Evli insanların bir-birindən boşanması və boşanmanın bütün şərtləri Quranda açıq şəkildə izah olunur. Allah boşanmağı hər iki tərəfə haqq olaraq tanımışdır. Halbuki yuxarıdakı hədisdə boşanan qadının cənnətə girə bilməyəcəyinə dair konkret açıqlama verilir. Belə ki, bu açıqlama hədisin tamamilə uydurma olduğunu göstərir. Peyğəmbərimiz (s) qətiyyən Allahın halal buyurduğu bir şeyi haram etməz və Allahın hökmünə zidd olan hökm çıxarmaz. Odur ki, Allah Quranda qadına boşanmaq hüququ tanımışdır. Boşanmadan əvvəl və sonra qadının maddi-mənəvi qorunmasından bəhs edən ayələrdə boşanmanın şərtləri bildirilir. Buna görə də saxta hədisdə boşanmaq istəyən qadın üçün deyilən “qadına cənnət qoxusu haram olar” ifadəsi tamamilə yalan və iftiradır. Bu söz İslam dini ilə heç bir əlaqəsi olmayan şeytani məntiqin nəticəsidir.
İslam dini insanın fitrətinə və ruhuna tam xitab edən İlahi hökmlərdən ibarətdir. Allahın Qurandakı hökmləri insanları çətinliklərdən qurtarır və onlara azad iradə və ağıl qazandırır. Allahın hökmləri qadın və kişiləri çətinliyə salmaz. Əksinə, insanların arasındakı anlaşılmazlıq və ədalətsizliyi ortadan qaldırmaqla onlara rahatlıq verər. Tərəflər arasında düşmənlik və nifrət deyil, dostluq və sevgi bağı qurar. Bütün bunlarla yanaşı, Allaha qarşı itaətkar, gözəl əxlaqlı və dərin imanlı insan modeli yaradar.
Halbuki saxta hədislərdə bəhs edilən evlilik modeli Quran əxlaqından tamamilə uzaq anlayışı əks etdirir. Qurana əsasən, evli cütlər arasında heç bir zaman məcbur etmə və təzyiq ola bilməz. Əgər hər hansı bir uyğunsuzluq və anlaşılmazlıq varsa, bu, yenə Quran hökmləri əsasında həll olunur. Hər şeydən əvvəl, evlilikdə hər iki tərəf mömin olaraq Qurandakı əxlaqı tam mənimsəməli, mümkün qədər aranı düzəltməyə çalışmalıdırlar. Amma buna baxmayaraq, anlaşılmazlıq davam edirsə, boşanmaq iki tərəfin də haqqıdır.

