Düşünməkdən qaçan insanlar hansı itkilərə məruz qalarlar?

Allah Quranda insana düşünməyi tövsiyə edər. Bir çox ayələrində nümunələr verərək: “Bəs siz düşünüb öyüd almırsınızmı?” – deyə soruşar.

Əslində, insan gün ərzində öyüd alıb düşünə biləcəyi, Allahın sənətini görə biləcəyi, Onun yaratmasının dəlillərini dərk edə biləcəyi və Onun ucalığını, böyüklüyünü anlayaraq Allahın şanını ucalda biləcəyi bir çox fürsətlə qarşılaşar. Düşünməyən insan isə qarşısına çıxan bu fürsətləri gündəlik həyatın adi hadisələri kimi qiymətləndirər və onların əhəmiyyətini qavraya bilməz.

Məsələn, bir qəza və ya xəstəliklə qarşılaşdıqda, ümumiyyətlə, bunun Allaha yönəlməsi üçün özünə verilmiş xüsusi bir xəbərdarlıq ola biləcəyini düşünməz. Halbuki Allah ayələrində insanlara düşünmələri üçün xüsusi olaraq verilən sıxıntılardan bəhs edər:

Onlar hər il bir və ya iki dəfə (qıtlıq, xəstəlik kimi müsibətlərlə) sınandıqlarını görmürlərmi? Sonra da nə tövbə edir, nə də ibrət alırlar. (Tövbə surəsi, 126)

Bu cür xatırlatmaları görməzlikdən gəlmək isə yalnız insanın özünə zərər verər. Üstəlik, bu, insanın düşünmədiyi üçün məruz qaldığı saysız- hesabsız itkilərdən yalnız biridir.

Düşünməyən insan ətrafındakı gözəlliklərin də fərqinə vara bilməz. Allahın yaratdığı incəliklərdən zövq ala bilməz. Hər şeyin Yaradıcısı olan Allahın varlığının dəlillərini və Onun ucalığını dərk edə bilməz. Bu isə insan üçün çox böyük bir nemət itkisi deməkdir. Çünki dünyadakı bütün gözəllikləri yaradanın Allah olduğunu dərk etməyən bir insanın axirətə imanı ya olmaz, ya da çox zəif olar. Dünyadakı hər şeyin ölümlə sona çatacağını zənn etdiyi üçün bu keçici nemətlərdən həqiqi mənada zövq alması da mümkün olmaz. Əksinə, gördüyü gözəlliklərə yalnız gec-tez itirəcəyi şeylər kimi baxar. Bu da həmin nemətlərdən zövq almaq əvəzinə, onlara baxdıqca kədər və sıxıntı hiss etməsinə səbəb olar.