?

Gələcəkdə baş verəcəyi ümid edilən hər hansı bir hadisə haqqında qəti ifadələr işlətmək doğru olmaz. Çünki gələcəkdə nə olacağını yalnız Allah bilir. İnsanın başına bir həftə, bir dəqiqə, hətta bir saniyə sonra nə gələcəyi tamamilə Allahın təqdiri altındadır.

İnsan hətta bir gün sonrasını belə qəti şəkildə planlaşdıra bilməz. Çünki Allah bir gün ərzində insanın həyatını tamamilə dəyişdirə bilər. Bir gün əvvəl evində sakit həyat yaşayan və ertəsi gün görəcəyi işləri planlaşdıran bir insan, bir gün sonra vəfat etmiş, ağır qəza keçirmiş, ölümcül xəstəliyə tutulmuş və ya yaşadığı şəhər zəlzələ nəticəsində dağılmış ola bilər. Bunlar kimi gözlənilməz saysız-hesabsız hadisələr baş verə bilər.

İnsan Allahın özü üçün müəyyən etdiyi taleni əvvəlcədən bilməyə qadir deyildir. Buna görə də heç kəs bir saniyə sonra belə planlaşdırdığı işi mütləq həyata keçirəcəyinə zəmanət verə bilməz. Baş verəcək bütün hadisələrin təqdiri Allaha məxsusdur.

Bu səbəbdən Allah Quranda heç bir şey haqqında qəti danışmamağı, əksinə, “Allah diləsə” və ya “İnşaAllah” deyərək danışmağı əmr etmişdir:

Heç bir şey üçün əsla: “Mən bunu sabah edəcəyəm”, – demə! Ancaq: “Allah diləyərsə (“İnşaAllah” – de)!” (İnşaAllah deməyi) unutduğun zaman Rəbbini an və belə de: “Ola bilsin ki, Rəbbim məni indikindən daha çox doğruya yaxınlaşdırar”. (Kəhf surəsi, 23-24)