Darvinizmin iddiası insanın və bilavasitə sahib olduğu mədəniyyətin ibtidai formadan aliyə doğru inkişaf etməsidir. Lakin arxeoloji qazıntılar bəşər tarixinin ilk günlərindən etibarən cəmiyyətlərin çox qabaqcıl mədəniyyətə sahib olduğu dövrlərin olduğu kimi, çox geridə qalmış mədəniyyətlərin var olduğu dövrlərin də mövcud olduğunu göstərir. Hətta əksər hallarda çox zəngin sivilizasiyalarla eyni dövrdə geridə qalmış mədəniyyətlər də olmuşdur.
Məsələn qədim dövrdə inşa edilən meqalit tikililəri indiki dövrün son texnologiyası ilə belə etmək mümkün olmur. Ağırlığı yüzlərlə ton olan böyük daş plitələrin çox düzgün və tam 90 dərəcə şəklində kəsilməsi, onları çox uzaq məsəfələrə daşınması, üzərində olan indiki dövrdə lazerlə belə düzgün dəliklər açıla bilməyən işçiliyin olması, o dövrün insanlarının indiki dövrdə bilinməyən ağıllı texnologiyaya sahib olduqları mənasına gəlməkdədir.
Tarix boyu eyni dövrdə yaşayan cəmiyyətlərin əksəriyyətinin texnoloji və sivilizasiya səviyyəsi, sosial və mədəni quruluşu eynilə bugünkü gündə olduğu kimi, bir-birindən fərqlənmişdir. Məsələn, hal-hazırda Şimali Amerika qitəsi tibdə, elmdə, memarlıqda və texnologiya sahəsində olduqca inkişaf etməsinə baxmayaraq, Cənubi Amerikanın müxtəlif bölgələrində texnologiya baxımından olduqca geridə qalmış, müasir dünya ilə heç bir əlaqəsi olmayan xalqlar yaşayır.
Dünyanın bir çox yerlərində xəstəliklərə ən müasir texnika və analizlərə əsasən diaqnoz qoyularaq son dərəcə müasir şərtlərdə müalicə edildiyi halda, digər yerlərdə də xəstəliklərin guya şər qüvvələrin təsiri ilə meydana gəldiyinə inanaraq yalançı şər qüvvələri qovmaq üçün ayinlər keçirməklə müalicə edənlər var.
Bizim eradan 3000 il əvvəl yaşayan şumerlər, qədim misirlilər, hindlilər kimi xalqlar hər baxımdan hal-hazırda yaşayan bu qəbilələrlə müqayisə edilməyəcək dərəcədə yüksək mədəniyyətə sahib idilər. Minlərlə il əvvəl yaşayan cəmiyyət XXI əsrdəki bir cəmiyyətdən daha da irəliyə gedə bilmişdir. Bu da bizə tarixin axınının təkamül prosesi içərisində meydana gəlmədiyini, yəni tarix boyu ibtidai cəmiyyətdən mədəni cəmiyyətə doğru bir irəliləyişin olmadığını göstərir.
Əlbəttə ki, tarixi proses içərisində hər sahədə böyük tərəqqi qeyd edilmiş, elm və texnologiyada böyük nailiyyətlər əldə olunmuşdur. Lakin bu dəyişiklikləri təkamülçülər və materialistlərin iddia etdiyi kimi, təkamül prosesi olaraq xarakterizə etmək ağıllı və elmi yanaşma deyil. Mədəniyyətin zənginləşməsi və təcrübə toplamaq sayəsində texnologiya və elm kimi sahələrdə daima tərəqqinin olması əsas məsələdir. Lakin burada vacib məqam var ki, müasir insanla minlərlə il əvvəl yaşayan insan arasında zəka və bacarıq baxımından heç bir fərq yoxdur.
XXI əsrdəki insanların beyin həcmi və zəkası daha çox inkişaf etdiyi üçün daha çağdaş sivilizasiyaya malik olduğumuz fikri təkamül nəzəriyyəsinin təlqin edilməsi nəticəsində əmələ gələn səhv düşüncəsidir. Halbuki, bugünkü gündə belə, müxtəlif bölgələrdə yaşayan xalqların fərqli dərrakələri və mədəniyyətləri ola bilər. Məsələn, bu gün Avstraliyadakı bir aborigenin ABŞ-dakı bir alimin sahib olduğu biliyə malik olmaması onun zəkasının və ya beyninin kifayət qədər inkişaf etmədiyini göstərmir.
