Ölümlə bağlı əksər insanın bilmədiyi bir sirri Allah Quranda xəbər verir. Bu sirr, insanın həqiqi ölüm formasının, yəni ölüm anında gördüklərinin, kənardan digər insanların gördükləri ilə eyni olmadığıdır. Allah ölüm anındakı insanın ətrafındakıları şahid olduqlarından fərqli hadisələri yaşadığını ayələrdə belə bildirir:
Can boğaza çatdığı zaman – O an siz (can verən adama) baxıb qalırsınız. Biz ona sizdən daha yaxınıq, lakin siz görmürsünüz. (Vaqiə surəsi, 83-85)
Allahın ölüm anı ilə bağlı bildirdiyi bir başqa sirr isə insanların görə bilmədikləri bu anlarda inkarçıların çox böyük qorxu və iztirab yaşadıqlarıdır. Allah bunu ayədə belə bildirir:
Allaha iftira yaxan, yaxud özünə heç nə vəhy olunmadığı halda: “Mənə də vəhy olunmuşdur!” – deyən və: “Mən də Allahın endirdiyinin (endirdiyi ayələrin) bənzərini endirəcəyəm!” – deyən kimsədən daha zalım kim ola bilər?! O zalımlar ölümün (boğucu) dalğaları içində ikən mələklər də əllərini uzadıb (onlara): “Çıxarın canlarınızı! Allaha qarşı yalan sözlər danışdığınıza və Onun ayələrinə qarşı təkəbbür göstərdiyinizə görə siz bu gün alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!” – deyərkən onların halını bir görəydin. (Ənam surəsi, 93)
Onların malları və övladları səni imrəndirməsin. Allah bununla dünyada onlara əzab vermək və kafir olduqları halda can vermələrini istəyir. (Tövbə surəsi, 85)
Allahın Quranda bildirdiyi bu sirrə görə, inkar edən bir insan yatağında hüzur içində ölmüş kimi görünə bilər. Ölümü əsnasında heç bir əzab, çətinlik çəkmədiyi, yavaş şəkildə gözlərini bağladığı zənn edilə bilər. Halbuki Allah inkarçının ölümünün böyük iztirablar və çətinliklər içində olduğunu bildirir. Ölüm mələklərinin inkarçıların canlarını alış forması isə ayədə belə bildirilir:
Bəs mələklər onların üzlərinə və arxalarına vura-vura canlarını alarkən onların vəziyyəti necə olacaq?! Çünki onlar Allahı qəzəbləndirən şeylərə uydular və Onun razı qaldığı şeyləri bəyənmədilər. Buna görə də Allah onların əməllərini puç etdi. (Məhəmməd surəsi, 27-28)
Kaş mələklər üzlərinə və arxalarına vurub: “Dadın yandırıcı cəhənnəm əzabını!” – deyərək kafirlərin canlarını alarkən onları görəydin! Bu, etdiyiniz əməllərə görədir. Şübhəsiz ki, Allah bəndələrinə zülm edən deyildir. (Ənfal surəsi, 50-51)
İnkarçıların bu çətin ölümlərinin əksinə möminlərin ölümü çox asandır. Məsələn inkarçıların tam əksinə, peyğəmbərlə birlikdə döyüşə çıxan və döyüşdə xəncərlə öldürülən bir mömin, əslində çox hüzurlu və qorxu hiss etmədiyi ölüm anı yaşayır. Allahın ayəsində bildirdiyi kimi, onların canları yumşaq şəkildə alınacaq və onlar mələklər tərəfindən salam və müjdə ilə qarşılanacaqlar. Allah möminlərin ölümünün necə olacağını ayədə belə bildirib:
Onlar mələklərin: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə cənnətə daxil olun!” – deyərək tərtəmiz olduqları halda canlarını aldıqları kimsələrdir. (Nəhl surəsi, 32)

