Feli dua necə edilər?

Feli dua insanın sözlə etdiyi duanı əməli şəkildə dəstəkləməsi, yəni istədiyi şeyin baş verməsi üçün əlindən gələn bütün səyi göstərməsi deməkdir. İnsan Allahdan bir şeyi istəyərkən, eyni zamanda həmin nəticəyə çatmaq üçün lazım olan səbəblərə də sarılmalıdır. Məsələn, bir insan su içmək istəyər, amma suyun öz-özünə qarşısına gəlməsini gözləməz. Gedib suyu stəkana doldurar və sonra içər. Yəni Allahdan istədiyi şeyin reallaşması üçün Allahın yaratdığı səbəblərdən istifadə edər və nəticəni Allahdan gözləyər.

Eyni şəkildə, bir insan imtahanda uğur qazanmağı çox istəyirsə, Allahdan bunun üçün dua edər. Lakin bununla yanaşı, lazımi hazırlığı da görər, öyrənməli olduğu mövzuları öyrənər, diqqətini yayındıran amillərdən uzaq durar və əlindən gələn bütün səyi göstərər. Daha sonra isə göstərdiyi bu səylərin nəticəsini Allahdan gözləyər.

Bəzi insanlar dua haqqında yanlış təsəvvürə malikdirlər. Onlar düşünərlər ki, Allaha dua etdikdən sonra bir kənara çəkilib nəticəni gözləmək kifayətdir. Halbuki bu, səmimi bir davranış deyil. Çünki bir şeyi həqiqətən istəyən insan onun üçün həm sözlü, həm də əməli dua edər.

Digər tərəfdən, bütün səbəblərə sarılıb, “Mən hər şeyi etdim” deyərək Allaha dua etməyi unutmaq da düzgün olmaz. Mömin həm üzərinə düşən vəzifələri yerinə yetirər, həm də nəticənin yalnız Allahın iradəsi ilə baş verdiyini bilərək Ona dua edər.