Dünya mətbuatı İslam ölkələrində müsəlmanların asılaraq və daşqalaq edilərək edam edilməsi xəbərlərinə artıq öyrəşib. Çünki əsl İslam dininə və Quran əxlaqına zidd olan bu aksiyalardan islamofobiyanı təbliğ etmək və dünyaya yaymaq üçün istifadə edən böyük bir kütlə mövcuddur. Bu kütlə xurafatçılığı və bu İslama zidd cərəyandan törəyən sevgisizliyi, keyfiyyətsizliyi, zorakılığı, təzyiqi mərhəmətsizliyi İslam dini adı altında təbliğ edir.
Xurafatçı əqidə tamamilə əsassız, Qurana uyğun olmayan xurafələri İslam dininə əlavə edərək dini qəlizləşdirdi. Qurandan, əsl İslamdan bixəbər kütlə isə kor-koranə bu xurafatlara inandı. Xurafatçı fikirlər və xurafələr elə sürətlə yayıldı ki, İslam dini bəzi insanlar tərəfindən tamam başqa cür qəbul edildi. Belə ki, İslam dininin hətta gülməyi belə qadağan etdiyinə, söz azadlığının, sülhün, qardaşlığın, sevginin, tolerantlığın, bağışlamanın İslam əxlaqına uyğun olmadığına inanadılar. Bu insanlara dünya nemətlərindən üz çevirməyin İslamın bir əmri olduğu təbliğ edildi.
Allah dostları Allahın yaratdığı nemətlərə layiq olmadıqlarını düşündülər. Nemətlərdən üz çevirməklə gözəllik, estetika, incəsənət, təmizlik, keyfiyyət və müasirlikdən də uzaqlaşdılar. Nəticədə keyfiyyətsiz, baxımsız, mədəniyyətdən, gözəllikdən və estetikadan kasad müsəlman modeli yarandı. Böyük sürətlə yayılan bu səhv model tezliklə İslamın dünyadakı “güzgüsünə” çevrildi. Onsuz da, tamamilə yanlış təbliğ edilən İslam dininə sevgisizliyi, intiqam eşqini, qan tökməyi, despotizmi, ən əhəmiyyətlisi qadınlarla yarım insan kimi davranmağı və onları əzməyi əlavə etdilər.
Beləliklə, Quranın əmrlərini yerinə yetirdiklərini iddia edərək Qurana tamamilə zidd bir əqidəni İslam dini adı altında dünyaya təqdim etdilər. Bununla da kifayətlənməyib, Qurana uyğun olmayan, saxta, Peyğəmbərimizin gözəl əxlaqına, sünnətinə zidd hədislər uyduraraq dinə əlavələr etdilər.
Halbuki, İslam sevgi, sülh, gözəllik dinidir, insanlara fikir, düşüncə və vicdan azadlığı bəxş edir və qoruyur. Şiddətə, zorakılığa, kin bəsləməyə, təzyiqə, hətta mənfi düşüncələrə belə qarşıdır. Mərhəmət dini olan İslamda “edam” hökmü yoxdur. Bu, xurafatçıların uydurduğu vəhşilik dininin hökmüdür.
Çünki İslam dinində öldürmək böyük cinayət hesab olunur və bir insanı öldürənin bütün bəşəriyyəti öldürmüş hökmündə olduğu bildirilir. Bəziləri Qurandakı qisas ayələri ilə öldürməyi dəstəkləyirlər. Halbuki, qisasda da Allahın bəyəndiyi əxlaq yenə bağışlayıcı üslubdur:
Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir. (Şura surəsi, 40)
Bir insan Allahın haram buyurduğunu etsə belə cəzası ölüm deyildir, onu əfv etmək, sonra İslamın gözəl əxlaqını ona öyrətmək lazımdır. Edam cəzası günahkarın peşman olmasını, davranışlarını düzəltməsini, keçmişdən dərs almasını təmin edən bir cəza deyil. Bir insanın canının alınması onun keçmiş səhvlərindən dərs almasına, peşman olub düzəltməsinə imkan vermir. Əgər məqsəd cəmiyyətin təhlükəsizliyinin təmin olunmasıdırsa, onda bu şəxslər ömürlük həbs cəzasına və ya hər hansı bir işdən məhrum edilmə cəzasına məhkum edilə bilərlər.
