Təkamül nəzəriyyəsinin elmi olmayan iddialarına görə, sürünənlər həm quşların, həm də məməlilərin əcdadlarıdır. Məməli kimi təsnif edilən canlılar ümumi xüsusiyyətləri baxımından nəzərdən keçirildikdə, belə bir iddianın qeyri-mümkün olduğu asanlıqla görünəcəkdir. Məsələn, pələngləri, inəkləri, ayıları, filləri, delfinləri, balinaları, siçanları və yarasaları düşünək. Bu məməli növləri arasında son dərəcə böyük quruluş fərqləri vardır. Üstəlik, bu canlıların hər birinin öz ehtiyaclarına uyğun xüsusi mexanizmləri mövcuddur. Məsələn, delfinlər son dərəcə həssas sonar sisteminə malikdirlər. Ayılar isə yaşadıqları bölgənin iqlim şəraitinə uyğun mexanizmlərlə təchiz olunmuşlar.
Bu fərqliliklərin təkamülçülər üçün necə böyük çətinlik yaratdığını təkamülçü zooloq Erik Lombard belə ifadə etmişdir:
“Məməlilər sinfi daxilində təkamül qohumluq əlaqələri (filogenetik bağları) müəyyənləşdirmək üçün məlumat axtaranlar məyus olacaqlar.” (Eric Lombard, “Review of Evolutionary Principles of the Mammalian Middle Ear, Gerald Fleischer”, Evolution, Cild 33, dekabr 1979, s. 1230)
Bu fərqliliklərlə yanaşı, fosil qeydləri də bütün canlılarda olduğu kimi, məməlilərin də bugünkü qüsursuz quruluşları ilə birdən-birə meydana çıxdıqlarını və heç bir təkamül prosesi keçirmədiklərini göstərir.