Çox ağıllı olmasına baxmayaraq, bu cür qəbilə içində doğulub həyatını sürdürən, hətta elektrikin varlığından belə xəbərsiz olan bir çox insan vardır. Bundan əlavə, müxtəlif əsrlərdə müxtəlif ehtiyaclar yarana bilərdi. Məsələn, hal-hazırkı dövrdə moda anlayışı ilə misirlilərin moda anlayışının eyni olmaması bizim mədəniyyətimizin onlarınkından daha mütərəqqi olduğunu göstərməz. XXI əsrdə mədəniyyətin əlaməti göydələnlər ikən, qədim Misir dövründə sivilizasiyanın göstəricisi ehramlar və sfinkslər idi.
Əldə edilən tapıntıların hansı nöqteyi-nəzərdən qiymətləndirilmiş olması məsələsi çox böyük əhəmiyyət kəsb edir. Tapıntıların guya təkamülə məruz qalması barədə ön mühakimə ilə hərəkət edən bir insan əlinə keçən istənilən məlumatı həmin fikrə uyğun olaraq qiymətləndirəcəkdir. Beləliklə də uydurma hekayələrlə öz fikrini müdafiə etməyə çalışacaq.
Tapdığı tək bir sümük parçasının əsasında həmin bölgədə yaşayan insanların hisslərini, məişətlərini, ailə quruluşları, sosial əlaqələri kimi bir çox detalı ön mühakiməyə əsasən təqdim edəcəkdir. Bu sümük parçasından həmin dövrdə yarı dik dura bilən, bədəni tüklərlə örtülmüş, xırıltılı səslər çıxaran, daş alətlərdən istifadə edən insanların yaşadığı barədə qənaətə gələn insan, elmi dəlillər bunu göstərdiyi üçün deyil, ideologiyası bunu tələb etdiyi üçün belə bir hekayə uydurmaqdadır. Çünki əldə edilən məlumatlar həqiqətdə belə bir mənzərəni təkzib edir. Bu uydurma mənzərə darvinist konsepsiyanın şərhləri ilə meydana gəlmişdir.
Müasir dövrdə tapdıqları fosil qalıqlarına, yonulmuş daşlara, mağara divarlarına çəkilmiş şəkillərə baxaraq həmin dövr haqqında detalları ilə şərhlər verən bəzi arxeoloqların vəziyyəti də bu misaldan çox da fərqli deyil. Buna baxmayaraq, əllərində olan dəlilləri ön mühakiməli yanaşma ilə qiymətləndirərək guya ibtidai insanın demək olar ki, həyatının hər anına dair hekayələr yazan təkamülçülərin qondarma təsvir və nağılları bir çox jurnal və internet səhifələrini bəzəyir.
Halbuki, indiyə qədər tapılmış fosillər, təkamülçülərin iddialarının tamamilə əksini göstərir, təkamül prosesinin əsla yaşanmadığını sübut edir. Bu sümük parçalarının qədim dövrlərdə yaşamış insanların hansı hisslərlə hərəkət etdiklərinə, gündəlik məişətlərində nələr etdiklərinə, aralarındakı iş bölümünün hansı formada olmasına dair dəqiq məlumat verməyəcəyi açıq görünür. Lakin buna bənzər uydurma ssenarilər və şəkillərlə zənginləşən insanın təkamülü nağılı, təkamülçülər tərəfindən çox tez-tez istifadə edilir.
Təkamül nəzəriyyəsinin təqdim edildiyi ilk gündən etibarən bu doqmadan yaxa qurtara bilməyən saysız hesabsız təkamülçü yuxarıdakı ssenarinin müxtəlif versiyalarını irəli sürmüşdür. Məqsəd isə həqiqətləri izah etmək deyil, insanlara təlqin və təbliğ yolu ilə ibtidai insanın yaşadığına inandırmaqdır.
Təkamülçü alimlər əllərində heç bir dəlil olmadan bu cür ssenarilər uyduraraq öz iddialarını sübut etməyə çalışsalar belə, rast gəldikləri hər tapıntı düzgün qiymətləndirilmədiyi zaman onlara bəzi həqiqətləri çox açıq şəkildə göstərir. Bunlardan biri odur ki, insan mövcud olduğu ilk gündən insandır. İnsanın zəkası, sənətkarlıq və estetik bacarığı kimi xüsusiyyətləri tarixin hər bir dövründə eyni olmuşdur.
Qədim dövrlərdə, təkamülçülərin iddia etdikləri kimi ibtidai, yarı heyvan yarı insan olan məxluqlar deyil, bizim kimi düşünən, danışan, sənət əsərləri meydana gətirən, mədəni və əxlaqa sahib olan insanlar yaşamışdır. İlk insan olan Hz. Adəm və yoldaşı da indiki dövrün insanlarından fərqli deyildi.

