Ey Peyğəmbər! Zövcələrinə, qızlarına və möminlərin zövcələrinə (evlərindən çıxdıqları zaman) çarşablarını örtmələrini söylə! Bu, onların tanınmaları və incidilməmələri üçün daha münasibdir. Allah bağışlayandır, rəhmlidir. (Əhzab surəsi, 59)
Çarşab sözünün mənası, başdan ayağa kimi örtən şal, çadra və ya cübbə, yaxud başqa cinsdən olan hər cür örtük, geyim deməkdir. Buna görə də, “Əhzab” surəsinin bu ayəsində çox açıq şəkildə çarşab, yəni başı və bütün bədəni örtən geyim təsvir edilir. Belə bir geyimin geyilməsi üçün isə ayədə bildirilən vacib şərt var: Müsəlman qadınların azad və iffətli tanınmaları.
Bunun mənası budur ki, bəzi ölkə və şəhərlər qadınların rahat hərəkət etmələri və ya rahat geyinmələri üçün uyğun yerlər deyil. Cəmiyyətin ümumi quruluşu və orada olan insanların əxlaq anlayışı bəzən mədəniyyət səviyyəsindən geri qalır. Bəzi cəmiyyətlər hər açıq qadını müəyyən bir dünyagörüşü ilə sanki damğalayır və onlara sözlə və ya fiziki olaraq təcavüz edəcək qədər irəli gedirlər. Normal şəraitdə müsəlman qadınlar məcbur olmadıqca onsuz da belə cəmiyyətlərdə yaşamırlar. Lakin məcbur olduqda müsəlman qadın tədbir almalı və ətrafdakı insanlara müsəlman və iffətli qadın olduğunu göstərərək mümkün mənfi hallardan çəkinməlidir. Belə mühitlərdə müsəlman qadınlar çarşabla buna qarşı tədbir almış olurlar.
Bu, əlbəttə ki, qadının öz seçimidir. Adətən yaşadığımız demokratik və müasir cəmiyyətlər bu təhlükəli mühit təsvirinə uyğun gəlmir. Bu səbəbdən Qərb ölkələrində qadınlar özlərini qorumaq üçün çarşab geyinməyə ehtiyac duymurlar. Lakin bəzi qadınlar üçün bu ölkələrdə də təhlükə yaradacaq şəxslər ola bilər. Buna görə də, müsəlman qadın əgər özünü güvəndə hiss etmirsə, azad Qərb ölkəsində belə çarşab geyinə bilər. Ayədəki şərt müsəlman qadının geyiminə görə yanlış dəyərləndirilib əziyyət görməsinin qarşısının alınmasına yönəlmişdir.
Qısaca, quranda baş örtüsü yəni hicab yoxdur, sadəcə çarşab (cilbab, çadra) vardır və bu da məcburi deyildir. Yəni bunu geymək savab olmadığı kimi, geyməmək də günah deyildir, ixtiyaridir. Onsuzda fərzlər hər iki cinsə eyni bildirilmişdir, çarşab isə qadınları qorumaq məqsədi daşıyır, yoxsa fərz əməl olaraq deyildir.
Bir insan “baş örtüyü Quranda var və mən bunu “Nur” surəsinin 31-ci ayəsində görürəm” desə, düz danışmamış olar, hətta Allah adına yalan danışmış olar. Bu böyük bir təhlükədir. Çünki Rəbbimiz halalları haram sayan və ya Quran ayələrinə izah edərkən dillərini əyib bükürlər hökmünü açıqlamışdır. Quran ayəsində olmayan bir hökmün olduğunu iddia etmək, Allah qatında böyük günah sayılır.
Dilinizin uydurduğu yalana əsaslanaraq: “Bu halaldır, bu isə haramdır”, – deməyin! Yoxsa Allaha qarşı yalan uydurmuş olarsınız. Şübhəsiz ki, Allaha qarşı yalan uyduranlar nicat tapmazlar! (Nəhl surəsi, 116)
Qəribə burasıdır ki, bəziləri baş örtüyünü (hicabı) sanki dinin əsas rəmzi olaraq qəbul edib, sərt üslubla sahib çıxdıqları halda, Qurandakı çarşab (cilbab, çadra) hökmündən heç bəhs etmirlər.
Həqiqətən də dindarlığın meyarını baş örtüyündə axtaran və Allah təqvanı üstün gördüyü halda, baş örtüyünə görə üstünlük axtaran xurafatçılar, nədənsə Quranda əsil hökm olan çarşabdan heç bəhs etmirlər. Əslində Quranda baş örtüyü ilə bağlı heç bir hökm olmamasına, ancaq çarşab barəsində açıq hökm olduğu halda, Quranda olmayan hökmü müdafiə etməyə üstünlük verirlər. Baş örtüyü məsələsi bu qədər gündəmə gəldiyi halda, dünya miqyasında çarşab mövzusunun heç dilə gətirilməməsi həqiqətən çox qəribədir.

