Fironun həyat yoldaşı

Fironun zövcəsini iman edənlərə Allahın nümunə göstərməsinin səbəbi, bu üstün əxlaqlı insanın tarixdə az rast gəlinən bir təhlükə altında ikən, çox çətin şərtlərdə iman etməsidir. Eyni zamanda, cahil insanların tam əksinə, dünyada bəlkə də çox az insanın sahib olduğu bir mülkdən təsirlənməyərək güclü xarakterlə Allaha dərindən bağlanmasıdır.

O dövrdə Misir xalqı fironun ilahi gücə sahib olduğuna inanırdı. Firon Misir xalqının bu inancından istifadə edərək özünü “ilah elan etməyə” cürət etmişdi. Fironun zövcəsi də belə təhlükəli bir mühitdə, bu cür zalım insanla eyni evi paylaşarkən Allaha iman etmişdir. Allahın varlığını və o günə qədər Misirə hakim olan inancların hamısının batil olduğunu təsdiqləmişdir.

Şübhəsiz, bu, dünyada çox az insanın nəzərə alacağı və ancaq Allaha qəlbən bağlanmaqla mümkün olan bir həyat şəklidir. Əlbəttə, böyük səbir tələb edən bir sınaqdır. Bu çətinlikdən təsirlənmədən yaşamaq üçün iradəli, ağıllı, duyğusallıqdan uzaq çox güclü iman lazımdır. Məhz fironun zövcəsi də belə bir əxlaqa və dərin imana sahib olması ilə ağıllı davranmış və özünü sezdirmədən fironun sarayında gizlicə iman edən mömin bir qadın olaraq yaşamışdır. O, aləmlərin qadınlarına nümunə verilməklə şərəfləndirilmişdir:

Allah iman edənlər üçün də Fironun zövcəsini misal çəkdi. Bir zaman o: “Ey Rəbbim! Mənim üçün Öz dərgahında – cənnətdə bir ev inşa et! Məni Firondan və onun əməlindən xilas et! Məni zalım qövmdən xilas et!” – demişdi. (Təhrim surəsi, 11)

Fironun zövcəsi böyük bir zənginliyin içində olmasına baxmayaraq, dünyəvi həvəslərə qapılmamış, yalnız Allah üçün yaşayacağı həyatı seçmiş, Allahın rizasını hər şeydən üstün tutmuşdur. Buna görə də Allaha boyun əyməsi, təvəkkülü, üstün səbri və yetkinliyi ilə peyğəmbər olmadığı halda, bütün insanlara nümunə olaraq Quranda zikr edilmiş qiymətli müsəlman qadındır.