Möminlərə Quranda bildirilən ən önəmli ibadətlərdən biri də Allahın elçilərinə itaətdir. Allah, elçilərini, özlərinə itaət edilməsi üçün göndərdiyini bildirmişdir və hər dövrdə iman edənlər elçiyə itaət etməklə sınağa çəkilmişlər.
Elçilər Allahın sözünü, əmrlərini insanlara çatdıran, insanları Allahın ayələri və axirət günü ilə xəbərdar edib qorxudan, Allahın insanlar arasından seçərək digərlərinə nisbətən üstün etdiyi, insanlara təqvaları, davranışları və əxlaqları ilə ən gözəl nümunə olan, səmimi, Allahın dostu və yaxını olan mübarək insanlardır. Elçilərə itaət Allahın ayədə də bildirdiyi kimi əslində Allaha olan itaətin bir göstəricisidir.
Kim Rəsula itaət edərsə, şübhəsiz ki, Allaha itaət etmiş olar. Üz döndərənə gəldikdə, Biz səni onların başına gözətçi göndərmədik. (Nisa surəsi, 80)
Elçiyə itaətsizlik isə, o insanın Allaha və dinə qarşı olduğunu, Müsəlman olduğunu söyləməsinə baxmayaraq inancında səmimi olmadığını göstərir. Bu, Allahın Quranda bildirdiyi önəmli sirlərdən biridir. Allah bir ayəsində elçiyə itaət edənlərlə etməyənlərin vəziyyətlərini belə bildirmişdir:
Bunlar Allahın (qoymuş olduğu) sərhədləridir. Kim Allaha və Onun elçisinə itaət edərsə, (Allah) onu, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Bax, böyük uğur budur! Kim Allaha və Onun elçisinə üsyan edər və Onun (Allahın qoymuş olduğu) sərhədlərini aşarsa, (Allah) onu içində əbədi qalacağı cəhənnəmə daxil edəcəkdir. (Orada) onun üçün alçaldıcı bir əzab vardır. (Nisa surəsi, 13-14)
Allah Quranda elçiyə olan itaətlə bağlı bir çox detal bildirmişdir və bu detallarla həqiqi itaət və təslimiyyət ruhunun necə olması gərəkdiyini, hansı itaətin Allah Qatında qəbul ediləcəyini insanlara göstərmişdir. Bu ayələrdən də göründüyü kimi, bir insanın dinin bütün hökmlərinə əməl etməsi, din üçün çox xidmət edir kimi görünməsi yetərli deyildir.
Əgər bu insan, elçiyə itaət mövzusunda Allahın bildirdiyi əxlaq və davranışa uymur, elçiyə itaətdə Qurana görə qüsur işləyirsə, Allah onun bütün etdiklərini etibarsız saya bilər. Bu mövzuyla bağlı ayələrdən bəziləri belədir:
Xeyr! Rəbbinə and olsun ki, onlar öz aralarındakı ixtilaflar barəsində səni hakim təyin edib, sonra da verdiyin hökmə görə içlərində bir sıxıntı hiss etməyib tam bir təslimiyyətlə təslim olmayınca, iman etmiş olmazlar! (Nisa surəsi, 65)
Bu ayə, bizə peyğəmbərə olan itaətin necə olması barədə önəmli bir sirr verməkdədir. İnsanların bir çoxu itaət anlayışını tanıyır və bilir. Ancaq, elçiyə itaət, insanın bildiyi bütün itaət şəkillərindən fərqlidir. Allahın bu ayəsində də bildirdiyi kimi, bir mömin elçiyə, ürəkdən, içində heç bir şübhə və ya tərəddüd olmadan itaət etməlidir. Əgər bir insan elçinin söylədiklərinə qarşı içində bir şübhə duyursa, öz ağlını daha çox bəyənib, öz fikrinin daha doğru və yaxşı olduğunu zənn edirsə, bu o insanın Allahın ayəsində bildirdiyi kimi iman etmədiyini göstərir.
