Yaşadığımız dünyada bir çox gözəlliklər və nemətlər var. Hər canlının bütün ehtiyacları ayrı-ayrı düşünülmüş və lazım olan heç bir incəlik əskik buraxılmamışdır.
Əvvəlcə özümüz barədə düşünək. Səhər yuxudan oyandığımız andan etibarən nələr edərik, nələrə ehtiyac duyar, nələrlə qarşılaşarıq, daha doğrusu bizə nə kimi gözəlliklər verilər, gəlin bunları birlikdə düşünək.
Oyanan kimi nəfəs ala bilərik, mükəmməl tənəffüs sistemimiz sayəsində bunu edərkən heç çətinlik çəkmərik, atmosferdəki qazların nisbətlərinin doğru olub-olmadığını düşünmək ağlımıza belə gəlməz.
Gözümüzü açan kimi görə bilərik, gözümüzdəki bənzərsiz yaradılış sayəsində dəqiqlik, rəng və məsafə tənzimləməsi kimi tənzimləmələr aparmaq məcburiyyətində qalmarıq. Yemək yeyərik və ləzzət alarıq. Yediyimiz hər tikədəki vitaminlərin, mineralların, karbohidratların, zülalların hara getməsi lazım olduğunu, nisbətlərini, artığının ehtiyyat halında toplanması və ya atılması kimi əməliyyatları ağlımıza belə gətirmərik. Hətta çox vaxt içimizdə belə əməliyyatların getdiyindən xəbərimiz belə olmaz. Əlimizə götürdüyümüz bir cismin sərt və ya yumşaq olduğunu dərhal anlaya bilərik. Hər hansı bir cismi heç bir zehni səy göstərmədən rahatlıqla tuta bilərik.
Hər saniyə insan bədənində bu nümunələrə bənzər bir çox əməliyyat həyata keçirilir. Bu əməliyyatların hər birinin icra edildiyi orqanlar, bu orqanlarda da mürəkkəb mexanizmlər var. İnsan bədəni sanki bir fabrik kimi işləyər. Bu fabrik insana verilmiş ən böyük nemətlərdən biridir, çünki insan bu fabrik sayəsində mövcuddur və həyatını bu fabrik sayəsində davam etdirər.
Bəs bu fabrikin işləməsi üçün lazım olan xam maddələr necə təmin edilir? Yəni insanı enerji ilə təmin edən yeməklər, su, hava kimi maddələr necə yaranır?
Əvvəlcə meyvə və tərəvəzləri düşünək. Qara torpağa atılan və bir taxta parçası görünüşündəki toxumlardan yaranan qarpızları, qovunları, alçaları, gilasları, portağalları, bibərləri, pomidorları, ananasları, tutları, çiyələkləri, badımcanları və bunlar kimi digər bütün bitki mənşəli qidalarımızı düşünək. Vərdiş etdiyimiz düşünmə tərziylə deyil, fərqli yönlərdən yaxınlaşaraq düşünək. Çiyələyin o möhtəşəm qoxusunu və dadını, qovunun heç dəyişməyən məşhur qoxusunu və ləzzətini ağlımıza gətirək. Bir də insanların laboratoriyalarda eyni qoxuları əldə etmək üçün sərf etdikləri vaxtı və istifadə etdikləri texnologiyanı düşünərək müqayisə aparaq. Laboratoriyalarda əldə edilən nəticə təbiətdəki bənzərlərinin sadəcə pis təqlidi olmaqdan kənara çıxmaz. Allahın insanlar üçün təbiətdə yaratdığı qoxu, ləzzət və rəng müxtəlifliyi bənzərsiz mükəmməlliyə malikdir.

