İnsanların bir qismi canlıları və təbiət amillərini Allahın yaratdığını qəbul edir, insan əli ilə hazırlanan şeylərin, məsələn, körpülərin, göydələnlərin, motorlu qayıqların, paltarların, qısaca desək, əşyaların da Allah tərəfindən yaradılğını qavramır və bunları insanların – Allahı tənzih edirik – müstəqil gücləri ilə düzəltdiklərini düşünürlər. Halbuki heç bir varlığın öz müstəqil gücü yoxdur. Şəhərlər, sivilizasiyalar quran, təyyarələr istehsal edən, gəmilər, tankerlər düzəldən insanlar da Allahın yaratdığı aciz varlıqlardır və Allahın istəyi ilə hərəkət edir, Allah istədiyi üçün düşünüb dərk edir və məhsul hazırlaya bilirlər. Allah istəməsə, onlar da istəyə bilməz və heç nəyə gücləri çatmaz. Allah bir Quran ayəsində bu barədə belə buyurur: Allah istəməsə, siz istəyə bilməzsiniz. Həqiqətən, Allah biləndir, hikmət sahibidir! (İnsan surəsi, 30) Bu mövzu ilə bağlı başqa bir Quran ayəsində belə buyurulur:
… Allah istədiyini yaradır. O, bir işin olmasını istədikdə ona ancaq “Ol!”– deyir, o da olur. (Ali-İmran surəsi, 47) Allah insanların isinməsi üçün istilik sistemlərini, isti su ilə təmin edilmələri üçün kombiləri, su qızdırıcılarını, gedəcəkləri yerə rahat getmələri üçün yolları, avtomobilləri, qatarları, su nəqliyyatını, yemək ehtiyaclarını təmin etmək üçün cürbəcür yeməkləri və bu yeməklərin bişirildiyi sobaları, plitələri, qazanları, tavaları yaradır, bir sözlə, insanların əmrinə verdiyi əşyalar vasitəsilə onların bu dünya həyatında rahat yaşamasını təmin edir.

