Allah Quranda insana düşünməyi tövsiyə edir. Bir çox ayəsində nümunələr verərək “düşünmürsünüzmü?” deyə soruşar.
Əslində insan gün ərzində, öyüd alıb düşünə biləcəyi, Allahın sənətini görə biləcəyi, Onun yaratmasının dəlillərini qavraya biləcəyi və Onun ucalığını, böyüklüyünü anlayaraq, Allahın şanını ucalda biləcəyi çox fürsətlə qarşılaşır. Düşünməyən insan qarşısına çıxan bu fürsətləri gündəlik həyatın axışı içində yaranan hadisələr olaraq qiymətləndirər və bunların əhəmiyyətini qavraya bilməz.
Məsələn, qəza, ya da xəstəliklə qarşılaşdığında, ümumiyyətlə bunun ona Allaha yönəlməsi üçün verilmiş xüsusi vəziyyət ola biləcəyini düşünməz. Halbuki, Allah ayələrində insanlara düşünmələri üçün xüsusi olaraq verilən sıxıntılardan bəhs edər:
Onlar ildə bir və ya iki dəfə fəlakətə uğradıqlarını görmürlərmi? Yenə də tövbə etmir, ibrət almırlar. (Tövbə surəsi, 126)
Özünə edilən bu istiqamətdəki xatırlatmaları görməzlikdən gəlmək isə sadəcə insanın özünə zərər verər. Üstəlik bu, insanın düşünmədiyinə görə məruz qaldığı saysız itkidən yalnız biridir.
Düşünməyən insan ətrafındakı gözəlliklərin də fərqinə vara bilməz. Allahın yaratdığı incəliklərdən zövq ala bilməz. Hər şeyin Yaradıcısı olan Allahın varlığının dəlillərini, Onun ehtişamını qavraya bilməz. Məhz bu da insan üçün çox böyük nemət itkisidir. Çünki dünyadakı bütün gözəllikləri yaradanın Allah olduğunu fərq edə bilməyən insanın axirətə imanı da olmaz, ya da çox zəif olar. Dünyadakı hər şeyin ölümlə son tapacağını zənn etdiyi üçün, bu müvəqqəti şeylərdən gerçək mənada zövq alması da mümkün deyil. Əksinə gördüyü gözəlliklərə yalnız əvvəl-axır bir gün itirəcəyi şeylər olaraq baxar. Bu da bu nemətlərdən zövq almaq yerinə, onlara baxıb çətinlik duymasına səbəb olar.

