Elçiyə itaət Allaha itaətdir

Möminlərə Quranda bildirilən ən əhəmiyyətli ibadətlərdən biri də, Allahın elçilərinə itaətdir

Möminlərə Quranda bildirilən ən əhəmiyyətli ibadətlərdən biri də, Allahın elçilərinə itaətdir. Allah elçilərini, onlara itaət edilmələri üçün göndərdiyini bildirmişdir və hər dövrdə iman edənlər elçiyə itaət etməklə sınanmışlar. Elçilər Allahın sözünü, əmrlərini insanlara çatdıran, insanları Uca Rəbbimiz olan Allahın ayələri və axirət günü ilə xəbərdar edib qorxudan, Allahın insanlar arasından seçərək digərlərinə görə üstün etdiyi, insanlara təqvası, hərəkətləri və əxlaqı ilə ən gözəl nümunə olan, səmimi, Allahın dostu və yaxını olan mübarək insanlardır. Elçilərə itaət Allahın ayəsində də bildirdiyi kimi Allaha olan itaətin göstəricisidir.

Kim elçiyə itaət edərsə, şübhəsiz ki, Allaha itaət etmiş olar. Üz döndərənə gəldikdə, Biz səni onların başına gözətçi göndərmədik. (Nisa surəsi, 80)

Elçiyə itaətsizlik isə, o insanın Allaha və dinə qarşı olduğunu, müsəlman olduğunu söyləməsinə baxmayaraq inancında səmimi olmadığını göstərir. Bu Allahın Quranda bildirdiyi əhəmiyyətli sirlərdən biridir. Allah bir ayəsində elçiyə itaət edənlərlə etməyənlərin vəziyyətlərini belə bildirmişdir:

Bunlar Allahın (qoymuş olduğu) sərhədləridir. Kim Allaha və Onun elçisinə itaət edərsə, (Allah) onu, (ağacları) altından çaylar axan və içində əbədi qalacaqları cənnətlərə daxil edəcəkdir. Bax, böyük uğur budur! Kim Allaha və Onun elçisinə üsyan edər və Onun (Allahın qoymuş olduğu) sərhədlərini aşarsa, (Allah) onu içində əbədi qalacağı cəhənnəmə daxil edəcəkdir. (Orada) onun üçün alçaldıcı bir əzab vardır. (Nisa surəsi, 13-14)

Allah Quranda elçiyə olan itaətlə bağlı bir çox detal bildirmiş, detallarla həqiqi itaət və təslimiyyət ruhunun necə olmasını, hansı itaətin Allah qatında qəbul ediləcəyini insanlara göstərmişdir. Bu ayələrdən də görüləcəyi kimi, bir insanın din əxlaqının bütün gərəklərini yerinə yetirirmiş, din üçün çoxlu xidmət göstərirmiş kimi görünməsi kifayət deyil. Əgər bu insan, elçiyə itaət mövzusunda Allahın bildirdiyi əxlaqa və davranışa uymur, elçiyə itaətdə Qurana görə qüsur işləyirsə, Allah onun bütün etdiklərini keçərsiz edə bilər.