Edilən bütün ibadətlərin könüldən, sadəcə Allahın rizasını düşünərək edilməsi Quranda bildirilir. Ayələrdə belə buyurur:
…Kim yaxşı bir iş görməkdə könüllü olarsa, bu onun üçün daha xeyirlidir. Ancaq oruc tutmağınız daha xeyirlidir. Kaş bunu biləydiniz! (Bəqərə surəsi, 184)
Həqiqətən, İbrahim Allaha itaət edən və haqqa yönələn bir öndər idi. O, müşriklərdən də deyildi. (Nəhl surəsi, 120)
Allah Quranda özünü göstərmək üçün infaq edən və ya namaz qılan insanların olduğunu xəbər verir. Ancaq ayələrdə xəbər verildiyi kimi, namaz qılan, oruc tutan, zəkat verən, itaət edən bir insanın əsas niyyəti, qəlbindən keçirdikləri əhəmiyyətlidir. Bu insanlar namaz qılarkən Allahı düşünmür, Onun qarşısında nə qədər aciz və itaətkar olduğunu düşünmədən sadəcə sözlü dua və zikr edə bilərlər. Və ya bir insan daima xeyir işlər edir, kasıblara kömək edə bilər. Ancaq bu insan əgər bu etdiklərini, Allahın ondan razı olmasını diləyərək, Allaha qarşı aciz və möhtac olduğunu düşünərək, axirətdən qorxaraq etmirsə, etdikləri Allah qatında qəbul edilməyə bilər.
Allah insanların kəsdikləri qurbanların qanlarının deyil, insanların təqvasının Ona çatacağını bir ayədə belə bildirir:
Onların nə ətləri, nə də qanları Allaha çatar. Lakin Ona çatan sizin təqvanızdır. Beləcə, onları sizin xidmətinizə verdik ki, sizi doğru yola yönəltdiyi üçün Allahı uca tutasınız. Yaxşı əməl sahiblərinə müjdə ver! (Həcc surəsi, 37)
Bir çox insanın ən əhəmiyyətli yanılmasından biri, sadəcə əməllərindən hesaba çəkiləcəyini zənn etmələridir. Halbuki Allah insanların niyyətindən, düşüncələrindən, qəlbində gizlətdiklərindən də hesaba çəkiləcəyini bildirir.
Göylərdə və yerdə nə varsa, hamısı Allaha məxsusdur. Qəlbinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də, Allah ona görə sizi hesaba çəkər. O, dilədiyi kimsəni bağışlayar, dilədiyi kimsəyə də əzab verər. Allah hər şeyə qadirdir. (Bəqərə surəsi, 284)
Allah hər insanın qəlbini, düşüncəsini, şüuraltını və digər insanlardan gizlətdiklərini ən yaxşı biləndir. Allah, insan ilə qəlbi arasındadır. Buna görə də, insan Allahdan heç bir şeyi gizli saxlaya bilməz. Ağlından keçən bir şübhə, vəsvəsə, möminlər haqqındakı həqiqi düşüncələri, Quran haqqındakı inancı, ibadətləri edərkən ağlından keçənləri Allah tək-tək hamısını bilməkdədir.
Məsələn bir ibadəti əgər könülsüz şəkildə edirsə, içindən mənfi düşüncələr keçirsə Allah bunu bilir. İnsanın xilas olma yollarından biri, qəlbinin təmiz olması, din əxlaqını səthi deyil, qəlbində, düşüncələrində səmimi olaraq yaşamasıdır. Qısa və keçici bir həyat üçün, axirətdəki sonsuz və həqiqi həyatı görməzlikdən gəlmək böyük ağılsızlıq olar. Allahın dünya həyatının keçiciliyi haqqında insanları xəbərdar etdiyi ayələrdən bəziləri belədir:
“Ey qövmüm! Bu dünya həyatı yalnız müvəqqəti bir dolanacaqdan ibarətdir. Axirət isə əbədiyyət yurdudur.” (Mömin surəsi, 39)
Həqiqətən, bunlar tez keçib gedəni (dünyanı) sevirlər, ağır bir günü (axirəti) isə ehmal edirlər. (İnsan surəsi, 27)