Həqiqi imanda və təslimiyyətdə, möminlər elçinin hər söylədiyinin özləri üçün ən xeyirlisi və ən gözəli olduğunu bilirlər. Söylənilənlər onların mənfəətləri ilə toqquşsa belə, bunları böyük bir həvəs və istəklə tətbiq edirlər. Bu əxlaq, həqiqi imanın bir göstəricisidir və Allah, bu şəkildə təslimiyyətlə itaət edənlərin qurtuluşa çatacaqlarını müjdələyir. Allahın bu müjdəni verdiyi ayələrdən bəziləri belədir:
Kim Allaha və elçiyə itaət edərsə, onlar Allahın nemət bəxş etdiyi elçilər, siddiqlər, şəhidlər və əməlisalehlərlə birlikdə olacaqlar. Onlar nə gözəl yoldaşlardır! (Nisa surəsi, 69)
Kim Allaha və Onun elçisinə itaət edər və Allahdan qorxub çəkinərsə, onlar əsil uğur qazananlardır. (Nur surəsi, 52)
De: “Allaha da, elçiyə də itaət edin! Əgər üz döndərsəniz, (bilin ki,) onun vəzifəsi ancaq ona yüklənəndir (təbliğ vəzifəsidir). Sizin vəzifəniz də sizə yüklənəndir (əmr ediləni yerinə yetirməkdir). Əgər ona itaət etsəniz, doğru yolu taparsınız. Elçinin vəzifəsi isə ancaq açıq bir şəkildə təbliğ etməkdir. (Nur surəsi, 54)
Allahın yuxarıdakı ayədə də bildirdiyi kimi, elçiyə itaət edənlər hidayət tapacaqlar. Tarix boyunca bütün insanlar Allahın elçilərinə uyub uymamaları ilə sınaqdan keçirilmişlər. Allah elçilərini həmişə insanların arasından seçmişdir. Bəzi səthi düşüncəli və ağılsız kimsələr isə öz aralarından çıxan və ya mal cəhətdən digərlərinə nisbətən zəngin olmayan bir insana itaət etməyi qavraya bilməmişlər.
Halbuki, Allah elçilərini seçmiş, Öz Qatından hər cəhətdən qüvvətləndirmiş, onlara elm və qüvvət vermişdir. Bu insanların qavraya bilmədikləri mühüm həqiqət isə, seçimin Allaha aid olduğudur. Səmimi bir mömin, Allahın seçdiyi insana ürəkdən itaət edər, ona ürəkdən bağlanar və hörmət edər. Elçinin sözünə hər uyduğunda isə, əslində Allaha uyaraq itaət etdiyini bilir. Allaha və dinə təslim olanlar, Allahın elçisinə də tam bir təslimiyyətlə təslim olurlar. Allah Özünə təslim olanlar üçün isə ayədə belə bildirir:
Xeyr (elə deyil)! Kim yaxşı işlər görüb Allaha təslim olarsa, onun Rəbbi yanında mükafatı vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməyəcəklər. (Bəqərə surəsi, 112)
Allah Quranda belə buyurur:
Ey iman edənlər, səslərinizi elçinin səsindən yuxarı qaldırmayın və onunla bir-birinizlə danışdığınız kimi ucadan danışmayın! Yoxsa, özünüz də fərqinə varmadan əməlləriniz boşa çıxar. Şübhəsiz, Allah Rəsulunun yanında astadan danışanlar Allahın qəlbini təqva üçün sınağa çəkdiyi kimsələrdir. Onlar üçün bağışlanma və böyük bir mükafat vardır. (Hucurat surəsi, 2-3)
Allahın elçisi, hər zaman möminləri haqq yola, ən doğru və ən gözəl olana çağırır. Elçilərin bu çağırışları əlbəttə ki, ətrafındakı insanların nəfsləri ilə zaman-zaman toqquşur, ancaq mömin olanlar və elçiyə itaət edənlər, ən çətin şərtlərdə belə nəfslərinə deyil, Allahın, elçisinin və Quranın sözünə uyurlar. İmanı zəif və ya nəfsinə hakim ola bilməyən insanlar isə, elçinin haqqa olan çağırışı qarşısında itaətsiz və ya zəif davrana bilərlər.
