Firon oyunu uduzdu

Hz. Musanın sehrbazların etdiklərini məhv etməsi və sehrbazların da onun üstünlüyünü qəbul edərək iman etməsi firon üçün böyük məğlubiyyət idi. Buna görə də fironun reaksiyası çox sərt oldu. Çünki həm xalqının gözü qarşısında alçalmış, həm əhəmiyyətli gücünü itirmiş, həm də öz sisteminə qarşı böyük təhlükə gördüyü hz. Musa qalibiyyət əldə etmişdi. Nəticə olaraq, iman edən sehrbazlara çox ağır cəza verəcəyinə qərar verdi:

(Firon) dedi: “Mən sizə icazə verməmiş ona iman etdiniz. Şübhəsiz ki, o, sizə sehri öyrədən böyüyünüzdür. Ona görə də mən sizin əllərinizi və ayaqlarınızı çarpaz kəsdirəcəyəm və sizi xurma ağaclarının kötüklərindən asdıracağam. O zaman hansımızın əzabının daha şiddətli və daimi olduğunu biləcəksiniz!” (Taha surəsi, 71)

Sehrbazlar isə fironun diktator olmasını bilməsi və bu ağır təhdidlərə baxmayaraq, Allahın varlığını anladıqları an iman etmişlər və səcdəyə qapanmışlar. Heç bir bəhanə uydurmadan, mənfəət güdmədən firona qarşı hz. Musanın tərəfinə keçərək onu dəstəkləmişlər. Hz. Musaya qarşı çıxdıqlarına və ona qarşı mübarizə apardıqlarına görə də Allahdan üzr istəmişlər:

Onlar dedilər: “Biz səni, bizə gələn açıq-aşkar möcüzələrdən və bizi yaradandan üstün tutmayacağıq. Ona görə də nəyə hökm verəcəksənsə, ver. Sən ancaq bu dünyada hökm verə bilərsən. Xətalarımızı və sənin bizə zorla etdirdiyin sehri bağışlaması üçün Rəbbimizə iman etdik. Allah daha xeyirlidir və əbədidir!” (Taha surəsi, 72-73)