Din əxlaqı ilə ilk dəfə tanış olan və hələ də cahiliyyə əxlaqının təsiri altında olduqları üçün dinin bəzi həqiqətlərini qavramaqda çətinlik çəkən insanların ağlına bir çox suallar gələ bilər. Din əxlaqını yenicə öyrənmiş bir insanın bu cür düşüncələrə sahib olması tamamilə təbii haldır və əlbəttə ki, qəribə və ya utanc verici bir şey deyil.
Halbuki Allah bütün bu sualların cavablarını Quranda insanlara bildirmişdir. Peyğəmbərimizin həyatı möminlər üçün ən gözəl nümunədir. Quranda verilən bütün cavablar: “Onların sənə çəkdiyi elə bir məsəl yoxdur ki, Biz sənə (onun) doğru olanını və daha yaxşı izahını gətirməyək.” (Furqan surəsi, 33) cahiliyyə əxlaqının yaratdığı bütün sual və tərəddüdləri aradan qaldıracaq qədər açıq və dəqiqdir.
Belə olan halda bu sualları verən şəxs həqiqətən səmimidirsə, bu cavablarla kifayətlənər və Allahın əmrlərinə tabe olar. Ağlında başqa suallar varsa, onların da cavablandırılacağını bilməlidir. Çünki insan din əxlaqına yaxınlaşarkən həqiqəti tapmağı qarşısına məqsəd qoyarsa, Quranın “hidayətə çatdıran” vəsfi sayəsində qısa zamanda həqiqəti görər. Bu halda onun edəcəyi tək şey doğru gördüyü şeyi səmimiyyətlə qəbul edib ona tabe olmaqdır. Möminlərin bu mövzudakı səmimiyyəti Quranda belə açıqlanır:
Aralarında hökm verməsi üçün Allaha və Rəsuluna çağırıldıqları zaman möminlərin sözü ancaq: “Eşitdik və itaət etdik!” – demələridir. Nicat tapanlar məhz onlardır! Kim Allaha və Onun elçisinə itaət edər və Allahdan qorxub çəkinərsə, onlar əsil uğur qazananlardır. (Nur surəsi, 51-52)
Ancaq bir insan Quranın bütün ayələrini öyrəndikdən və onların həqiqət olduğunu vicdanla qəbul etdikdən sonra yenə də Allahın əmrlərinə tabe olmur və itaət etmirsə, bu, həmin insanın səmimiyyətsizliyinin sübutudur. Çünki doğru bildiyi həqiqəti rədd edir və səhv olduğunu öyrəndiyi sistemdə yaşamaqda israr edir. Bu səhv israrın onu hansı sona aparacağını unutmamalı və bundan çəkinməlidir:
Nəfsinin istəklərini özünə ilah qəbul edəni gördünmü?! Allah onu Öz əzəli elmi ilə bildiyi üçün haqq yoldan azdırıb qulağını və qəlbini möhürləmiş, gözünə də pərdə çəkmişdir. Elə isə Allahdan başqa kim onu doğru yola yönəldə bilər?! Hələ də düşünüb öyüd almırsınızmı? (Casiyə surəsi, 23)
Belə bir gedişin sonu, içində əbədi qalacağı cəhənnəmdir… Buna görə də ağıllı və vicdanlı bir insanın vəzifəsi ayədə bildirildiyi kimi “eşitdik və itaət etdik” deməkdir.
Buna görə də, “eşitdik və itaət etdik” deməyə mane olan amillərə qarşı son dərəcə diqqətli olmaq lazımdır. Bunlardan ən mühümü, yuxarıda qeyd etdiyimiz kimi, “arzu və istək”, yəni insanın eqoist istəkləridir. İstəyin mənbəyi insanın içindəki “nəfs”dir. Nəfs, ayədə bildirildiyi kimi “…şiddətli şəkildə pis işlər görməyi əmr edər…” (Yusif surəsi, 53) Madam ki, nəfs insana “şiddətli şəkildə pis işlər görməyi əmr edər…” o halda insan, nəfsinin ona verdiyi səhv təlqinlərinə qarşı son dərəcə ayıq olmalıdır.
Bu məqama diqqət yetirmək lazımdır: Şübhəsiz ki, cahil cəmiyyətdən çıxan və Quran əxlaqı ilə yeni tanış olan bir insan, nəfsindən onu “pisliyə” yönəldəcək çoxlu əmrlər alacaqdır. Nəfsi onu mümkün qədər öz istək və arzularına uymağa yönəldəcək və din əxlaqından uzaqlaşdırmağa çalışacaq. Nəfsi, möminlərin ona söylədikləri və ya Qurandan oxuduqları bütün həqiqətlərə qarşı ona bəzi yalanlar və şübhələr verməyə çalışacaq. Vicdanı və ağlı ona möminlərlə bir yerdə olmağı əmr etdiyi halda, nəfsi onu cahil cəmiyyətlə birlikdə olmağa yönəltməyə çalışacaq.
Bu səbəbdən möminlərlə yeni tanış olan və dini öyrənməyə çalışan bir insan davranışlarına nəzarət etməli, istəklərini ölçməlidir: Davranışının mənbəyi nəfsinin yoxsa vicdanının istəkləridir?

