Möminlər ən çox Allahı sevirlər. Allahın hər şeyi xeyir və gözəlliklə yaratdığını, yaşadıqları hər anın hikmətlə meydana gəldiyini, taleyində olanı izlədiklərini bilərək yaşayırlar. Allahın onlara yaşatdığı hər andan razı qalırlar. Rəbbimizin verdiyi bütün nemətlərə şükür edir və sadəcə Ona güvənib, Ona təvəkkül edirlər. İman gətirənlərin əsl dostu və köməkçisi Allahdır. Möminlərin Allaha olan sevgiləri Quranda belə bildirilmişdir:
İnsanlardan elələri var ki, Allahdan qeyrilərini Ona şərik qoşur və onları Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin Allaha olan sevgisi isə daha qüvvətlidir. Kaş zalımlar əzabı görəcəkləri zaman anlayacaqları kimi, bütün gücün Allaha məxsus olduğunu və Allahın əzabının şiddətli olduğunu dərk edəydilər. (Bəqərə surəsi, 165)
Dünyadakı varlıqları sevərkən də onların Allahın təcəlliləri, yaratma sənətindəki gözəlliklər olduğunu bilərək sevirlər. Sevgilərində səbirli, incə düşüncəli, mərhəmətlidirlər. Acizliklər digər insanlara daha çox şəfqət duymalarına səbəb olur. Dünyadakı hər gözəlliyin bir çox nöqsanla yaradıldığını, əsl gözəlliyin isə axirətdə mövcud olduğunu bilirlər. Həyatının hər anında olduğu kimi sevgilərində də əsas olanın axirətdəki həyatı olduğunu unutmurlar.
Dünyadakı hər şey qüsurludur. Axirətdə isə mükəmməllik hakimdir. İnsan daima sevdikləri ilə bərabər olsa, ən çox qayğını özü görsə, hər şey istədiyi kimi olsa da bunların hamısı sonludur. Ölümlə birlikdə yox olurlar. Axirət həyatı isə sonsuzdur. Möminlər dostluğun, yoldaşlığın, yaxınlığın tam mənası ilə axirətdə yaşanacağını bilərək dünyada ən gözəl əxlaqı, ən dərin sevgini yaşamağa çalışırlar. Əxlaqı gözəlləşdikcə qavrayışlarının və anlayışlarının dərinləşəcəyini və beləliklə də, hər nemətdən daha çox zövq alacaqlarını düşünərək əxlaqını daha da gözəlləşdirməyə əhəmiyyət verirlər. Möminlərin yaşamaq istədikləri şəraitin dünyəvi vasitələrlə heç bir əlaqəsi yoxdur.
Buna görə də iman gətirməyən insanların yaşadıqları narahatlıq, qorxu, güvənsizlikdən uzaqdırlar. Çünki istədiklərini qarşılarındakı insanın deyil, Allahın yerinə yetirəcəyini bildiklərindən Ona üz tuturlar. Allahın istədiyi kimi həyat yaşadıqlarında Allahın onlara ən gözəl qarşılığı verəcəyini ümid edirlər. Bunu dərk etdikləri üçün də Rəbbimizin nemətlərindən biri olan sevgini də çox gözəl və dərindən yaşayırlar. Qısaca, Allahın bildirdiyi kimi yaşayanlarla insanların dediyi kimi yaşayanlar arasında həyatının hər anında görülən böyük fərqlər mövcuddur. Allah Quranda nəfsinin istəklərinə boyun əyənlərlə Allahın əmrinə görə yaşayanlar arasındakı bu böyük fərqi belə bildirmişdir:
Rəbbindən gələn açıq-aydın bir dəlilə əsaslanan kimsə pis əməli özünə gözəl göstərilən və nəfsinin arzularına uyan kimsə kimi ola bilərmi?! (Məhəmməd surəsi, 14)

