Eyni səhvləri təkrarlamamaq

İnsan təcrübələrinin və yaşadığı mühüm hadisələrin ruhunda yaratdığı təsiri mümkün qədər

İnsan təcrübələrinin və yaşadığı mühüm hadisələrin ruhunda yaratdığı təsiri mümkün qədər xatırlamağa çalışmalıdır. Çünki bu hadisələr əslində həyatının sonuna qədər ona fayda verəcək çox dəyərli təcrübələrdir. Bəs eyni səhvləri təkrarlamamaq üçün nə etmək lazımdır?

İnsanların həyatında çox nadir hallarda yaşadıqları bəzi hadisələr olur. Bu hadisələrin dərin təsiri bu insanların üzərində aylarla, hətta illərlə qala bilər. O hadisəyə dair görüntülər və səslər insanların gözlərinin önündən və qulaqlarından həyatının sonuna qədər getmir. Bəzən bir insanın ölümünə şahid olmaq, bəzən zəlzələ, sel, yol qəzası, yanğın kimi hadisələr, bəzən insanın yaşadığı çox vacib və həyati bir baxış insanın həyatının sonuna qədər unutmayacağı bu cür hadisələrdəndir.

İnsanlar, əsasən, yaşadıqları bu kimi hallarda bəzi çox həyati həqiqətləri qavrayır və həyatına yön verəcək çox önəmli bəzi qərarlar verirlər. Çıxardıqları nəticəni çox vacib görür və içlərində “bütün bunları heç vaxt unutmayacaqlarına” niyyət edirlər. Yaşadıqları hadisələrdən aldıqları dərs və ibrətlərin həyatının sonuna qədər onlara faydalı olacaq çox dəyərli təcrübələr olduğunu anlayırlar.

Böyük hadisələrlə yanaşı, insanın yaşadığı bəzi kiçik və sadə hadisələr də insanlara çox mühüm qərarlar verməyə səbəb olur. Yediyi acılı, yaxud ədviyyatlı bir yemək mədəsini narahat etdiyi zaman bu insan “Bunun mənə verdiyi zərəri yadda saxlayım və bir daha bu cür yemək yeməyim” deyə qərar verir. Çünki eyni çətinlikləri bir daha yaşamaq istəməz. Amma yenə də bu təcrübəsini çox tez zamanda unudur. Ya da tənbəllik etdiyi üçün imtahanına hazırlaşmayan bir insanın bütün bir il boyunca məktəbə getmək məcburiyyətində qalması əslində həmin insanın özü üçün dərs götürməli olduğu çox önəmli bir təcrübədir. Bəlkə də həmin günlərdə “Tənbəllik etməyin zərərini yaddan çıxartmayım” deyə düşünür və bir daha bu cür bir xətaya yol verməməyə niyyət edir.

Ya da söylədiyi incidici bir sözdən sonra qarşısındakı insanla olan münasibətində yaratdığı soyuqluğu görən bir insan çox böyük peşmanlıq hissi keçirir. “Bundan sonra mütləq düşünərək danışacağam, ağlıma gələn ilk sözü əsla düşünmədən söyləməyəcəyəm” deyə çox səmimi qərar verir.

Bu nümunələrdə olduğu kimi hər insanın həyatında bir çox mövzunu daha dərin qavramasına səbəb olan bəzi anlar olur. Öz-özünə “Bir daha bunu heç vaxt etməyəcəyəm”, “Buna çox diqqət edəcəyəm”, “Bu sözdən, ya da üslubdan heç vaxt istifadə etməyəcəyəm”, “Bu səhv baxış tərzini beynimdən tamamilə silib atacağam” kimi qərarlar verir. Ancaq bununla belə insan çox unutqan bir varlıqdır. Gün ərzindəki kiçik hadisələrdən də, həyatında önəmli yer tutan böyük hadisələrdən də çıxartdığı dərsləri, əldə etdiyi təcrübələri və aldığı qərarları çox tez unudur. Ömrünün sonuna qədər unutmamağı qərara aldığı hansısa bir məsələni bəzən bir-iki gün, bəzən də beş-on dəqiqə içərisində diqqətinin dağılması ilə dərhal unudur. Ta ki eyni səhvi təkrar edənə qədər.