Ayədə də bildirildiyi kimi, səs tonları, danışıq üslubları, seçdikləri sözlər, onların qəlbindəki xəstəliyi, itaətdəki zəifliyini ortaya çıxardacaq şəkildə ola bilər. Hörmətsizcə, peyğəmbərin söylədiyinə qarşı çıxaraq, səslərini yüksəltmə ağılsızlığını göstərə bilərlər. Məhz, Allah bu insanların əməllərinin boşa çıxacağını bildirməkdədir. Bu insan, gecə-gündüz din əxlaqının yayılması üçün çalışsa da, itaətsizliyi səbəbindən Allah onun bu çalışmalarının boşa çıxacağını bildirmişdir. Bu, Quranda bir çox ayə ilə bildirilən çox önəmli bir sirdir.
Allah insanlara xeyirli əməllərdə olmalarını, İslamın mənfəəti üçün qərarlı şəkildə xidmət etmələrini, gözəl əxlaq göstərmələrini, fədakar, səbirli, tolerant, doğru sözlü, sadiq insanlar olmalarını əmr etmişdir. Şübhəsiz bunların hamısı insana axirəti üçün fayda verəcək çox önəmli ibadətlərdir.
Ancaq yuxarıda Hucurat surəsindəki ayədə göründüyü kimi, insanın bütün əməlləri Allahın elçisinə qarşı göstərdiyi hörmətdən uzaq bir hərəkətlə puça çıxa bilər. Şübhəsiz bu da, Allahın elçilərinə göstərilən itaət və hörmətin nə qədər önəmli olduğunu bir daha xatırladır.
Allahın Quranda xəbərini bildirdiyi Talut və ordusu ilə bağlı hadisə, Allahın elçisinə itaətin önəmini göstərən xatırlatmalardan bir digəridir. Quranda bildirildiyinə görə, Allahın elçisi olan Talut, ordusu ilə birlikdə düşmən ordusuna doğru yol alarkən, ordusundakıları xəbərdar etmiş və irəlidə qarşılaşacaqları çaydan su içməmələrini söyləmişdir. Mövzu ilə bağlı ayə belədir:
Talut qoşunu ilə (döyüş üçün) yola çıxdığı zaman belə dedi: “Şübhəsiz, Allah sizi (axar) bir çayla sınağa çəkəcək. Kim ondan içərsə, o məndən deyildir. Əli ilə bir ovuc içən kimsə istisna olmaqla, kim ondan dadmazsa, o məndəndir!” Onlardan az bir qismi istisna olmaqla, hamısı ondan içdilər. Talut və yanındakı möminlər çayı keçdikdən sonra: “Bu gün Calut və onun qoşununa qarşı (döyüşməyə) gücümüz yoxdur!” – dedilər. (O zaman) Allaha qovuşacaqlarına yəqin olanlar dedilər: “Neçə-neçə az saylı dəstə Allahın izni ilə çoxsaylı dəstəyə qalib gəlmişdir. Allah səbir edənlərlədir.” (Bəqərə surəsi, 249)
Ayədə də göründüyü kimi, Talutun əmrinə uymayanlar gücsüz qalmışlar. Taluta uyanlar isə güc qazanmışlar və Allahın izniylə sayları çox az qalmasına baxmayaraq qalib gəlmişlər. Bunlar Allahın Quranda bildirdiyi sirlərdir. İnsanların düşündüyü kimi güc, zəfər və üstünlük, maddi imkanlarda, sayca üstünlükdə, mövqe-məqamda ya da fiziki özəlliklərdə deyildir.
Kim Allahın sərhədlərinə uyar, Allaha və elçisinə itaət edərsə, Allah o insanı bütün insanların üzərində güclü edər, o insanı ağıl, sağlamlıq, gözəllik, ruzi, zənginlik kimi saysız nemətlə mükafatlandırar. Onlar üçün axirətdə isə çox daha gözəl və əzəmətli sonsuz bir həyat hazırlanmışdır.

