Edam cəzası insan hüquqlarına ziddir

Edam cəzası günahkarın peşman olmasını, davranışlarını düzəltməsini, keçmişdən dərs almasını

Edam cəzası günahkarın peşman olmasını, davranışlarını düzəltməsini, keçmişdən dərs almasını təmin edən bir cəza deyil. Bir insanın canının alınması onun keçmiş səhvlərindən dərs almasına, peşman olub düzəltməsinə imkan vermir. Əgər məqsəd cəmiyyətin təhlükəsizliyinin təmin olunmasıdırsa, onda bu şəxslər ömürlük həbs cəzasına və ya hər hansı bir işdən məhrum edilmə cəzasına məhkum edilə bilərlər.

Keçmişdə din və əxlaqi dəyərlərdən məhrum olan barbar cəmiyyətləri yeganə çıxış yolu kimi edam cəzasından istifadə edirdilər və bu, cəmiyyətlərə heç bir xoşbəxtlik gətirmirdi. Əksinə, bütün problemləri öldürməklə həll etməyə çalışan vəhşi birliklər yaranırdı.

Edam, cəza hüququ və ya cəmiyyət nizamı kimi sözlərlə yumşaldılmayacaq qədər böyük vəhşilikdir. Xüsusilə müsəlman ölkələri bundan çəkinməlidirlər. Çünki İslam dini öldürməyi böyük cinayət hesab edən bir dindir. Bəzi insanlar Qurandakı qisas ayələrini bildirərək buna qarşı çıxırlar. Halbuki, qisasda da, Allahın bəyəndiyi və istədiyi əxlaq bağışlayıcı olmaqdır:

Ey iman gətirənlər! Öldürülənlərə görə qisas almaq sizə vacib edildi. Azad kəsə görə azad olandan, köləyə görə kölədən, qadına görə qadından (qisas alın!) Əgər (qatil) qardaşı (ölənin varisləri) tərəfindən (qanbahası müqabilində) bir şeylə əfv edilsə, onda insafla davranmalı və (qanbahası) ona müvafiq qaydada ödənilməlidir. Bu, Rəbbiniz tərəfindən bir yüngülləşdirmə və mərhəmətdir. Bundan sonra kim həddi aşsa, onun üçün üzücü bir əzab vardır. (Bəqərə surəsi, 178)

Pisliyin cəzası özü kimi pislikdir. Amma kim bağışlasa və barışsa, onun mükafatı Allaha aid olar. Həqiqətən, O, zalımları sevmir. (Şura surəsi, 40)

Quran ayələrindən də göründüyü kimi, bağışlamaq və islah etmək lazımdır. Edam cəzası həm bağışlamaq kimi bir ibadəti, həm də bir insanın islah edilməsi, eyni zamanda, cəmiyyətdə dirçəlişin qurulub təmin edilməsi ehtimallarını ortadan qaldırır. Aşağıdakı ayə müsəlman ölkələrdə günahkarla necə davranılacağına nümunədir:

Sən bağışlama (yolunu) tut, yaxşı iş görməyi əmr et və cahillərdən üz döndər. (Əraf surəsi, 199)

Deməli, əvvəl bağışlamaq, sonra isə həmin şəxsə İslamın gözəl əxlaqını öyrətmək lazımdır. Sırf intiqam almaq, üstünlük qazanmaq və ya ömür boyu həbsə məhkum etmək, edam kimi vəhşilik sistemini qurmaq və bunu tətbiq etmək Qurana görə böyük günahdır.

Buna görə də, bütün ölkələrdə təcili olaraq edam cəzası aradan qaldırılmalıdır. Bütün edam cəzaları təcili olaraq həbs cəzasına çevrilməlidir. İslama və ictimai nizam-intizama da uyğun olan budur.