Bəzən bu hal insan həyatında dəfələrlə təkrarlanır. Önəmli bir hadisə, ya da etdiyi bir səhv bir mövzuda mühüm bir ibrət üçün vəsilə olur və bu insan bu mövzuda daha diqqətli olmaq üçün vacib qərar verir. Amma gündəlik həyatına başlaması ilə bunu dərhal unudur. Bir müddət sonra oxşar vəziyyətlə qarşılaşır. “Daha əvvəl də eyni vəziyyətlə qarşılaşmışdım və yaşadıqlarımdan əldə etdiyim təcrübəni əsla unutmadan hərəkət etməyi qərara almışdım. Amma bu qərarımı unutduğum üçün yenidən eyni səhvi etdim. Amma artıq bu dəfə bu qərarımı heç vaxt unutmayacağam” deyə niyyət edir. Amma yenə unudur və yenə də eyni vəziyyətə düşür. Yenə unudur və yenə də əvvəlcə verdiyi qərarı xatırlayır və bu unutmalar oxşar hadisələrlə müntəzəm olaraq davam edir.

Bu vəziyyət əlbəttə ki, insanın özünü də təəccübləndirir. Şüurunu, hafizəsini, ağlını istədiyi kimi istifadə edə bilməməsinə; çox yaxşı bildiyi və qəti qərar verdiyi bir mövzuda belə davamlı olaraq eyni səhvləri təkrarlamasına özü də bir məna verə bilmir.

  • Səhvləri təkrarlamamağın yolu şüurun açıq olmasıdır

İnsan çox mühüm bir məqamı bilməlidir: “Səmimi niyyət edilmədikdə, çox güclü qərar alınmadıqda insan çox təsirləndiyi vacib bir məsələdə belə yaşadıqlarını dərhal unuda bilir.” Burada insan nöqsanı öz niyyətində axtarmalıdır.

Əgər insan bir mövzuda onu çox təsirləndirən təcrübə yaşadığı və həmin anda çox səmimi qərar verdiyi halda bu qərarını tətbiq edə bilmirsə, problem bu insanın başqa şeyləri o məsələdən daha vacib görməsinə, digər məsələlərə isə daha çox maraq duymasına görədir.

Buna görə əgər bir insan bir səhvi təkrar edirsə və o səhvin yaratdığı maddi-mənəvi zərərdən kifayət qədər təsirlənmirsə; ya da başına gələn ibrət verici hadisələrdən lazımi dərsi götürə bilmir, təkrar eyni hadisələri yaşayırsa; bu halda vicdanında bir xəstəlik ola biləcəyini nəzərə almalı və vicdanını sağlamlaşdırmağa yönəlməlidir.

Amma əlbəttə ki, unutmaq insanın önəmli acizliyidir. İnsan özünün bir şeyi unutmasına mane ola bilməz, amma unutmamaq üçün var gücü ilə çalışa bilər. Unutmamaq üçün ağlına gələn maddi-mənəvi hər cür tədbir görə bilər. “Mən aciz bir insanam, nə qədər tədbir alsam da mütləq unudaram” deməməli, cəhd göstərdiyi halda dilədiyi nəticəni ona yaradacaq olanın Allah olduğunu bilməlidir. Təcrübələrin təsirini və aldığı qərarların əhəmiyyətini unutmaması, diqqətinin dağılmaması və zəiflik göstərməməsi üçün bütün gücü ilə mübarizə aparmalıdır. Allah rizası üçün bütün diqqətini gözəl əxlaqlı olmağa yönəltməlidir.

“…Ey Rəbbimiz, unutsaq və ya xəta etsək bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim Himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!” (Bəqərə surəsi, 286)