Keçmişdə din və əxlaqi dəyərlərdən məhrum olan barbar cəmiyyətləri yeganə çıxış yolu kimi edam cəzasından istifadə edirdilər və bu, cəmiyyətlərə heç bir xoşbəxtlik gətirmirdi. Əksinə, bütün problemləri öldürməklə həll etməyə çalışan vəhşi birliklər yaranırdı.
Edam, cəza hüququ və ya cəmiyyət nizamı kimi sözlərlə yumşaldılmayacaq qədər böyük vəhşilikdir. Xüsusilə müsəlman ölkələri bundan çəkinməlidirlər. Çünki İslam dini öldürməyi böyük cinayət hesab edən bir dindir. Bəzi insanlar Qurandakı qisas ayələrini bildirərək buna qarşı çıxırlar. Halbuki, qisasda da, Allahın bəyəndiyi və istədiyi əxlaq bağışlayıcı olmaqdır:
Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından (qisas alın!) Əgər (qatil) qardaşı (ölənin varisləri) tərəfindən şeylə əfv edilsə, onda insafla davranmalı və (qanbahası) ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün üzücü bir əzab vardır. (Bəqərə surəsi, 178)
Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir. (Şura surəsi, 40)
Quranda bəzi ayələrdə iki məna göstərilir, ayənin əvvəli mütəşabeh (məcazi), ikinci hissəsi isə qəti hökm olur.
Sənə Kitabı (Quranı) nazil edən Odur. Onun bir hissəsi möhkəm (qəti) ayələrdir. Onlar Kitabın əsasıdır. Digər qismi isə mütəşabeh (məcazi) ayələrdir. Ancaq qəlbində əyrilik olan kimsələr, fitnə salmaq və onu yozmaq üçün ondakı mütəşabeh ayələrin arxasınca gedərlər. Halbuki, onun yozumunu, Allahdan başqa heç kəs bilə bilməz. Elmdə yüksək dərəcəyə çatmış olanlar isə: “Onlara iman etdik. Hamısı Rəbbimizdəndir”, – deyərlər. Təmiz ağıl sahiblərindən başqası (bunu) dərk etməz. (Ali İmran surəsi, 7)
Allah deyir ki, ürəyində xəstəlik olanlar daima mütəşabeh olana uyarlar. Buradan çıxan nəticə isə, möminlər mütəşabeh olana yox, qəti hökmə uymalıdırlar. Yəni ikili hökm olan ayələrdə hər zaman ayənin sonundakı əmrə əməl etməlidirlər.
Quran ayələrindən də göründüyü kimi, bağışlamaq və islah etmək lazımdır. Edam cəzası həm bağışlamaq kimi bir ibadəti, həm də bir insanın islah edilməsi, eyni zamanda, cəmiyyətdə dirçəlişin qurulub təmin edilməsi ehtimallarını ortadan qaldırır. Aşağıdakı ayə müsəlman ölkələrdə günahkarla necə davranılacağına nümunədir:
Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)
Deməli, əvvəl bağışlamaq, sonra isə həmin şəxsə İslamın gözəl əxlaqını öyrətmək lazımdır. Sırf intiqam almaq, üstünlük qazanmaq və ya ömür boyu həbsə məhkum etmək, edam kimi vəhşilik sistemini qurmaq və bunu tətbiq etmək Qurana görə böyük günahdır.
Buna görə də, bütün ölkələrdə təcili olaraq edam cəzası aradan qaldırılmalıdır. Bütün edam cəzaları təcili olaraq həbs cəzasına çevrilməlidir. İslama və ictimai nizam-intizama da uyğun olan budur.

